Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:31

«Dünyanı vəhhabilikdən xilas edək». «The New York Times» qəzeti İranın xarici işlər naziri Mohammad Javad Zarif-in belə bir başlıqlı məqaləsini dərc edib. Nazir Suriyadakı «Əl- Nusra» Cəbhəsinin adını dəyişəndən sonra daha «Əl-Qaidə»yə bağlı olmaması, «mötədil» xətt tutmasını iddia edən məlumatlara toxunur, həmin informasiyanı PR şirkətlərinin yaydığını vurğulayır. Zarif-in fikrincə, həmin şirkətlərin varlı müştəriləri daha çox səudiyyəlilərdir və «Əl-Nusra»nı da elə onlar maliyyələşdirirlər.

GİZLİ MALİYYƏNİ AŞKAR ELAN ETMƏK

«2001-ci il 11 sentyabr terrorundan bəri silahlı vəhhabilik bir sıra kosmetik dəyişikliklər edib, amma ideologiya dəyişməyib, «Taliban», «Əl- Qaidə»nin müxtəlif formaları, «İslam Dövləti» qruplaşması adlanmasından asılı olmayaraq. «Əl-Nusra» Cəbhəsinin tiranlığıyla üzləşmiş milyonlarla insan bu addəyişməyə aldanan deyil. Öncəki üzağartma cəhdlərinin əsl niyyəti başqaydı: Suriyadakı ekstremist qruplara gizli şəkildə axan neft dollarlarını açıq elan etmək, hətta Qərb hökumətlərini belə bu «mötədillər»i dəstəkləməyə şirnikləndirmək. «Əl-Nusra» hələ də Hələbdə üsyançıların alyansına rəhbərlik edir və bu da onunla bağlı son informasiyanın gülünclüyünü ortaya qoyur», - Zarif yazır.

Qeyd edək ki, Rusiya və İran Suriya prezidenti Bashar al-Assad rejimini dəstəkləyirlər. Hələb şəhərinin üsyançıların nəzarətində olan hissəsi isə bir müddətdir hökumət qüvvələrinin mühasirəsindədir.

İranın xarici işlər naziri yazır ki, Səudiyyə Ərəbistanının Qərb havadarlarını özünün uzağı görməyən taktikasını dəstəkləməkdən ötrü dilə tutması saxta arqumentlərə söykənir, guya ərəb dünyasını daha çox xaosa sürükləmək İrana nə cürsə ziyan vura bilər: «Guya regional sabitsizlik İranı əngəlləməyə kömək edəcək, sünni və şiə müsəlmanların rəqabəti münaqişələri alovlandırır. Amma reallıq odur ki, regionda ən çox qan vəhhabilərin ərəb qardaşlarını, sünniləri öldürməsi nəticəsində axıdılır... Regionda ən böyük təhlükəni sünni və şiələrin iddia olunan tarixi məzhəb savaşı deyil, vəhhabilərlə ənənəvi islamın mübarizəsi yaradır».

Buna da bax-Tacikistanda saqqal problemi...

ÖLÜM KULTU

Mohammad Javad Zarif qeyd edir ki, son 30 il ərzində Ər-Riyad vəhhabiliyin bütün dünyaya məscidlər, mədrəsələrlə yayılmasına on milyardlarla dollar xərcləyib. Kosovoda keçmiş ekstremist «The Times»a deyirdi ki, «burada səudiyyəlilər pulla İslamı tamamilə dəyişdilər».

«Müsəlmanların cüzi hissəsini cəlb etməsinə baxmayaraq, vəhhabiliyin təsiri dağıdıcı olub. İslamın adından sui-istifadə edən hər kəs, «Əl-Qaidə»dən, onun Suriyadakı törəmələrindən tutmuş, Nigeriyada «Boko Haram»adək hamı bu ölüm kultundan ruhlanıb».

Buna da bax-Sələfilər kimdir və adamlar niyə onlara qoşulmaq istəyir?

İranlı nazir vurğulayır ki, indiyədək səudiyyəlilər müttəfiqlərini bu yalana inandırır, Suriya və Yəməndə «İran kartı»ndan istifadə ediblər. Amma bu yanaşma mütləq dəyişəcək, çünki getdikcə hamı dərk edir ki, Ər-Riyadın ekstremizmə sponsorluğu onun sabitlik qüvvəsi olması iddialarına tərs mütənasibdir.

«Dünya sakitcə əyləşib vəhhabilərin xristianları, yəhudiləri, şiə və sünniləri hədəfə almasını izləməməlidir. Yaxın Şərqin böyük bir hissəsi çaxnaşma içindədir. Az sayda sabit yerlərin də vəhhabilik və ənənəvi sünni islamın toqquşmasından zərər görəcəyi təhlükəsi qalır».

Buna da bax-Azərbaycanlını İŞİD-ə aparan nədir?

MALİYYƏ MƏNBƏLƏRİ AŞKARLANSIN

Javad Zarif BMT-ni nifrət və ekstremizmin maliyyəsini kəsməkdən, maliyyə mənbələrini aşkarlamaqdan ötrü koordinasiyalı addım atmağa çağırır. Nazir yada salır ki, hələ 2013-cü ildə İran prezidenti Hassan Rouhani «Dünya zorakı ekstremizmə qarşı» (ingiliscə WAVE) adlı bir təşəbbüs yaratmağa çağırıb. BMT həmin çərçivədə dinlər və məzhəblər arasında dialoqu genişləndirməlidir.

«Nitsa, Paris və Brüsseldəki hücumlar Qərbi inandırmalıdır ki, vəhhabiliyin zəhərli təhlükəsi gözardı oluna bilməz. Bir ildir, demək olar, hər həftə faciəvi xəbərlər gəlir. Beynəlxalq ictimaiyyət təkcə qəzəb, kədər və başsağlığı ifadə etməməlidir; ekstremizmə qarşı konkret addım atılmalıdır».

Javad Zarif yazır ki, Səudiyyə Ərəbistanı da bu məsələnin həllində rol oynaya bilər. «Səudiyyə rəhbərliyini suçlama və qorxu ritorikasını bir kənara qoymağa, terrorçuluq və zorakılıq bəlasının məhvindən ötrü digər millətlərlə əl-ələ verməyə çağırırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG