Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:40

Türkiyədən Avropaya qaçqın axını yenidən başlayıb


Qaçqınlar Yunanıstan-Makedoniya sərhədində
Qaçqınlar Yunanıstan-Makedoniya sərhədində

Türkiyədən Yunanıstana keçən suriyalıların və digər qaçqınların sayı yenə sürətlə artmaqdadır. Bir neçə ay öncə Avropaya qaçqın axınını önləməyi hədəfləyən razılaşmanın iflasa uğramaq üzrə olduğu görünür. Bunu «The New York Times» qəzetində Ceylan Yeginsu yazır.

Bu yaxınlaradək Türkiyə və Avropa Birliyinin imzaladığı bu saziş miqrant böhranını səngitmiş kimi görünürdü. Avropaya axın azalmışdı, Avropanın sağ mərkəzçi siyasətçilərinin miqrasiyayla bağlı Avropa liderlərinə təzyiqi də azalmış kimiydi.

«Amma indi durum dəyişib. Ötən həftə Yunanıstana minlərlə miqrant gedib, onlara suriyalı, əfqan, pakistanlı və iraqlılar daxildir. Bu, bir həftə öncəkindən təxminən iki dəfə çoxdur. Bu barədə BMT-in Qaçqınlar üzrə Ali Komissarlığı bilgi yayıb. Düzdür, ötən il böhranın pik vaxtında Yunanıstana gündə 1700 qaçqın gedirdi, amma razılaşma əldə olunandan artıq günə 50 nəfərə düşmüşdü», - müəllif yazır.

ADAMBAŞINA YOL XƏRCİ AZALIB

Amma məqalədə qeyd olunur ki, miqrant sayının niyə artdığı bəlli deyil. Onlardan çoxu bir müddətdir Türkiyədə yaşayırlar və çətin də olsa, artıq oturuşmuş kimiydilər. Bəlkə də eşitmişdilər ki, Avropa həmin razılaşma çərçivəsində milyardlarla dollar yardım ayıracaq. Amma indi o yardıma da təhlükə yaranıb.

«Bəziləri, ola bilsin, bir neçə aydan sonra Avropaya getmək arzusunu gerçəkləşdirməyə çalışır, axı Yunanıstan da daha əvvəlki kimi çoxunu Türkiyəyə qaytarmır. Amma digərləri bunu sırf iqtisadi səbəblərdən də edə bilər. Nə vaxtsa Avropaya getmək adama 1500 dollara başa gəlirdisə, bu yaxınlarda bu qiymət adambaşına 500 dollaradək düşüb. Bu, havaların soyumasıyla bağlı ola bilər. Amma aydın görünən odur ki, Türkiyədə uğursuz çevriliş cəhdindən sonra Avropayla yaranmış gərginlik miqrant sazişini təhlükə altında qoyur və Avropa yeni bir böhranla üzləşə bilər», - müəllif yazır.

44 yaşlı suriyalı Mohammad Ibrahim deyir ki, bu razılaşma kağız üzərindədir və əslində, daha miqrantları Türkiyəyə qaytarmırlar. «İndi getmək vaxtıdır», - o söyləyir.

Qaçqın uşaqlar yuxuda nə görür?- [Video]

Qaçqın uşaqlar yuxuda nə görür?- [Video]
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

VİZASIZ SƏYAHƏT OLACAQMI?

Razılaşmaya görə, Avropa Birliyi Türkiyədə yaşayan 3 milyondan çox suriyalının həyatını yaxşılaşdırmağa 6 milyard dollardan artıq yardım boyun olub. Həmçinin Türkiyənin bloka qoşulmasıyla bağlı danışıqları yenidən başlatmağa razılaşıb.

Türkiyə liderləri düşünürlər ki, Avropa çətin vaxtlarda Türkiyənin yanında olmalıydı, onu tənqidə tutmamalıydı. Axı hökumət minlərlə dövlət qulluqçusunu Fethullah Gülen ardıcılları sayıb işdən çıxarır, bəzilərini həbs edir. Amma elə çevriliş cəhdindən öncə də Avropa Türkiyəni ifadə azadlığını məhdudlaşdırması, prezident Recep Tayyip Erdoğan-ın avtoritarizmi gücləndirməsinə görə tənqid edirdi.

Müəllif yada salır ki, bu razılaşmanı təhlükə altına salan bir məsələ Türkiyədən ötrü çox vacibdir: türklərin Avropaya vizasız səyahət məsələsi. Ölkə rəhbərliyi hədələyib ki, oktyabradək bu məsələ təsdiqlənməsə, saziş da dayandırılacaq. Amma əvəzində Türkiyə antiterror qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır, amma buna elə də meylli görünmür.

«HƏR YERDƏ QAÇQINLARDIR»

Cənab Erdoğan AB razılaşmaya əməl etməsə, yeni qaçqın dalğasını buraxacağıyla hədələyib. Prezident AB-nin pul yardımı vədinə də yaxşı əməl etmədiyini bildirir. Amma təhlilçilərin fikrincə, səbəb maliyyə ayrılası proqramların müəyyənləşdirilməsinə gərəkən zamandır. Brüssel bu yaxınlarda elan edib ki, Türkiyədə qaçqın düşərgələrindən kənarda yaşayan milyonlarla suriyalıya 400 milyon dollaradək vəsait ayıracaq.

Müəllif qeyd edir ki, Türkiyəyə az sayda miqrant qaytarıldığından, getdikcə Yunanıstan düşərgələrində qalanların sayı artır.

Ötən həftə Yunanıstana gəlmiş 28 yaşlı suriyalı Mohammed Ayman deyir ki, burada məktəblərdə və boş otellərdə yaşayan qaçqın ailələrinin sayından şoka düşüb: «Hər yerdə qaçqınlardır».

Hələbdən olan dülgər, bu il orada yaralanmış Ibrahim isə bazar ertəsi gecə ailəsiylə birlikdə Yunanıstana yola düşmək istəyib, hava pis olduğundan qalıb. Amma cümə axşamı bir də cəhd edəcək, çatan kimi də polisə və sərhədçilərə rüşvət verib Almaniyaya keçməyə çalışacaq: «40 nəfərlə birlikdə yola düşəcəyik. Allah qoysa, sağ-salamat çatarıq».

XS
SM
MD
LG