Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:24

'Uşağımı türmədə yoxa çıxartdılar' [yenilənib]


Foto illüstrasiya
Foto illüstrasiya

«Mən həbsdə olarkən oğlan uşağı dünyaya gətirmişəm. Uşağımı türmədə yoxa çıxartdılar, indiyə qədər də nə ölüsü bilinir, nə də dirisi...».

Bunu «Bakı Taxıl Terminalı» MMC-nin rəhbəri Qalib Bağırovun qətlində təqsirləndirilən Məhnurə Hüseynova sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən deyib.

300 MANAT, 30 AVRO, 10 DOLLAR...

Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında saxlanılan Məhnurə Hüseynova deyir ki, uşağın atası digər təqsirləndirilən Ehtiram Həsənovdur. Hüseynova iddia edir ki, övladını oğurlayıblar.

Bu qətl hadisəsi ilə əlaqədar üç nəfər məhkəmə qarşısına çıxarılıb. Üçüncü təqsirləndirilən isə Mübariz Əliyevdir.

Qalib Bağırov yanvarın 8-də Hövsan qəsəbəsində yerləşən bağ evində qətlə yetirilib.

İttihama görə, təqsirləndirilən üç nəfər hadisə günü onun evinə gəlib, həm bıçaqlayıblar, həm də iplə boğublar. Evdən də 300 manat, 30 avro, 10 dollar, 10 min də Belarus rublu, həmçinin mobil telefon və planşeti aparıblar.

OZÜNÜ «POLKOVNİK» KİMİ TƏQDİM EDİB

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə baxılır.

Məhnurə Hüseynovanın uşağının təcridxanada oğurlanması ilə bağlı dediklərinə cavab olaraq, hakim ona prokurorluğa müraciət etməyi tövsiyə edib. O isə bildirib ki, prokurorluğa bu barədə yazıb, amma nəticə yoxdur.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin üçü də özlərini təqsirli biliblər.

Məhnurə Hüseynova ifadəsində deyib ki, Ehtiram Həsənov onun ikinci həyat yoldaşıdır. Dediyinə görə, Ehtiram tanış olarkən ona özünü «polkovnik» kimi təqdim edib. Qalib Bağırovun evindən oğurluq etmək təklifinin Ehtiram Həsənovdan gəldiyini deyən Hüseynova qətldə iştirakı olmadığını vurğulayıb:

«Qalib müəllimin öldürülməsindən mənim xəbərim olmayıb. Ehtiram lotu dostları vasitəsilə qızımı oğurlatdıracağı ilə məni hədələdi. Razılaşdıq, plana görə, mən Qalib müəllimi çölə çıxaracaqdım, onlar da içəri girib onu qorxudub pulları alacaqdılar. Hadisə günü mən maşında gözlədim, Ehtiramla Mübariz evə girdi. Bir də səhərə yaxın gəldilər. Ehtiramın qorxusundan maşından çıxmamışdım. Gələndən sonra Mübariz Ehtiramdan soruşdu ki, «niyə öldürdün onu?». Ehtiram dedi ki, «məni tanıdı, ona görə»».

«SİZİ KİMİN GÖNDƏRDİYİNİ BİLİRƏM»

Ehtiram Həsənov da hər şeyi özü planlaşdırdığını bildirib. Təsdiqləyib ki, Qalib Bağırov onları tanıdığından onu qətlə yetiriblər: «Üzümdəki maska çıxdı, rəhmətlik dedi ki, «sizi tanıyıram, kimin göndərdiyini də bilirəm». Amma ad çəkmədi».

Mübariz Əliyev isə də mərhumun evinə girmək təklifinin Ehtiram Həsənovdan gəldiyini deyib. Onun sözlərinə görə, Ehtiram bildirib ki, qızı xəstədir və bu səbəbdən müalicəsi üçün pula ehtiyac var: «Buna görə mən də razılaşdım».

Mərhum Qalib Bağırovun qardaşı Elşən Bağırov zərərçəkmiş qismində ifadə verərkən təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini istəyib: «Heyf, güllələnmə ləğv olunub...».

Məhkəmədə o da bəlli olub ki, təqsirləndirilən şəxslər hadisə yerinə icarəyə götürülmüş maşınla gediblər. Avtomobilin icarəyə götürüldüyü şirkətin rəhbəri və daha bir əməkdaşı da məhkəmədə dindirilib.

Bu iş üzrə sentyabrın 16-da növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

* * *

Uşağının “türmədə” itdiyini deyən qadına rəsmi cavab gəldi

Qətldə təqsirləndirilən Məhnurə Hüseynova sentyabrın 9-da məhkəmədə deyib ki, həbsdə o, oğlan uşağı dünyaya gətirib, ancaq sonradan övladı “yoxa çıxıb”: “Uşağımı türmədə yoxa çıxartdılar, indiyə qədər də nə ölüsü bilinir, nə də dirisi...”.

“Bu, tamamilə absurd iddiadır. Belə bir şey ola bilməz”. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna belə deyib. O, hadisənin başqa cür baş verdiyini söyləyib.

Ancaq Mehman Sadıqov bildirib ki, hazırda araşdırma aparır, ona görə də hadisənin təfsilatı haqqında bir qədər sonra məlumat verə biləcək.

Məhnurə Hüseynova və daha iki nəfər “Bakı Taxıl Terminalı” MMC-nin rəhbəri Qalib Bağırovun qətlində təqsirləndirilir. O sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən yeni doğulmuş övladının “nə öldüsündən, nə də qaldısından” xəbər ala bildiyini söyləyib. Hakim bununla bağlı prokurorluğa müraciət etməsini istəyib. Ancaq Hüseynova prokurorluğun müraciətini cavabsız qoyduğunu iddia edib.

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosunun zənglərinə cavab vermədiyindən təqsirləndirilən qadının dediklərinə münasibət öyrənə bilmədik.

Penitensiar Xidmətin keçmiş rəhbəri Məmməd Zeynalov südəmər körpənin qanunla anasının yanında qalmalı olduğunu bildirir. “Ona görə də uşağı ondan ala bilməzdilər”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG