Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Kinonun kölgədə qalan işçiləri prodüserlər - onlar kimdir?


Bosniyada film çəkilişi.
Bosniyada film çəkilişi.

-

Kinonun kölgədə qalan işçiləri prodüssürlər - onlar kimdir?

«Bəyin oğurlanması” filmində “Uşaqlar da deyir, atamız işə gedib”, “Səkkiz min pul vermişəm, oynamaqlarına bax” deyən personaj - Siyavuş Aslanın qəhrəmanı yadınızdadı? Sovet dövründə həmin qəhrəmanın kino istehsalatı prosesində vəzifəsi film direktor idi. Film direktoru filmin maliyyəsini idarə eləyir, mühasibat hesabatlarına, çəkiliş qrupunun bütün maddi ehtiyaclarının ödənməsinə cavab verirdi.

Bu vəzifə ancaq sovet kinematoqrafiyasında mövcud idi və sovetlərlə birlikdə tarixə qarışdı. Vəzifənin funksiyaları yox, adı. Postsovet məkanında kino indi də çəkilir, ona yenə maliyyə sərf olunur, hətta əvvəlkindən daha çox. Çünki texnika sürətlə inkişaf edir. Demək olar ki, hər altı aydan bir yeni kinokamera təkmilləşdirilir, yenisi yaradılır. Üstəlik müasir dövrün tələblərinə uyğun olaraq artıq kompyuter də istehsalat prosesinin ayrılmaz parçasına çevrilib. Filmlərin rəng korreksiyası, xüsusi effektlər kompyuter proqramları vasitəsilə həyata keçirilir. Əvvəllər saysız-hesabsız insanların –kino dilində statistlərin iştirak etdiyi batal səhnələr də kompyuter qrafikası vasitəsilə yaradılır, XX əsrdəki kimi minlərlə insan çəkiliş meydançasına yığılmır. Bunun üçünsə hər dəfə yeni, daha mürəkkəb kompyuter proqramları tətbiq olunur. Bütün bunlar isə külli miqdarda maliyyə deməkdi. Odur ki, müasir kinoda film direktoru əvvəlkindən daha funksionaldı, sadəcə vəzifəsinin adı dəyişib, funksiyaları isə artıb və başqa pozisiyalar arasında bölüşdürülüb, baş prodüser, icraçı prodüser, xətti prodüser, kreativ proüser olub.

Tarkovsky-nin film çəkilişi. Məhz bu rejissor sovet filminə ilk yenilikləri gətirmişdi.
Tarkovsky-nin film çəkilişi. Məhz bu rejissor sovet filminə ilk yenilikləri gətirmişdi.

Ümumiyyətlə, artıq keçmiş sovet respublikalarının kino industriyasında da Hollivud standartları – prodüser sistemi tətbiq olunur.

Prodüser (general producer) – filmin ideyasının müəyyənləşdirilməsindən tutmuş çəkiliş üçün maliyyənin, texnikanın tapılmasına, aktyor, rejissor, operator heyətinin yığılmasına qədər bütün prosesi təşkil eləyən adamdı. Həmçinin o, məhsulun reklamı, prokatı və distryubyusiyası ilə məşğul olur.

Buna da bax: "Azərbaycanda ssenaristlərin "boynunu vuran" kimdi?"

Prodüser peşəsi 1910-cu illərdə Hollivvudda – kinematoqrafiya gəlir götürməyi hədəfləmiş ciddi industriyaya çevrilməyə başlayanda meydana çıxıb.

Kinodan çoxlu gəlir götürmək üçün əvvəlcə ona sərmayə qoymaq, texniki imkanlarını artırmaq, çəkilişlərin miqyasını böyütmək və s. lazım idi. Bütün bunları təşkil etmək üçün xüsusi mütəxəssislərə - incəsənətdən az da olsa, başı çıxan kommersantlara, ya da biznesdən başı çıxan yaradıcı insanlara ehtiyac yaranmışdı.

Hazırda prodüser –filmin sahibi sayılır, nüfuzlu beynəlxalq kinofesivallarda “ən yaxşı film” nominasiyasında qalib gələn filmlərin mükafatı ona təqdim olunur. Filmin büdcəsinə, texniki və yaradıcı prosesə nəzarət prodüserin əlindədir. Ssenarini o təsdiqləyir, filmi festivallara göndərir, prokatçılarla müqavilə bağlyır. Xüsusilə kommersiya layihələrində onun rejissorun işinə müdaxilə eləmək, uyğun görmədiyi halda hətta onu dəyişmək hüququ da var.

İcraçı prodüser (exutive producer) – (sovet kinosundakı film direktoru) – böyük layihələrdə, adətən, studiyanın rəhbərlərindən biri, ya da təmsilçisi olur. İstehsalatın maliyyə, inzibati, hüquqi və yaradıcı aspektlərinənəzarət eləyir.

İcraçı podüser çəkilişlərin təşkili ilə məşğul olmur. Bu iş xətti prodüserin vəzifəsidir.

ABŞ-da Hollywood filmlərinin iştirak etdiyi müsabiqə. Hollywood film şirkətləri hər il ABŞ büdcəsinə milyardlarla dollar xeyir verir.
ABŞ-da Hollywood filmlərinin iştirak etdiyi müsabiqə. Hollywood film şirkətləri hər il ABŞ büdcəsinə milyardlarla dollar xeyir verir.

Xətti prodüser (line producer) vəzifəsini yalnız həqiətən zəhmətkeş olan insan üzərinə götürə bilər. Onun işi rejissor ssenarisini oxumaqla başlayır. Bundan sonra ssenari əsasında çəkiliş prosesinin planını hazırlayır, filmin təqribi büdcəsini hesablayır, yaradıcı heyətin tərkibini, onların hər birinin prosesdəki rolunu müəyyənləşdirir. Kimə nə qədər əmək haqqının verilməsinə, qonorarların ödənilməsinə, hər səhnənin çəkilişinə sərf olunan vəsaitin hesablanmasına, lazimı rekvizitlərin, avadanlıqların satın alınması və ya kirayəyə götürülməsinə, istehsalatın hər mərhələsində işıqçıdan tutmuş rejissor assistentinə, montajçıya qədər bütün heyətin işinə nəzarət, bir sözlə, çəkiliş prosesindəki qara işlərin hamısı xətti prodüserin boynundadı. Ancaq onun yaradıcı prosesə qarışmaq, ssenaristə və ya rejissora məsləhət vermək ixtiyarı yoxdur. Bunu yalnız prodüser, ya da icraçı prodüser eləyə bilər. Bir də kreativ prodüser.

Buna da bax: "Azərbaycan kinonu dirçəltmək üçün qırğızlardan nə öyrənə bilər?"

Kreativ prodüserin (creative producer) işi bir neçə əsas mərhələdən ibarətdir:

1. Layihələrin tapılması və developmenti (layihə üzərində iş prosesi): Son dərəcə vacib mərhələdi, hər şey burdan başlayır. Kreativ prodüser, studiya redaktorunun seçdiyi layihələrin, ssenarilərin üzərində işləyir, onların müəllifləri ilə müzakirələr aparır, heyəti toplayır və s. Kreativ prodüser biznes planı, ümumiyyətlə, layihənin bütün maliyyə planını başa düşməli və tərtib eləməlidi – yəni ssenarini konkret büdcəyə uyğunlaşdırmalı, ya da əksinə, elə başdan biznes-modelə uyğun layihələr tapmalıdı.

Çəkiliş olmayan zamanlarda isə onun işi uğurlu müəlliflər və rejissorlar axtarmaq, studiyaya yeni və məşhur simalar cəlb etməkdi.

2. Layihənin hazırlanması zamanı yaradıcı nəzarət: Bu mərhələdə kreativ prodüser mövcud ssenarini istehsalata hazır vəziyyətə gətirmək üçün maksimum səy göstərməli və onun reallaşdırılması prosesinə nəzarət eləməlidi. Bundan əlavə kreativ prodüser yaradıcı heyətin toplanmasında, aktyorların, dekorasiyanın təsdiqlənməsində, lokasiya axtarışlarında iştirak etməlidi. Əlbəttə, rejissor və kreativ prodüserin hədəflərinin eyni olması vacibdir, amma onların mövqeyi və maraqları fərqlənə bilər. Bəzən bu hətta yaxşıdı.

3.İstehsalat (production) - əgər hazırlıq (pre-prodakşn) mərhələsində bütün işlər uğurla tamamlanıbsa, artıq ssenariyə dəyişiklik edilmirsə, rejissor da peşəkardısa, onda kreativ prodüser çəkiliş prosesində aktiv iştirakçı olmur. Ancaq o, müəllif nəzarətini həyata keçirməli və mütləq çəkilmiş materiallara baxmalı, yaradıcı planın həyata keçirilməsinə nəzarət etməli, yaradıcı problemləri yerindəcə həll etməyi bacarmalıdır.

4. Çəkilişdən sonrakı mərhələ (postproduction): Kreativ prodüser hazırlıq və postprodakşn mərhələlərində bilavasitə iştirak etdiyindən layihəni sona çatdırmağa borcludu. Hərdən o, montaja, səs və musiqiyə özü nəzarət edir və son nəticəni təsdiqləyir. Hərdən rejissora sərbəstlik verir, sonra isə öz təkliflərini və düzəlişlərini təqdim eləyir. Hər şey rejissordan və layihənin hədəflərindən asılıdı.

Aydındı ki, əgər söhbət müəllif kinosundan gedirsə, heç bir total nəzarətdən söz gedə bilməz. Kreativ prodüser daha çox kommersiya məqsədli layihələrdə lazımdı. Əgər rejissorun başında və əlində bütün kino əvvəldən axıra qədər hazırdısa və onları reallaşdırmaq üçün bütün imkanlara sahibdisə, kreativ prodüser o qədər də məhsuldar olmayacaq. Kommersiya layhələrində isə kreativ prodüser rejissorun həm ortağı, həm də opponentidi. O, prodüser vərdişlərinə malikdi və kinoya məhsul kimi baxır.

Xüsusi effektlər üzə prodüser (spesial effekts producer) - kinofilmlər və reklamlar üçün xüsusi effektlərin yaradılması ilə məşğul olur. Budcəni tərtib eləyir, video üçün rəqəmsal effektlərin hazırlanmasını nəzarətdə saxlayır. Xüsusi effektlər üzrə prodüserə - bu sahə üzrə ixtisaslaşmış xətti prodüser də demək olar.

Buna da bax: "B. Moloud: Azərbaycanın film çəkmək üçün zəngin potensialı var və bu potensial diqqətdən kənarda qalıb"

Bunlardan əlavə kino istehasalatda “prodakşn menecer”, “prodakşn assistent” pozisiyaları da var. Bu vəzifələrin sahibləri gələcəkdə prodüser karyerası qurmaq istəyənlərdi. Xətti prodüserin işləri başından aşanda onların bir qismini prodakşn menecerinin öhdəsinə buraxır.

Prodakşn assistent isə bizim dildə desək, çaydaşıyandı. O, saatlarla ayaq üstə çalışır, çəkiliş heyətinin istəklərini yerinə yetirir – onlar üçün çay, qəhvə, buterbrod və s. gətirir.

Və bu sadalananlar film istehsalı prosesində iştirak eləyənlərin hələ mində bir hissəsidi. Ekranlarda bitmiş bir əsər halında gördüyümüz, bizi ağladan, güldürən filmlərin hər millimetri üzərində peşəsinin adını, funksiyaları bilmədiyimiz saysız-hesabsız insan çalışır.

Yəni “Bəyin oğurlanması” filmində deyildiyi kimi, bu kino ki var, həqiqətən də, çox qəliz şeydi. Həm qəlizdi, həm də vacib...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG