Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

«Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha prinsipial olacaq».

Bunu Müsavat başqanının müavini, hazırda Strasburqda səfərdə olan Tofiq Yaqublu özünün Facebook səhifəsində yazıb.

T.Yaqublu bildirib ki, Strasburqda Milli Şuranın sədri Cəmil Həsənli, keçmiş səfir Arif Məmmədov, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid, mühacir fəal Elnur Sadıqov və o, sentyabrın 12-də Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muižnieks-lə görüşüblər.

«Görüş çox səmərəli keçdi və düşünürəm ki, müsbət nəticələri olacaq. Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha prinsipial olacaq. Bu gün (sentyabrın 12-si) həmçinin Venesiya Komissiyasında çox mühüm görüşlər keçirdik. Günün sonunda isə Avropa Şurası Parlament Assambleyası rəhbərliyində görüşümüz oldu. Bütün görüşlərdə ölkə üçün ən aktual məsələlər müzakirə edildi. Görüşlərdə bizi əmin etdilər ki, Avropa Şurası strukturları gələcəkdə Azərbaycan məsələsində daha obyektiv və prinsipial olacaq», – Tofiq Yaqublu qeyd edib.

Sentyabrın 11-də Cəmil Həsənli və Tofiq Yaqublu Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının – AND-ın (Azərbaycan Naminə Demokratiya) təsis iclasında iştirak ediblər.

Həmin təşkilatın hədəfinin Azərbaycanda demokratiyanın bərqərar olması istiqamətində fəaliyyət göstərmək və Avropada yaşayan azərbaycanlıları bu amala səfərbər etmək olduğu bildirilir.

Milli Şura sədri Cəmil Həsənli və Tofiq Yaqublu artıq bir müddətdir ki Avropada səfərdədirlər. C.Həsənlinin elə bu səbəbdən Milli Şuranın sentyabrın 11-də keçirilən aksiyasında iştirak etmədiyi söylənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG