Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:05

ABŞ-da prezidentliyə Demokratlar Partiyasından namizəd Hillary Clinton 11 sentyabr faciəsinin anım mərasimində büdrəyib. Xanım namizədin sağlıq durumu bir daha seçki kampaniyasının ən çox müzakirə olunan məsələsinə çevirib. «The Associated Press» agentliyi diqqəti həm Demokratlar, həm də Respublikaçıların namizədlərinin yaşlı olmasına, üstəlik, səhhətləri barədə məhdud informasiya açıqlamasına çəkir.

PNEVMONİYA

Hillary Clinton-un bazar günü tədbirində hərarəti yüksəlib və tədbiri 90 dəqiqəliyə tərk edib. O, tədbirdən çıxarkən büdrəyir və kampaniya əməkdaşları onun maşına minməsinə kömək edirlər. Keçmiş dövlət katibi qızının yaxınlıqdakı mənzilinə gedib, çıxarkən özünü yaxşı hiss etdiyini deyib.

CNN yazır ki, Clinton-un həkimi Dr.Lisa Bardack bazar günü axşam yazılı bəyanat yayıb, prezidentliyə namizədin allergiya səbəbindən öskürdüyünü açıqlayıb. «Cümə günü ona pnevmoniya diaqnozu qoyulub, antibiotiklər yazılıb və dincəlmək, qrafikinə yenidən baxmaq tövsiyə olunub. Bazar günü tədbirində isə hərarəti yüksəlib və susuzluq yaranıb. İndi özünü yaxşı hiss edir».

Prezident seçkisinə 8 həftə qalır. Respublikaçılardan namizəd Donald Trump Clinton-un səhhəti məsələsini dəfələrlə gündəmə gətirməyə çalışıb, onun sağlıq durumun prezidentlik postuna əl vermədiyini bildirib. Trump ötən ay deyirdi ki, Clinton-un prezident kimi xidmət etməyə və «İslam Dövləti» (İŞİD) yaraqlıları ilə savaşmağa zehni və fiziki baxımdan möhkəm deyil. Clinton isə bu iddiaları təkzib edir.

DETALLAR İCTİMAİYYƏTƏ AÇIQLANMAYIB

Nyu-York Universitetində Langone Tibb Mərkəzinin əməkdaşı Athur Caplan deyir ki, Clinton-un bazar günü qəfil xəstələnməsi də seçicilərə onun fiziki durumu barədə elə bir şey demir.

«İsti və rütubətli bir gündə çox adam müxtəlif səbəblərdən büdrəyə bilər. Müayinə etmədən nəsə demək çətindir», - o söyləyib.

2008-ci ildə respublikaçıların namizədi John McCain min səhifədən artıq tibb tarixçəsini ictimaiyyətə açıqlamış, xərçəng xəstəliyi olmadığını, 71 yaşında prezidentliyə uyğun gəldiyini göstərmişdi. Amma nə Clinton, nə də Trump belə etməyiblər.

2001-ci ildən Clinton-un şəxsi həkimi olmuş Dr.Lisa Bardack ötən ilin iyulunda iki səhifəlik məktub yaymış, Clinton-un əla fiziki durumda olduğunu, Birləşmiş Ştatlar prezidentliyinəyaradığını açıqlamışdı.

Donald Trump

Donald Trump

TİBB DƏ ƏVVƏLKİ DEYİL

Trump-ın həkimi Dr. Harold Bornstein isə dörd abzaslı məktubunda Trump-ın «prezidentliyə indiyədək ən sağlam namizəd» olduğunu deyirdi. O, daha sonra «NBC News»a deyirdi ki, bu məktubu 5 dəqiqəyə yazıb.

İndiyədək ABŞ-da prezidentliyə ən yaşlı namizəd Ronald Reagan olub, o, 1980-ci ildə 69 yaşında prezident seçilib. Trump-ın iyunda 70 yaşı olub. Clinton isə seçiləcəyi halda, 69 yaşı tamamlanandan sonra prezident postuna keçəcək.

Çikaqoda İllinoys Universitetinin yaş üzrə tədqiqatçısı S.Jay Olshansky-nin fikrincə, prezidentliyə namizədlərə təkcə yaşa görə məhdudiyyət qoyulmamalıdır. Düzdür, insanlar 70-i keçəndən sonra xəstəliklər qarşısında müqavimətləri zəifləyir, amma indi tibb də əvvəlki kimi deyil. Bizim yaş anlayışımız dəyişib, o vurğulayır.

YOQAYA GEDİR

Clinton ötən həftə də Klivlenddə nümayiş zamanı xeyli öskürübmüş, o, çıxışına iki dəqiqəlik fasilə də veribmiş. Su içib, həb atıb, sonra çıxışını tamamlayıb. Ötən həftə jurnalistlərin suallarını cavablandıranda da oxşar durum yaranıb. Amma Clinton deyib ki, mövsüm allergiyasından əziyyət çəkir.

Ötən ay Clinton deyirdi ki, formasını saxlamaqdan ötrü yoqaya gedir, trenajordan istifadə edir. Trump-ın isə «fast-food»la nahar etdiyi heç kəsə sirr deyil. O, qolf oynamaqla və kampaniya zamanı podiumda çıxışlar etməklə idman tələbatını ödədiyini söyləyib.

Clinton tərəfdarları onun səhhətiylə bağlı şübhələri rədd edirlər, dövlət katibi kimi bütün dünyanı gəzdiyini, Konqres 2012-ci ildə Benqazi hücumunu araşdıranda 11 saat orada fasiləsiz oturduğunu yada salırlar.

Səhhətiylə bağlı dolaşan konspirasiya nəzəriyyələri onu narahat edirmi? Bu suala cavabında Clinton ötən həftə deyib ki, narahat deyil, belə söz-söhbətlər çox yayılıb, sayını-hesabını da itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG