Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

Mövsüm Səmədov aclığı dayandırıb


Mövsüm Səmədov
Mövsüm Səmədov

Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədovun aclıq aksiyasını dayandırdığı bildirilir. Bu haqda onun vəkili Yalçın İmanov məlumat verib.

Vəkil sentyabrın 15-də Səmədovun saxlandığı Qobustan həbsxanasında onunla görüşüb.

Vəkilin deməsinə görə, M.Səmədov aclığı sentyabrın 15-i səhər saat 9 radələrində dayandırıb. Həmin gün həmçinin, Səmədovun cərimə təcridxanasında (karser) saxlanma müddəti başa çatdığından o, kameraya qaytarılıb.

M.Səmədovun avqust ayının 29-dan aclıq aksiyası keçirdiyi bildirilirdi. Onun sentyabrın 26-da keçiriləcək referenduma etiraz olaraq aclığa başladığı qeyd edilirdi.

Aclığa başladığına görə, avqustun 31-də 15 gün müddətinə karserə salındığı bildirilirdi.

Vəkil deyir ki, Səmədovun səhhətindəki ümumi halsızlıq hələ də davam edir: «Təzyiqi düşür, səhhətində problemlər var. Karserə salınandan 8-9 gün sonra Qırmızı Xaçın nümayəndələri Mövsüm Səmədova baş çəksələr də, hazırda heç bir həkim nəzarəti yoxdur».

M.Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdində və başqa ağır cinayətlərdə ittiham olunaraq, 12 il azadlıqdan məhrum edilib.

O, 2014-cü ilin sonlarında saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində qaydaları pozmaqda ittiham olunub və məhkəmənin qərarı ilə 2 illiyə Qobustandakı qapalı tipli həbsxanaya göndərilib.

Sentyabrın 26-da Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Dəyişikliklər arasında ən çox müzakirə edilən maddələr prezident seçilməkdən ötrü yaş məhdudiyyətinin götürülməsi, dövlət başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, eləcə də ona növbədənkənar prezident seçkisi elan etmək və parlamenti buraxmaq səlahiyyəti verilməsidir.

XS
SM
MD
LG