Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

ABŞ-dan kənd təsərrüfatı sektoruna dəstək


Nar
Nar

ABŞ Azərbaycanda kənd təsərrüfatı sektorunun iqtisadi həcminin artırılmasına kömək edəcək. Yardımlaşma ABŞ Ticarət Departamentinin kənd təsərrüfatının səmərəliliyini artırmaqdan ötrü Ümumdünya Soyuducu Anbarlar Alyansı ilə tərəfdaşlığı çərçivəsində həyata keçiriləcək.

Bu məqsədlə sentyabrın 9-da «Hyatt» Konfrans Mərkəzində 50 azərbaycanlı sənaye mütəxəssisinin qatıldığı forum keçirilib.

«Turan»ın xəbərinə görə, ABŞ hökumətinin dəstəklədiyi mütəxəssislər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qida saxlanması və daşınması prosedurlarını modernləşdirməyə yardımın yollarından danışıblar.

Ümumdünya Soyuducu Anbarlar Alyansının vitse-prezidenti Richard Tracy soyuducu anbarlar sahəsində yeni innovasiyalar, texnologiyalar, enerjiyə qənaət və effektivliyin optimallaşdırılması yolları haqda məruzə edib.

«Biz aqrobiznesin potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının həm Azərbaycan, həm də xaricə çıxarılmasına yardım göstərməyə çalışacağıq. Bizim 75 ölkədə təmsilçiliyimiz var. Əsas məqsədimiz bütün dünyada qidanın təhlükəsiz şəkildə nəqlini təmin etməkdən ibarətdir. Bəzi obyektlər var ki, onların beynəlxalq standartlara cavab verməsi üçün yardım göstərilməlidir», - deyə o, «Turan»a bildirib.

R.Tracy qeyd edib ki, əməkdaşlıq nəticəsində Azərbaycan şirkətləri yeni bazarlar əldə edəcəklər: «Biz 5-6 kənd təsərrüfatı müəssisəsinə baş çəkmişik. Burada olan soyuducu kameraların keyfiyyəti çox yaxşıdır. Bəzi şirkətlər isə bu istiqamətdə daha da təkmilləşmək istəyirlər. Biz də onlara bu yolda yardım göstərəcəyik».

AZƏRBAYCAN MƏHSULU, ABŞ BAZARI...

O deyib ki, Azərbaycanın dünyanın bəzi ən dadlı məhsullarına malik olduğunu hamı bilir.

«Amma belə sual yaranır ki, onu kifayət qədər yetişdirə bilərlərmi ki, qiymət baxımından rəqabətə davamlı olsun. Kartof, pomidor elə məhsullardır ki, orada daha vacib faktor qiymətdir. Çünki dünyada elə məhsullar var ki, onların qiymət mənasında rəqabətliliyi yoxlanılır. Digər tərəfdən nar kimi məhsul sahəsində Azərbaycanın çox böyük üstünlüyü var. Azərbaycan dünyada bu məhsulun ixracı üzrə rəqabətə davam gətirə bilər», - deyə vitse-prezident bildirib.

ABŞ Ticarət Departamenti sentyabrın 6-dan 8-dək Ucar, Samux, Xaçmaz, Xırdalan və Bakıda kənd təsərrüfatı şirkətlərinin soyuducu anbarlarının qiymətləndirilməsindən ötrü 3 ekspert dəvət edib. Ekspertlər səmərəliliyi və hasilatı artırmaq məqsədilə soyuducu anbarların müasirləşdirilməsində ən zəruri həll yollarını müəyyən etməkdə Azərbaycan şirkətlərinə yardım göstərir.

XS
SM
MD
LG