Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

‘Mən alın yazısına inanan adamam. Nə olmalıdırsa, o da olacaq’


Yazıçı Əkrəm Əylisli, 06.09.2016
Yazıçı Əkrəm Əylisli, 06.09.2016

«Dörd ay axtarıblar, nəsə tapa bilməyiblər»

Yazıçı Əkrəm Əylisli sentyabrın 6-da istintaqa çağrılıb. Orda gördüklərini AzadlıqRadiosu ilə bölüşür:

– Mən ömrümdə nə polis qapısı tanımışam, nə də prokurorluq. Mənim üçün bunlar hamısı təzədir və çox qəribədir. Dedilər: «Sizi çağırdıq ki, tanış olaq». Mən də düzü, bilmirəm axı, nə tanışlıqdı. İçəri girəndə hamısı dedi: «Xoş gəlmisiz». Mən də cavab verdim: «'Xoş gəlmisən' yaxşı sözdür, amma bu idarədə yox» (gülür). Burda özümə qarşı düşmənçilik görmədim. Mənə düşmən lazım deyil, mənə sevgi lazımdır.

Buna da bax: Ziyalılar referendum haqda

– Konkret istintaqın gedişi haqda nə dedilər sizə, Əkrəm müəllim?

Əkrəm Əylisli: «Belə vaxtda həbsxanaya düşmək şərəf olardı»

– Burda çox maraqlı məqamlar var. Biri budur ki, nəsə təzə bir şey axtarıblar. Axı, mənim biznesim yoxdur, pul oğurlayım, vergi verməyim. Dörd ay axtarıblar, nəsə tapa bilməyiblər. Bu, yadıma sovet «KQB»-sini salır, orda da təmiz adamları sevmirdilər, qurdalayıb həmişə nəsə axtarırdılar. Bu əxlaqı onda da görmüşəm, təəssüf ki, indi də görürəm. Təmiz adamdan xoşu gəlməyən hakimiyyətin təmiz olmağı çox şübhəlidir. İnandırıcı deyil.

Buna da bax: Erməni tarixçi Ə.Əylislini ittiham edir: "Tariximizi azərbaycanlaşdırıb"

– Nə bilirsiz ki, sizinlə bağlı nəsə «axtarıblar»? Nəsə baş verib orda?

– Heç nə baş vermədi... Mən alın yazısına inanan adamam. Nə olmalıdırsa, o da olacaq.

– Bəs ordan çıxanda nə dedilər sizə? Yenidən dəvət edəcəklərmi?

– Vəkillə getmişdim. Çıxanda ondan soruşdum, o da dəqiq bir söz demədi. Dedilər ki, «indi tanış olduq, sonra söhbət edəcəyik».

– Nə gözləyirsiz? Sizi həbs edə bilərlər?

Buna da bax: «Azərbaycan bunun hesabını verməlidir»

Mən də cavab verdim: «'Xoş gəlmisən' yaxşı sözdür, amma bu idarədə yox»

– Açığı, mən oriyentiri hardasa itirmişəm. Dəqiq proqnoz verə bilmirəm. Elə şeylər gördüm, yaşadım ki... Mən şəxsən hər şeyi gözləyə bilərəm. Həbsdən qəti qorxmuram. Amma bu yaşımda həbs olunmağım artıq həbs yox, ölüm hökmüdür. Xüsusi rejimdə yaşayan insanam, maksimum 10 gün orda yaşayaram... Bir tikə çörək yeyə bilmərəm orda, yəni aclıqdan da ölə bilərəm... Həbsxanada olmaq heç də şərəfsizlik deyil. Həbsxanaya düşmək çox sağlam cəmiyyətdə, çox ideal cəmiyyətdə şərəfsizlik olardı! Belə ideal cəmiyyət yoxdur. Bizim cəmiyyətdə həbsxanadakıların yarısının günahsız olduğu məlumdur, belə vaxtda həbsxanaya düşmək şərəf olardı! Amma mənə bu şərəf düşmür. Mənim yaşımda orda yaşamaq mümkün deyil. Yaşın xəstəlikləri var, fəsadları var. Yaşın alçaldıcı məqamları var. Kişi kimi ömür yaşayan heç kəs ömrün hansısa məqamında alçalmaq istəməzdi. Orda səni alçalda bilərlər...

Buna da bax: Britaniya mətbuatı: Prezidentə məktubundan sonra vəziyyət daha da pisləşib

Əylisdə kitabımı yandırırlar, yenə deyirəm, «kaş yuxu olaydı»

– Yorğunsuz, o zaman sağollaşaq.

– Yorucu gün idi. Hərdən ayılıram, deyirəm ki, «kaş bu yaşananlar yuxu olaydı». Evimin qabağında kitabımı yandırırlar, deyirəm ki, «kaş yuxu olaydı». Üstündən bir az keçir, parlamentdə ən yaxın dostlarım, keçmişdə mənə böyük hörmət göstərən adamlar ağızlarına gələni danışırlar, deyirəm, «Allah, kaş bu yuxu olaydı». Əylisdə kitabımı yandırırlar, yenə deyirəm, «kaş yuxu olaydı»... Kaş bu son hadisələr də yuxu olaydı. Ayrı söz tapmıram deməyə...

Buna da bax: Fikrət Qoca: Demək, ortada cinayət var ki, Əkrəmi mühakimə edirlər

«Təmiz adamdan xoşu gəlməyən hakimiyyətin təmiz olmağı çox şübhəlidir»

Bu da keçəcək yəqin. Axı, məni Azərbaycan ədəbiyyatından çıxarmaq mümkün deyil. Məni dünya ədəbiyyatından da çıxarmaq mümkün deyil. Kimdənsə qorxmuram, çəkinmirəm... Mənəviyyatsızlığı gözəl görürəm. Mənəviyyatsızlığı yaradanların sifətini görürəm. Bütün mühiti çox gözəl və çox aydın görürəm. İnanıram ki, bir vaxt bu mühit saflaşacaq, sağlamlaşacaq. Bizim bu «Azərbaycan» deyilən məmləkətimiz insanın sevinə bildiyi, insanın insanlığı ilə fəxr edə bildiyi, insanın öz dövlətinə, hakimiyyətinə inana bildiyi, insanın vətəninə sahib ola bildiyi bir Azərbaycan olacaq. Mən buna inanıram və bununla da yaşayıram.

Buna da bax: Əkrəm Əylisli: “Ölümümü tezləşdirirlər”

Yazıçı Ə. Əylisli bu ilin martında İtaliyaya gedərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanmışdı. Rəsmi orqanlar onun buraxılış məntəqəsindən keçərkən əməkdaşlarla münaqişə yaratdığından saxlandığını demişdilər. Ancaq yazıçı münaqişə yaratmasıyla bağlı iddiaları qəti rədd etmişdi. Sərbəst buraxılan yazıçıya sonradan xuliqanlığa görə cinayət işi açılmış, ardınca o, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə ittiham olunmuşdu. Yazıçıya ittihamlar təsdiqlənərsə, o, 3 ilədək azadlıqdan məhrum edilə bilər.

Buna da bax:

Prokurorluğa çağrılan Əkrəm Əylisli: Cavan olsaydım, mən də "yatardım"
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG