Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:03

İşadamı: 'Hər sahə Talıbovların, Əliyevlərin arasında bölünüb'


Karikatura (Şerif)
Karikatura (Şerif)

Azərbaycanda biznes mühitinə yaxından-uzaqdan baxışlar

«Ağlı olan da Azərbaycana gəlib investisiya qoyar?» Bunu Naxçıvanda çalışan, adını açıqlamaq istəməyən işadamı deyir. O, prezident İlham Əliyevin icra başçılarına ünvanladığı «gedin xaricə, investor gətirin» müraciətini eşidəndə ilk bunu düşündüyünü söyləyir.

İlham Əliyev sentyabrın 4-də Salyana səfəri zamanı bildirib ki, yerli icra orqanları öz rayonlarına yerli və xarici özəl sərmayə gətirməyə çalışmalıdırlar: «Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar», prezident deyib.

Buna da bax: ​Manatla da hesablasan, Azərbaycana xarici sərmayə azalır

«Kim imkan verər ki, 100 işçisi olan fabrik qurasan?»

Naxçıvanlı işadamı isə hesab edir ki, Azərbaycanda iqtisadi sahədə bütün fəaliyyət dairələri zəbt olunub: «İri məmurlar, onlara bağlı adamlar həm istehsalı-satışı, həm də idxal-ixracı ələ keçirib», müsahibimiz söyləyir. Onun sözlərinə görə, Naxçıvanda yaranan bir zərb-məsəl nəinki Muxtar Respublikanın, ölkənin vəziyyətini göstərir:

«Camaat öz arasında istehza edir ki, «yavaş danışın, bilsələr, göy-göyərti yaxşı satılır, onu da əlimizdən alacaqlar». Yəni bircə pencər qalıb adamların dolanışıq yeri kimi. Xariciləri aldadıb gətirə bilərlər, amma onun da əlindəki pulunu alıb quru yurdda qoyacaqlar».

İşadam: 'Ağlı olan da Azərbaycana gəlib investisiya qoyar?'

Müsahibimiz ticarətlə məşğuldur, amma deyir, yaradılan mühit o qədər bezdirici və əzabvericidir ki, işini Gürcüstana keçirməyi düşünür: «Gürcüstanda bir türk iş adamının trikotaj fabrikində oldum, 100-dən çox işçisi vardı, hamısı da yerlilər idi. Hökumət də onları elə dəstəkləyir ki... Biznesə hər şəraiti yaradıblar. Azərbaycanda kim imkan verər ki, sən gəlib 100 nəfər işləyə bilən fabrik qurasan? Hər sahə Talıbovların, Əliyevlərin arasında bölünüb, mən Naxçıvanın timsalında deyirəm».

Buna da bax: ​Azərbaycanda investisiya mühiti də monopoliyaya alınıb?

Bu, Azərbaycanda çalışan bir azərbaycanlı biznesmenin baxışlarıdır. Bəs xaricdə, xüsusilə iqtisadi vəziyyəti pisləşən Rusiyada iş quran azərbaycanlılar necə, öz bizneslərini vətənə köçürə, bura sərmayə qoya bilərlərmi? Elə prezident İlham Əliyev bir neçə ay öncə xaricdə yaşayan azərbaycanlılara belə bir müraciət etmişdi.

«Baxdım, mənə quru hamballıq qalacaq»

«Gürcüstanda bir türk iş adamının trikotaj fabrikində oldum, 100-dən çox işçisi vardı, hamısı da yerlilər idi. Hökumət də onları elə dəstəkləyir ki... Biznesə hər şəraiti yaradıblar. Azərbaycanda kim imkan verər ki, sən gəlib 100 nəfər işləyə bilən fabrik qurasan?»

Rusiyada ağac məmulatları istehsalı ilə məşğul olan Nazim Babayev bir neçə il öncə biznesini Azərbaycana köçürməyi düşünüb: «Fabrikimi satıb Azərbaycanda iş quracaqdım. Kənd məktəblərinin təmir-tikintisi ilə bağlı layihə hazırladım və müvafiq yerlərə təqdim etdim. Layihəmi bəyəndilər, ancaq büdcəni elə günə qoydular ki, baxdım, mənə quru hamballıq qalacaqdı. Qazanan başqaları, işləyən mən olacaqdım».

Buna da bax: ​Əcnəbi iş adamlarının Azərbaycandan köçü

Nazim Babayev deyir ki, Rusiyada da indi vəziyyət çətindir, əhalidə pul yoxdur və camaat daha çox yemək barədə düşünür, nəinki ev tikdirmək. Onun işi indi Rusiyada zəifləyib, amma yenə də əlindəki vəsaiti Azərbaycana qoymaq istəməzdi: «Biznes mühiti yoxdur, səndən ya külli miqdarda rüşvət istəyirlər, ya da imkan verirlər, işini qurursan, bir yerə çatdıranda gəlib, məsələn, sənin 1 milyon dollarlıq biznesinə 200 min verib deyirlər ki, 'yaxşı yol'».

Nazim Babayev yaxın çevrəsində belə hadisələrlə üzləşən azərbaycanlıların olduğunu deyir: «Sən də «gözü çıxan qardaşdan» dərs alırsan».

Rusiyada, Ukraynada yaşayan və biznes quran azərbaycanlıların çoxu vətənə qayıtmaq istəyər, amma risk etməkdən qorxur. Bunu təxminən 10 -12 il öncə iş ardınca Rusiyaya getmiş Elmar Əliyev deyir. Onun sözlərinə görə, Rusiyada kiçik, orta biznesə münbit şərait var və «dəyib-dolaşan yoxdur, səndən yalnız vergiləri, sığortanı ödəmək tələb olunur».

«Stabillik əsas məsələdir»

Vahid Əhmədov
Vahid Əhmədov

Xarici investordan ötrü ölkənin stabilliyi əsas məsələdir. Millət vəkili Vahid Əhmədov belə düşünür və prezidentin icra başçılarına müraciətini yerində sayır. O deyir ki, əslində, ildən-ilə dövlət büdcəsindən dotasiya alan rayon və şəhərlərin də sayı azalmalıdır. «Düzdür, icra başçıları gözlərini dikiblər dövlət büdcəsindən ayrılan vəsaitə. Hələlik, 6 rayon artıq büdcədən dotasiya almır, ancaq onların sayı artırılmalıdır», deputat deyir.

Vahid Əhmədov hesab edir ki, icra başçıları öz rayonlarının maliyyələşdirilməsi barədə düşünməli, xarici ölkələrə gedib şirkətlərlə danışıq aparmalıdır: «Stabil dövlətdir, investisiya qoymaqla bağlı ciddi problem yoxdur, regionda ən stabil dövlətdir, sərmayə üçün də ən vacib məsələ budur».

«Sağlam rəqabət mühiti də vacibdir»

Azər Mehtiyev
Azər Mehtiyev

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyin rəhbəri Azər Mehtiyev də stabilliyi xüsusilə xarici sərmayədarlara əlverişli və vacib sayır, ancaq bunun yeganə amil olduğunu düşünmür. İqtisadçıya görə, ölkənin biznes mühitində sağlam rəqabət stabillik qədər gərəklidir.

Buna da bax: ​«Azərbaycan qapalı ölkəyə çevrilmək təhlükəsindədir»

Azər Mehtiyev deyir, xarici ölkələrdən kiçik və orta biznes sərmayədarlarını cəlb etməkdən ötrü əvvəlcə yerli iş adamlarına şərait yaradılmalıdır: «Bu şərait qanun qarşısında hamının bərabərhüquqlu olması, mülkiyyət hüququnun qorunması, ədalətli, müstəqil məhkəmə sistemi deməkdir. Bunlar olmayınca, ölkəyə xarici sərmayədarın gəlişini gözləmək sadəlövlükdür. İnhisarçılıq, xüsusilə, məmur sahibkarlığı aradan qaldırılmalıdır».

Millət vəkili Vahid Əhmədov ölkədə inhisarçılığın, rəqabətliliyin süni şəkildə pozulması hallarının mövcudluğunu təsdiqləyir, ancaq ümid edir ki, bu məsələ həllini tapa bilər. «Əsas dövlətin stabilliyidir, o da var», müsahibimiz bir daha vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG