Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Ölkədə təhsilin inkişafı, məhkəmə sistemində ədalətin bərqərar olmaması, problemli kreditlər və bahalaşma bu gün medianın aparıcı mövzusudur.

TƏHSİLİN HİMAYƏÇİSİ-H.ƏLIYEV FONDU

«Azərbaycan» qəzetində «Heydər Əliyev Fondu təhsillə bağlı layihələri uğurla həyata keçirir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənətin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində Heydər Əliyev Fondunun xüsusi rolundan bəhs edilir: «Fond Azərbaycanın sosial-iqtisadi inkişafının ən mühüm sahələrindən biri kimi müəyyən edilmiş təhsilin inkişafına daim qayğı ilə yanaşaraq bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirir».

Müəllif yazır ki, Fond «Yeniləşən Azərbaycana yeni məktəb», «İnternat məktəblərinin inkişaf proqramı», «Dağlıq Qarabağ həqiqətlərinin bütün dünyaya çatdırılması», «Təhsilə dəstək» kimi xüsusi əhəmiyyət daşıyan bir sıra layihələri uğurla gerçəkləşdirir.

Yazıda bu layihələr Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın nəcib təşəbbüsü və xeyirxahlığı kimi dəyərləndirir. Müəllifə görə, Fond müasirtipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılması və digər sahələrdə uğurlar qazanıb: «İlk addımlar 2005-ci ildə atılıb. Layihə çərçivəsində 100, 200 və 240 şagird yerlik 132 məktəb tikilərək istifadəyə verilib. Yeni tikilən və infrastrukturu yerli tələbata, imkana uyğunlaşdırılan bu məktəblər istilik sistemi, zəngin kitabxana, əyani vəsait, kompüter avadanlığı ilə təchiz olunub».

Fariz Namazlı

Fariz Namazlı

ƏDALƏTİ SEVMƏYƏNLƏR

Azadliq.info saytında dərc edilən «Hakim andı və tapdalanmış ədalət» sərlövhəli məqalədə vəkil Fariz Namazlının məhkəmə sisteminə dair düşüncələrinə yer verilib.

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsini tənqid edir. Müəllifin yazmasına görə, çox insanlar işlərinə orada baxılmasını istəmirlər: «Bu da təsadüfi deyil. Ağır Cinayətlər Məhkəməsi elə məhkəmələrdəndir ki, burada hakimlər andlarını yaddan çıxarır. Axı onlar hakim vəzifəsinə başlamazdan əvvəl and içmişdilər».

Vəkilə görə, dövlət ittihamçısı hansı cəzanı istəyirsə, hakim ondan 6 ay – 1 il, bir az insaflı hakim olarsa, 2 il aşağı cəza təyin edir.

Yazıda vurğulanır ki, hakimlərdən ötrü vəkilin, təqsirləndirilən şəxsin nə deməsi önəmli deyil, əsas dövlət ittihamçısının nə qədər cəza istəməsidir. Hətta təqsirləndirilən şəxsin təqsirini təsdiq edəcək sübutlar olmasa belə, buna məhəl qoymurlar: «Ölkədə məhkəmə sisteminin təkmilləşdirilməsi yalnız məhkəmə binalarının tikilməsi, avadanlıqların alınmasından ibarətdir. Hakimlər nə qədər seminarlara, xarici ölkələrə təlimlərə getsə də, aldıqları bilikləri elə seminar bitincə yaddan çıxarırlar, bəlkə də seminarda hər hansı bilik əldə etmirlər».

Manat

Manat

MANAT- BİR ADDIM İRƏLİ, 2 ADDIM GERİ...

«Novoye Vremya» qəzetində «Hər şeyi niyə mürəkkəbləşdirək?» sərlövhəli məqalədə ölkədə problemli kreditlərin durumu müzakirə edilir.

Müəllif bildirir ki, Azərbaycanda banklararası verilən kreditlərin faizləri artıb. Yazıda Maliyyə Bazarlarına Nəzarət Palatasının bunu sükutla qarşıladığı qeyd edilir: «Belə ki, bu yaxşı olmayan meyl ödənilməmiş kreditləri daha böyük dalana aparır. Bu da təəccüblü deyil. Əgər banklararası kreditlər bahalaşırsa, deməli, adi kredit götürənlər üçün də faizlər bahalaşacaq. Bu isə ödənişlə bağlı əlavə problemlər yaradacaq».

Yazıda qeyd edilir ki, manatın dəyərdən düşməsi təhlükəsi, hələ, aradan qalxmayıb. Hərçənd son günlər manat dollara nisbətən cüzi dəyər qazanıb. Müəllif bu prosesi süni amillərə bağlayır.

Bununla belə, yazıda Mərkəzi Bankın manatın kursuna müdaxiləsi haqlı sayılır. Müəllif qeyd edir ki, bu müdaxilə olmasa, manat dollara münasibətdə kəskin dəyər itirər. Yazıda vurğulanır ki, ölkə büdcəsi yenə də neftin çiynindədir. Ona görə də, manatın güclənəcəyinə ümid etmək əbəsdir.

Supermarket

Supermarket

BAHALAŞMAYA SƏBƏB –İNHİSAR

«Bizim Yol» qəzetində dərc edilən «Azərbaycanda ərzaq ikiqat baha satılır» sərlövhəli yazıda isə müəllif ölkədə bahalaşmanın səbəblərini araşdırmağa çalışıb.

Müəllifin düşüncəsinə görə, ölkədə bahalaşmanın əsas səbəbi dolların bahalaşması yox, inhisarçı şirkətlərin fəaliyyətidir. Yazıda vurğulanır ki, dollar qalxdıqca qiymətlər qalxır. Amma dollar endikdə qiymətlər enmir: «Bir müddət əvvəl də dolların rəsmi məzənnəsi 1.65 manata qədər bahalaşdı, qiymətlər ona mütənasib, hətta bundan da çox qalxdı. Sonradan ABŞ valyutası 1.49 manata qədər endi, amma qiymətlər olduqları yerdə qaldı».

Müəllifə görə, bu da onu sübut edir ki, qiymət artımının xarici valyuta ilə ciddi əlaqəsi yoxdur. Bu, ölkədə inhisar və azad rəqabətin olmaması ilə bağlıdır.

Yazıda bildirilir ki, idxal edilən mallarla yanaşı, ölkədə istehsal edilən məhsullar da bahalaşır. Müəllif yazır ki, qiymətlər birdən-birə bahalaşmır. Hər həftə mal və məhsulların qiyməti 3-5 qəpik bahalaşır. Ayın axırında isə ciddi qiymət arımı ilə üz-üzə qalırsan.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG