Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

Avropa Birliyinin öz ordusu olsunmu?


ABŞ ordusu Çexiyada
ABŞ ordusu Çexiyada

«Newsweek» dərgisində Ted Galen Carpenter bu suala cavab axtarır. Müəllif yazır ki, Amerika mediasının başı prezidentliyə namizədlər Donald Trump-la Hillary Clinton-a qarışıb, amma Avropada daha ciddi bir hadisə baş verməkdədir. Macarıstan və Çexiya Respublikasının baş nazirləri Avropa Birliyini öz ordusunu qurmağa çağırıblar.

BƏDƏL

«Bu, çox ciddi bir münasibət dəyişikliyidir. İndiyədək Avropa ölkələri təhlükəsizlik məsələlərini NATO vasitəsilə həll ediblər, Birlik diqqətini daha çox iqtisadi məsələlərə yönəldib. Həm də NATO-ya öncəlik verilməsi Vaşinqtonun arzularını əks etdirirdi, ABŞ-ın Trans-Atlantik təhlükəsizlik qərarlarına nəzarətini təmin edirdi. Bu nəzarətin də bədəli kiçik olmayıb, Avropa müttəfiqləri Vaşinqtonun təhlükəsizlik sahəsindəki nüfuzundan geninə-boluna istifadə ediblər», - müəllif vurğulayır.

Məqalədə ABŞ liderlərinin dəfələrlə Avropa ölkələrinin təhlükəsizlik təşəbbüslərini əngəllədiyi yada salınır. Soyuq müharibə bitincə, bu siyasətin dəyişilməsi, təhlükəsizlik yükünün atılmasına əla fürsət yarandı. Yuqoslaviya 1990-cı illərdə parçalanmağa başladı. O zaman Avropanın ilkin diplomatik və sülhyaratma cəhdləri alınmayanda, müttəfiqlər ABŞ-dan «liderlik» istədilər. Bax onda Clinton administrasiyası buna qətiyyətlə «yox» deməliydi.

SƏHV DAVAM EDİR

«ABŞ rəsmiləri o zaman avropalı həmkarlarına deməliydilər ki, Balkanlarda qarışıqlıq regional məsələdir və Birləşmiş Ştatlara elə də təsiri yoxdur. Necə ki biz onlardan Mərkəzi Amerika və yaxud Karib adalarında hansısa itaətsizliyin yatırdılmasında aparıcı rol gözləmirik, onlar da ABŞ ordusunun Balkanlara gələcəyini gözləməsinlər. Bu halda avropalılar regiondakı təhlükəsizlik məsələləri barədə özləri düşünərdilər, nəinki asılı duruma düşərdilər. Amma Vaşinqton NATO vasitəsilə Balkanlarda dominant rolunu saxladı, 1995-ci ildə Bosniyaya, 1999-cu ildə Kosovoya müdaxilə etdi».

Müəllif yazır ki, beləliklə də Avropanın təhlükəsizlik sahəsində asılılığı qaldı. NATO Mərkəzi, daha sonra Şərqi Avropaya doğru genişləndikcə, Vaşinqton da daha çox risklə üzləşdi. Amma amerikalı siyasətçilər bundan dərs almadılar. Onlar hələ də NATO-nun avropalı üzvlərini inandırırlar. Sanki köməksiz protektoratdırlar və müttəfiq olmaqla Amerikaya böyük xeyir verirlər.

«Avropa Birliyi köməksiz durumda deyil. Əhalisi və iqtisadiyyatı ABŞ-dan böyükdür. AB ona görə müdafiə tərəfini inkişaf etdirə bilməyib ki, Birləşmiş Ştatlar belə bir məsuliyyətsiz davranışa şərait yaradıb».

MÜSBƏT DƏYİŞİKLİK

ABŞ-ın vitse-prezidenti Joe Biden bu yaxınlarda Balkanlara səfəri zamanı həmin ölkələri əmin edirdi ki, Amerika NATO üzvlərinin müdafiəsinə daş kimi sadiqdir. Axı respublikaçılardan prezidentliyə namizəd Donald Trump NATO-nun köhnəlmiş qurum olduğunu deyir, müsahibələrində vurğulayır ki, Baltik respublikalarının müdafiəsiylə bağlı öhdəlik şərtidir. Amma Biden-nin bəyanatı da təhlükəli şəkildə çaşdırıcıdır. Onun təkəbbürlə təkzib etməyə çalışdığı şəxs gələn il yanvarın 20-də Birləşmiş Ştatların prezidenti postuna əyləşə bilər.

Ancaq müəllif Atlantik okeanının hər iki tərəfində müdafiə məsələləriylə bağlı baxışların dəyişdiyini vurğulayır.

«Macarıstan və Çexiya Respublikasının AB-nin öz hərbi qüvvəsini yaratmasını istəməsi sağlam fikirdir. Bu dəfə Vaşinqton belə bir təşəbbüsü boğmağa çalışmamalıdır. Avropa ölkələrinin, 8 min kilometr uzaqda yerləşən Birləşmiş Ştatların hərəkətə keçməsini gözləməkdənsə, regiondakı təhlükəsizlik problemlərini özlərinin həll etməsi daha ağlabatandır».

XS
SM
MD
LG