Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:44

Türkiyədə 28 mer dəyişdi, ara qarışdı


Diyarbəkirdə müəllimlərin etirazı - 9 sentyabr 2016
Diyarbəkirdə müəllimlərin etirazı - 9 sentyabr 2016

Türkiyə hökuməti 28 meri işdən çıxarıb. Daxili İşlər Nazirliyi onları terrorçuluqla əlaqələrdə suçlayır. Amma seçkili məmurların vəzifəsindən kənarlaşdırılması etirazlara səbəb olub.

Prezident Recep Tayyip Erdoğan 15 iyul çevrilişdən sonra ölkədə fövqəladə vəziyyət elan edib. Daxili İşlər Nazirliyi isə açıqlamasında 10 gündür verilmiş 674 saylı sərəncama istinad edib. Bu sənəd fəal şəkildə terrorçuluqla məşğul olmuş və ya terrorçuluğa açıq dəstək vermiş merlərin və şəhər şurası üzvlərinin əvəzlənməsinə icazə verir.

12 MER HƏBS OLUNUB

CNN yazır ki, merlərdən dördü «Fethullah Gülen Terror Təşkilatı»na (FETO) bağlılıqda suçlanır. Erdoğan ABŞ-da yaşayan Gülen-i çevriliş cəhdinə himayəçilikdə ittiham edir, Gülen bunu təkzib edir. Qalan 24 merin isə Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqə olduğu bildirilir.

Merlərin çoxu ölkənin kürdlərin sıx yaşadığı şərq hissəsindəndir, 12-si həbs olunub.

Bu qərar Hakkari vilayətində etirazlar yaradıb. Təhlükəsizlik qüvvələrinin rəsmiləri bələdiyyə binasına buraxmaması isə etirazçıları daha da coşdurub.

Buna da bax-Türkiyə 10 mindən çox müəllimi PKK-çılara dəstəkdə suçlayır

Batman vilayətində dörd bələdiyyədə də etirazlar püskürüb. Polis gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə etməli olub. «Hürriyet qəzetinin yazdığına görə, Şanlıurfa vilayətinin Suruç bölgəsində də eyni durum yaranıb. Bu vilayətlər Türkiyənin Suriya və İraqla sərhədində yerləşir.

SƏFİRLİK DƏ NARAHATDIR

Kürdyönlü Xalqların Demokratik Partiyası (HDP) merlərin əvəzlənməsini «seçici iradəsinə saymazlıq» adlandırıb, beynəlxalq hüququn pozulduğunu bildirib. Çevriliş cəhdindən sonra Erdoğan-ı dəstəkləmiş Cümhuriyyət Xalq Partiyası (CHP) də narazılığını bildirib ki, bunu Böyük Millət Məclisinə qarşı «çevriliş» adlandırıb.

Sur bələdiyyəsi polis nəzarətində.
Sur bələdiyyəsi polis nəzarətində.

ABŞ səfirliyi narahatlıq bildirən açıqlama yayıb. Səfirlik mer postlarına qoyulan şəxslərin müvəqqəti çalışacağına, vətəndaşların tezliklə yeni rəsmilər seçə biləcəyinə ümidini bildirib.

Azı 240 nəfərin və 40 çevrilişçinin həlak olduğu cəhddən sonra 81 mindən çox dövlət, təhlükəsizlik qulluqçusu, müəllim, jurnalist, polis əməkdaşı işdən çıxarılıb. 9 mindən çox hərbçi həbs olunub. Gülen-ə bağlı 2 mindən çox müəssisə qapadılıb.

SİYASİ ÇEVRİLİŞ VƏ «TERROR REJİMİ»

Parlamentin kürd üzvü Sebahat Tuncel deyib ki, Erdoğan-ın Ədalət və İnkişaf Partiyası (AKP) kürdlərə savaş başladıb və hökumətin həmin merlərə qarşı dəlili yoxdur. Xanım deputat kürdlərin çoxunun işini itirəcəyi sarıdan da narahatlığını bildirib.

«Bu, siyasi çevriliş və etnik təmizləmədir. 11 mindən çox kürd müəllim işini itirib. Eşitmişik ki, bunu səhiyyə sahəsində çalışan kürdlərin də başına gətirəcəklər», - o söyləyir.

«Türkiyə «terror rejimi»nə çevrilməkdədir. Bunu isə Nobel mükafatı almış türkiyəli yazıçı Orhan Pamuk İtaliyanın «La Republicca» qəzetində yazıb. BBC.com qeyd edir ki, yazıçı şənbə günü Türkiyədə jurnalist Ahmet Altan və onun qardaşı, tanınmış köşə yazarı Mehmet-in saxlanmasına bu cür reaksiya verib.

«Türkiyədə hökuməti yüngülcə tənqid etmək azadlığından yararlanan hər kəs barmaqlıqlar arxasına atılır. Fikir azadlığı artıq mövcud deyil. Sürətlə hüquqi dövlətçilikdən uzaqlaşır, terror rejiminə doğru irəliləyirik», - yazıçı vurğulayır.

XS
SM
MD
LG