Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

Chicago Tribune qəzeti yazır ki, yeni elmi araşdırmanın nəticələri “vurmaq həvəskarlarını” bir az sevindirə bilər.

Araşdırmanın nəticələrinə görə yüngül idman alkoqolun orqanizmə vurduğu zərəri azaldır.

Alimlər bildirirlər ki, spirtli içkilər adətən xərçəng və başqa xəstəliklərin səbəblərindən biri kimi göstərilir, lakin həftədə iki saat yarımlıq fiziki aktivlik içkinin vurduğu ziyanı qismən də olsa aradan qaldırır.

Tədqiqatı aparan alimlərdən Karine Perreault deyib ki, oturaq həyat tərzi hətta mötədil içənlərdə də xərçəng və başqa xəstəliklərin riskini artırır.

Alim deyib ki, alkoqolun təhlükəli təsirlərini fiziki fəallıqla məhdudlaşdırmaq mümkündür.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu, “lül-qənbər olub, sonra idman etmək təlimatı” kimi başa düşülməməlidir.

Söhbət ümumilikdə ondan gedir ki, fiziki fəal həyat tərzi bir çox xəstəliklərin qarşısını ala bilir.

Norma nədir?

Hazırkı ABŞ təlimatları həftədə 150 dəqiqə aerobika tipli fiziki təmrinləri yerinə yetirməyi məsləhət görür.

İçkiyə gəlincə isə, həftədə “12 ABŞ standartı vahidi” qədər spirtli içkinin istehlakı norma sayılır.

Elmi araşdırmalar göstərir ki, spirtli içkiləri istehlak edənlər heç içməyənlərlə müqayisədə xərçəngdən vəfat etməyə 36 faiz daha riskli sayılırlar.

Alimlər bildirirlər ki, bununla yanaşı içənlərin idman etməsi risk fərqini xeyli azaldır.

Elmi nəticələrə görə, fiziki hərəkilik hətta ifrat içənlər arasında da xərçəngdən ölüm hallarının azalmasına səbəb olur.

Alimlər bu qənaətdədirlər ki, içki və idman orqanizmə eyni cığırlarla, amma əks istiqamətdə təsir göstərir. Əgər içki ziyan vurursa, idman bu ziyanı aradan qaldırır.

36 min respondent

Bu nəticələrin əldə olunması üçün İngiltərədə və Şotlandiyada aparılmış səkkiz sağlamlıq sorğusunun nəticələrindən istifadə edilib.

Araşdırmada 40 və daha çox yaşı olan 36 min insanın 1994-2006-cı illər arasında doldurduqları anket nəticələri nəzərdən keçirilib. Bu zaman əsas diqqət sorğuda iştirak edənlərin içki və idman vərdişlərinə verilirdi.

Aerobika tipli idman içkinin ziyanının azalda bilər

Aerobika tipli idman içkinin ziyanının azalda bilər

10 ildən sonra rəyi soruşulanlar arasında 5735 ölüm qeydə alınmışdı.

“Təhlükəli içki vərdişi” olaraq qadınlar üçün 8-20, kişilər üçünsə 12-28 ABŞ alkoqol vahidinin qəbulu sayılırdı.

Nəticələrdən aydın olub ki, xəstəlik riski istehlak edilən içkinin miqdarı ilə birbaşa bağlıdır. Buna baxmayaraq hətta ifrat içənlər arasında da idmən edənlərin ölüm riski xeyli azalmış olub.

Tədqiqat müəllifləri etiraf edirlər ki, alkoqol Qərb mədəniyyətinin bir parçasıdır.

Məqalədə deyilir ki, 2013-cü ildə hər 10 amerikalıdan 9-nun nə vaxtsa spirtli içki qəbul etdiyi bəlli olub. Bunların yarısının ayda heç olmasa bir dəfə alkoqol istehlak etdiyi aşkar edilib.

Amerikalılar üçün Pəhriz Qaydalarına görə mötədil içki vərdişi olaraq qadınlar üçün gündə bir vahid, kişilər üçünsə 2 vahid içki göstərilir (1 vahid və ya 1 standart içki şərti olaraq 14 qram təmiz spirtdir).

Tədqiqatın nəticələri British Journal of Sports Medicine məcmuəsində dərc edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG