Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:22

İranın böyük banklarından bir neçəsi hökumətlə mühafizəkarların mübarizəsinə cəlb olunub. «Bloomberg» agentliyi yazır ki, ötən il imzalanmış nüvə sazişi prezident seçkisinə bir neçə ay qalmış ölkəiçi siyasəti çalxalamaqdadır.

Şənbə günü ölkənin aparıcı mühafizəkar qəzeti iki bankın – «Bank Mellat» və «Bank Sepah»ın adından göndərilmiş məktubların fotolarını dərc edib. Banklar İslam İnqilab Qvardiyasına məxsus konqlomeratla işləyən şirkətlər və fərdlərə xidmətdən imtina edir. Redaktoru Ali dini lider Ayətulla Ali Khamenei tərəfindən təyin olunan «Kayhan» qəzeti digər banklar barədə də oxşar iddialar irəli sürüb, amma bununla bağlı dəlil ortaya qoymayıb.

Ötən ilin iyulunda İranın bir sıra ölkələrlə imzaladığı nüvə sazişinə uyğun olaraq, iqtisadiyyata bəzi sanksiyalar qaldırıldı. Amma İnqilab Qvardiyası kimi hərbi qurumlara bağlı şirkətlərə sanksiyalar saxlandı. Bu təşkilatları ABŞ və bəzi Avropa ölkələri terrorçu sayır. Qüvvədə qalan qadağalar qlobal bankların İrana girişini əngəlləyir, xarici sərmayənin və iqtisadi dirçəlişin önünü kəsir.

ROUHANI-NİN İŞİ ÇƏTİNLƏŞİR

«Cəlbedici beynəlxalq maliyyənin önünün kəsilməsi nüvə sazişinin memarı, prezident Hassan Rouhani-yə problem yaradır. Axı o, mayda elektoratla üzləşəcək. Bu saziş sıravi iranlılara elə də güclü fayda vermədi. Üstəlik, opponentləri durumu daha da qəlizləşdirir, hökumətlə təhlükəsizlik isteblişmenti arasında uçurumu dərinləşdirirlər», - «Bloomberg» yazır.

«Kayhan» qəzetinin yazdığına görə, Mərkəzi Bank Parisdə mənzillənən Maliyyə Sektoru üzrə İşçi Qrupda (FATF) İranın mövqeyini yaxşılaşdırmağa çalışır. 1989-cu ildə yaradılmış bu qurumun məqsədi çirkli pulların yuyulması və terrorçuları maliyyələşdirməni əngəlləməkdir. Beləliklə də İranda dövlətə məxsus və özəl banklar silahlı qüvvələrin bəzi hissələrinə qadağalar tətbiq etməli olur.

Martda Mərkəzi Bank İranda kreditləşmə standartlarının FATF ilə uyğunlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirib. Əslində, bunu Beynəlxalq Valyuta Fondu da tələb edirdi. Sonucda iyunun 24-də FATF İranın bank sisteminə qarşı əks-tədbirləri 12 aylığa ertələdi.

BAŞ BANKİR SANKSİYALARI «QANUNSUZ» SAYIR

Amma bütün bunlar sərt-xətt tərəfdarlarının ürəyincə deyil. Nüfuzlu mühafizəkar, Khamenei-yə yaxın Strateji Tədqiqat Mərkəzinin prezidenti Ali Akbar Velayati söyləyib ki, FATF İrana fayda gətirməyəcək. «Bu cür məhdudiyyətlə mübarizə aparmalıyıq, onlara əməl etməməliyik», - Velayati bildirib.

«Bloomberg» «Bank Sepah» və «Bank Mellat»dan bəzi şirkətlərə qoyduqları qadağalarla bağlı əlavə şərh ala bilməyib.

Mərkəzi Bankın rəhbəri Valiollah Seif isə bazar ertəsi banklara və maliyyə qurumlarına göndərilən sərəncamda yazır ki, onlar «adları sanksiyalar siyahısında olan, ya olmayan bütün individual və institusional qurumlarla maliyyə və biznes əlaqələri saxlaya bilərlər».

Seif əlavə edib ki, İran qüvvədə qalan bütün sanksiyaları qanunsuz sayır. Onun fikrincə, nə nüvə sazişi, nə də ölkənin beynəlxalq öhdəlikləri bankların ölkədəki qurumlara xidmətini əngəlləyə bilməz. Amma Mərkəzi Bank rəhbəri Parisdə yerləşən İşçi qrupun, yaxud İnqilab Qvardiyasının adını çəkməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG