Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

"Elə insanlar var ki, ət ala bilmir"


Qurban bayramı azərbaycanlılar üçün nədir? Böyük bayram, xeyriyyəçilik - savab , böyük biznes və ya özünü reklam kampaniyası? Çünki etdiyi xeyriyyəçiliyi sosial mediada bölüşənlər var.

Bir vacib sual da odur ki, bəlkə qurban kəsmək yerinə o pulu ehtyacı olanlara vermək bu bayramın ruhuna və Azərbaycan reallığına daha uyğun olardı?

“QURBAN BAYRAMINI GÖZLƏMƏDƏN DƏ İMKANI OLMAYANLARA YARDIM ETMƏK OLAR”

Dini məsələləri araşdıran jurnalist Rəsul Mirhəşimlinin fikrincə xeyriyyə aksiyası keçirmək, kimlərəsə yardım etmək, kasıblara əl tutmaq, sədəqə vermək İslam dininin buyurduqlarındandır. Yəni bir müsəlman ilin bütün vaxtlarında qurban bayramını gözləmədən imkanı olmayan şəxslərə yardım edə bilər:

“Əslində Qurban bayramı xeyriyyəçilik aksiyası deyil. Qurban bayramı iki vacib bayramlardan biridir. Ramazan və Qurban bayramı İslam dininin buyurduğu vacib bayramlardır. Qurban bayramı kök olaraq ərəb mənşəli “qunaşmaq” sözündəndir. Allaha yaxınlaşma anlamındadır. Yəni hər kəs Allaha hansı əməli ilə yaxınlaşırsa, bu bayram da onun üçün o qədər əhəmiyyətlidir. Amma xeyriyyə aksiyası keçirmək, kimlərəsə yardım etmək, kasıblara əl tutmaq, sədəqə vermək İslam dininin buyurduqlarından biridir. Yəni bir müsəlman ilin bütün vaxtlarında Qurban bayramını gözləmədən imkanı olmayan şəxslərə yardım edə bilər, sədəqə verə bilər.

Amma Qurban bayramında kəsilən heyvanın konkret olaraq bölüşdürülməsi ilə bağlı İslam dininin buyurduqları odur ki, üçdə biri özünə saxlanılmalı, üçdə ikisi ətə ehtiyacı olanlara paylanılmalıdır. Amma kimsə Allahın buyurduğu şəkildə bir imkansıza yardım etmək istəyirsə, hər vaxt sərbəstdir.”

ADAM VAR, ƏT ALA BİLMİR

İlahiyyatçı Fərid Abdulla deyir ki,insanlara “qurban kəsməyin, onun pulunu verin” demək doğru olmaz. Amma kəsilən qurbanların əti ehtiyacı olanlara paylanmalıdır:

“Qurban kəsmək məsələsi əsasən bir neçə hallarda vacibdir. Bir Həccdə vacibdir, müəyyən ayinləri icra etdikdən sonra. Bir də olur ki, insan nəsə niyyət edir, o hallarda. Amma insanların qurban kəsməsi savab kimi bir işdir. Yəni onlar kəssə də olar, kəsməsə də. Biz misal üçün, qurbanı kəsməsinlər, onun pulunu versinlər, - deyə bilmərik. Bu pul vermək məsələsi adi günlərdə olar. Amma insan qoyunu kəssin, imkanlı insanlara paylasın, - biz bunu tənqid edə bilərik. Və yaxud qurban kəsən, dostları ilə kabab bişirsin, yesin. Sözsüz ki, bu tənqid olunmalıdır. Azərbaycanda sosial durumu o qədər aşağı olan insanlar var ki, maaş alanda 9 manat verib ət ala bilmir...” ( Ətraflı audioda)...

“İNSANLARIN DAHA ÇOX NƏYƏ EHTİYACI VAR?”

Sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, Qurban bayramı həm ənənəvi, həm də sosial bir bayramdır. Onun məqsədi vaxtı ilə cəmiyyətdə ac olan insanları sevindirmək olubsa, indi bu fəlsəfəni dəyişmək də olar:

“Qurban bayramı bir ənənəvi bayramdır. Hətta sovet dövründə belə Qurban bayramı Azərbaycanda qeyd olunub. Onun bir ənənəvi tərəfi, yaxşı tərəfi var. Amma çox təəssüf ki, bizim ölkədə həmişə o yaxşı tərəfə elə əlavələr edirlər ki, orda xoşagəlməz tərəflər də çox olur. Qurban bayramının əslində mahiyyəti ondan ibarətdir ki, bir vaxtlar cəmiyyətdə ac adamlar çox olurdu. Bu Qurban bayramının cəmiyyətdə geniş yayılmasının yaxşı tərəfi o idi ki, həmin o adamlara ət paylanırdı, ərzaq paylanırdı. Bu baxımdan həmin o Qurban bayramının sosial tərəfi də başqa atributları ilə bərabər çox önəmli idi. İndi fikirləşmək lazımdır ki, insanların daha çox nəyə ehtiyacı var? Bu fəlsəfədən irəli gəlsək bəlkə Qurban bayramında bəzi dəyişikliklər etmək olar”.

Buna da bax: Dünya müsəlmanları Qurban bayramını belə qeyd edir

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG