Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Sovetskinin sonuncu evi belə sökülmüşdü


Sovetskidə söküməkdə olan tənha ev.
Sovetskidə söküməkdə olan tənha ev.

-

"Az sonra Sovetski adlanan ərazinin sonuncu evi söküldü. Əqrəbləri pas tutmuş divar saatı buldozerin vurduğu zərbə ilə hələ də istiliyi canında qalmış çayların üstünə düşdü".

Ülviyyə Tahir

SONUNCU EV

Yazıçı Ülviyyə Tahir
Yazıçı Ülviyyə Tahir

Gün yenə yeksənəq başladı. Yerindən qalxıb pəncərədən baxdı. Səmada günəş və buludlar sanki bir-birinə mane olmamaq üçün uzaq durmuşdular. Əlini uzadıb kamodun üstündən telefonu götürdü. Yenə həmin mesajlar:

- Biz səndən bunu gözləməzdik.

- Bu yaşa qədər gəl, indi sənə yaraşdırmadım. Sənə bu yaşda - 20 ildən sonra kişi lazım deyildi.

- Ana, məni axtarma çox əsəbiyəm. Sakitləşməyə ehtiyacım var.

- Bu sənin həyatındı...

Sonuncu mesaj diqqətini cəlb etdi. Açıb sona qədər oxudu.

- Bu sənin həyatındı. Bax, hər gün doğulan günəş, batan ay gedən ömrünün xəbərçisidir. Sonuncu düşən daşların hayındasan, bilirəm. Bilirəm ki, tənhalıq dəhşətli bir haldır. Amma,bil ki, qınamaq ən asanıdır. Mən isə asan heç bir şeyi sevmirəm.

Qardaşı yazmışdı. Kövrəldi. Halbuki,ən pis reaksiyanı ondan gözləyirdi.

Buna da bax: "Evimizi əşyalarla birlikdə uçurdular"

Yerindən qalxıb xalatını geyindi. Addımlayıb qonşu otağa keçdi. Mətbəx kimi istifadə olunan bu otaq sanki uçurumun kənarında idi. Evin qarşısı dağıdılmışdı. Nəhəng buldozer ağzını əjdaha kimi açmışdı. Bu gün saat 9-da gələcəkdilər. O, bunların hamısını bilirdi.

Çayniki balaca səfər üçün istifadə olunan qaz plitəsini yandırıb üstünə qoydu və dağıdılmış divardan tamaşa etməyə başladı.

Buldozerlərin dayandığı istiqamətdəki bütün evlər dağıdılmışdı. Bu küçələrdə nələr yaşamışdı. Burada böyümüşdü. Bu küçədə hər atdığı addımla bir damla böyüyərək məktəbə getmişdi. Elə bu küçənin başında heç kəsin bəyənmədiyi tin uşağına könül verib bu küçədən qaçmışdı. Sonra yenə bu küçəyə qayıtmış və küçənin o başından bu başına gəlin köçmüşdü. Bu küçə onun həyatında heç hara tərk edə bilmədiyi və dəyişə bilmədiyi bir hövzə olmuşdu. Heç vaxt balaca qara balığın cəsarətini özündə tapa bilməmişdi. Sonra uşaqlar doğulduqca bu küçə onlara ikinci ana olmuşdu. Elə bu küçənin qoynundan ərini sərxoş halda hər gecə evə daşımışdı. Onun söyüşlərindən və təhqirlərindən utanaraq günlərlə küçəyə çıxmağa utanmışdı. İndi, yalnız indi bu dağıdılmış divardan qarşısında xarabalıqlara qoyun açmış küçəni müşahidə etdikcə anlayırdı ki, ərinin hər içdiyi araq damlasında onun da payı var. Sevgisi azaldıqca o araq damlalarının sayı artırdı. İndi dərk edirdi ki, bu illərdə yalnız həyat yoldaşı olmaqla kifayətlənibmiş. Buldozer ona illərini udmuş zaman canavarı təsiri bağışladıqca kövrəlirdi.

