Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 19:53

Romançılar türkiyəli yazarın müdafiəsinə qalxır


Ahmet Altan
Ahmet Altan

«Türkiyədə yazar Ahmet Altan saxlanıb. Hələ neçə jurnalist və yazar həbsxana kameralarında çürüməyə göndəriləcək? Türkiyədən tutmuş, Misirədək kreativ şəxslərin və ziyalıların həbsi görünməmiş həddə çatıb». Böyük Britaniyada çıxan «The Independent» qəzetində Alessio Colonnelli belə yazır.

Müəllif qeyd edir ki, artıq Orhan Pamuk, JM Coetzee, Elena Ferrante və digər tanınmış yazıçılar «The Guardian» qəzetinə məktub yollayaraq, kəskin narazılıqlarını bildiriblər. «Bu məktubun ön tarixçəsi 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdinə bağlıdır. Hökumətin fövqəladə vəziyyət elan etməsi anlaşılandır. Amma bu uğursuz çevriliş cəhdi McCarthy-üslubunda əcinnə ovuna bəhanə olmamalıdır», - birlikdə götürəndə 10 milyonlarla kitabı satılmış romançılar bildirirlər.

SOSİAL MEDİA

Məqalədə deyilir ki, bu yazıçıların vaxtında göstərdiyi reaksiya indiyədək diplomatik və mədəni tədbirlərdə çatışmayan amil olub: «Biz onların yazdıqlarını alırıq, onlar da bizə görə danışırlar. Yazıçıyla oxucu arasında bu cür münasibəti 1970-ci illərin sonlarınadək müşahidə etmişdik. İndi isə bonus olaraq sosial media var. Jean-Paul Sartre və Albert Camus narazılıqlarını esselər, romanlar, qəzetlər, universitet mühazirələri vasitəsilə çatdırırdılar. Bugünkü ziyalıların isə mesajlarını yayacaq oxucuları da var».

Müəllif qeyd edir ki, Qərb liderlərinin Türkiyə və Misir kimi ölkələrdə işləməsi getdikcə çətinləşir. Bu ölkələrdə narazılar həbsə atılır, yaxud işgəncəyə məruz qalır. «Təmsilçilərimiz isə bunu önləməkdən ötrü heç nə etmirlər. Altan-ın həbsi minlərlə haldan yalnız biridir», - yazan müəllif italyan tələbə Giulio Regeni-ni yadasalır. Kembric Universitetinin tələbəsi olan Regeni təzəlikcə müxbirlik də edirdi, Misirin paytaxtı Qahirədə araşdırma aparırmış. Bu ilin yanvarında evinin yaxınlığında küçədən aparılır və bir neçə gündən sonra meyiti tapılır. Ekspertiza onun işgəncəyə məruz qaldığını aşkarlayır. Və bu günədək İtaliya hökumətinin təzyiqlərinə baxmayaraq, onun ölümünün səbəbinə aydınlıq gətirilməyib.

SİYASƏTÇİLƏRİN ETMƏDİYİNİ ZİYALILAR ETSİN

«İtaliya müdaxilə etməliydi: Regeni İtaliya vətəndaşıydı və hər bir hökumət vətəndaşından ötrü bunu etməlidir. O, həm də Böyük Britaniya vətəndaşıydı, amma Britaniya hakimiyyəti ədalət naminə çox az iş gördü. Müdaxilənin anlamı da var: neft və qaz, regionda gedən vətəndaş müharibəsi, Suriya və Liviyada İŞİD silahlı qruplaşmasının genişlənməsi və sairə. Diplomatiya önəmlidir, amma həbslər və işgəncələrlə mübarizədə Avropanın dövlət adamlarının işləməsi gərəkir ki, bunu da görmürük», - yazıda vurğulanır.

«Liderlərimiz bizi bada verirlər, ona görə də beynəlxalq beyinlərin hərəkətə keçməsinə ehtiyac var. Onlar aydın baxışa və on milyonlarla oxucu kütləsinə malikdirlər. Fransız ərəbşünas və romançı Mathias Énard bu yaxınlarda Almaniyanın «Der Spiegel» qəzetinə deyib ki, «Şərqi itirməməliyik». «Şərq Qərbin əkiz tayıdır, amma siyasət bunu görməyimizi istəmir», - Énard belə deyir. Ziyalılarımızın önə keçməsinin vaxtı çatıb və bunu yalnız bizim köməyimizlə edə bilərlər», - müəllif vurğulayır.

XS
SM
MD
LG