Ona elə gəlirdi ki, küçənin o başından qızı qaçaraq yenə evə girəcək və çantasını çiynindən yerə atıb mətbəxə- yemək axtarmağa gedəcək. Oğlu ağır təmkinli görünüşü ilə bacısını danlayacaq. O isə bütün bunların fonunda sərxoş ərinə qarğayacaq. Bir anlıq təsəvüründəkilərlə xatirələri qarışdırdığının fərqinə vardı. Çaynik qaynayıb daşdı. Divardan çəkilib çayniki qazın üstündən götürdü. Qazı söndürüb, çayı dəmlədi.

Qəfil xatırladı ki, oğlu həmişə çayın ilkini içməyi sevirdi. Birinci ona süzülərdi. Çayı 3 stəkana süzdü. Birincini xəyalən oğlunun qarşısına qoydu. Gedib içəridən daha iki stul gətirdi. Qızına və özünə də süzdü. Qalxıb şirniyyat doğradı. Dördüncü stulun qarşısı boş idi. Gözləri özündən asılı olmadan arada bir o stula ilişirdi.

Buna da bax: "Suallı Sovetski və… məbədə aparmayan yol"

Qızı məktəbdən, rəfiqələrindən şikayətlənirdi. Oğlu həmişəki kimi susurdu. İllər əvəzlənirdi buğlanan çayın fonunda. O çayını qurtumlayır və oğlu ilə qızı "qarşısında" mübahisə edirdilər.

- Ana, məhəllənin uşaqları futbola gedir, mənə də forma lazımdı.

- Ana, qızlarla gəzməyə gedəcəyik. Fuada de, icazə versin də mənə. Hamı icazı alıb, axı mən necə gedim deyim ki, qardaşım qoymur.

- Ana, qoy sənə kömək edim. Bax, aşağıdakı dükana satıcı lazımdı. Qoy, gedim işləyim- Oğlu ehtiyac içində yaşadığı yetimçiliyinə çarə axtarırdı.

- Ana, atam yenə yola yıxılıb. Xəcalət çəkirəm. -qızı içini çəkərək sulanan gözlərini ondan gizlədir.

- Ana, universitetə qəbul olunmuşam, anaaaa..........- oğlu bütün küçəni başına yığacaq qədər qışıqırır.

- Ana, mən onu sevirəm. Niyə anlamırsan, heç sevməmisən?!- Qızı sevgisinə bəraət qazandırır.

- Anaaaaa,...- qızı gəlinlik paltarında böyüdüyü evdə sonuncu çayını qurtumlayır.

- Anaa, mən gedirəm. Sevda İngiltərəyə gedir. Mən uşaqları tək qoya bilmərəm. - deyə oğlu üzünü az qala əlində tutduğu çamadanın arxasında gizlədir.

Çay qarşısında buza dönmüşdü. Küçədə hərəkətlilik başlayırdı. Bu gün küçədə ən axırıncı evi - onların evini sökəcəkdilər. Başını qaldırıb divardakı əqrəbləri az qala pas tutmuş saata baxdı. Doqquza on dəqiqə qalırdı. Qalxıb içəridən çamadanı gətirdi. Axşamdan topladığı paltarların üstünə yalnız iki şey əlavə etdi: Oğlunun kepkasını və qızının saç bantını. Az sonra qapı döyüldü. İçəri girən 50 yaşlarında kişi:

- Hazırsan?

- Demək olar ki, hə- doluxsunmuş səslə dilləndi.

- Bəlkə bu gün qalsın. Zaqsı deyirəm. Gedək dağlara tərəf dincələrik. Sonra onsuzda həyatın rəsmiyyətinə qayıtmağa məcbur olacayıq əvvəl-axır. Hə, nə deyirsən?- Kişi çamadanı onun əlindən alaraq qoluna girdi.

- Bilmirəm, bilmirəm- deyə qadın cavab verdi. Qapı örtüldü. Az sonra Sovetski adlanan ərazinin sonuncu evi söküldü. Əqrəbləri pas tutmuş divar saatı buldozerin vurduğu zərbə ilə hələ də istiliyi canında qalmış çayların üstünə düşdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG