Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:15

Hakim vəkildən şikayət etdi


Ədalət məhkəməsi abidəsi (Rusiya)
Ədalət məhkəməsi abidəsi (Rusiya)

Səbayel Rayon Məhkəməsinin hakimi Elmar Rahimov vəkil Zibeyda Sadıqovadan Vəkillər Kollegiyasına müraciət edib. Hakim müraciətini vəkilin məhkəməyə order təqdim etməməsi ilə əsaslandırıb.

Bu haqda «Turan» İnformasiya Agentliyinə vəkilin özü məlumat verib.

Z. Sadıqova müstəqil jurnalist Aytac Əhmədovanın ötən ilin sentyabrında qanunsuz saxlanması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması, qeyri-insani rəftara məruz qalması işində müdafiəçidir. Ötən il həmin olayla bağlı cinayət işinin başlanılması istənilsə də baş prokurorun müavini bu tələbi rədd edib.

Buna da bax: ​Hakimiyyətin “jurnalistlər üzərinə amansız hücumları” pislənir

Jurnalistin vəkilləri iyunda prokurorluğun qərarından məhkəmə nəzarəti qaydasında şikayət ediblər. Səbayel Rayon Məhkəməsi şikayətə 3 ay sonra - sentyabrın 5-də baxıb. Ancaq yenə şikayəti baxılmamış saxlamaq barədə qərar verib.

Z. Sadıqova məhkəmənin qərarının tamamilə qanunsuz olduğunu bildirib.

«Cinayət Prosessual Məcəllənin tələbinə görə, hakim nəzarət qaydasında işlərdə 2 qərardan birini qəbul edə bilər. Birinci halda məcəllənin 451.1.1-ci maddəsinə əsasən, barəsində şikayət verilmiş hərəkəti və ya qərarı qanuni saymalıdır. Ya da məcəllənin 451.1.2 maddəsinə uyğun olaraq həmin hərəkət və ya qərarı qanunsuz hesab etməlidir. Cinayət prosessual qanunvericilik başqa qərarın verilməsini mümkünsüz sayır», deyən vəkil 3 gün ərzində sözü gedən qərardan şikayət edəcəyini bildirib.

Z. Sadıqova həmçinin, Səbayel Rayon Məhkəməsinin hakiminin ondan qanunsuz olaraq order tələb etdiyini bildirib.

«Hakimin bu tələbi qanunsuz idi. Qanunvericiliyə görə, vəkildən müdafiə etdiyi şəxs zərərçəkmiş qismində tanındığı halda order tələb oluna bilər. Buna baxmayaraq, hakim order təqdim etməmənin qanunsuz olması əsası ilə Vəkillər Kollegiyasına müraciət göndərəcəyini elan etdi», vəkil bildirib.

Jurnalist A. Əhmədovanı ötən ilin sentyabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları 5 saat saxlamışdılar. O zaman jurnalisti yaşadığı mənzilə aparmış, kompüterini götürmüş, sorğu-sual edilmişdi.

Buna da bax: MeydanTV-nin müxbirləri yenidən istintaqa çağrıldı

O zaman A. Əhmədovanın saxlanması xaricdən yayımlanan Meydan TV-yə açılmış cinayət işi ilə izah edilmişdi.

Hakimlərin Vəkillər Kollegiyasına bu tip müraciətləri isə adətən vəkillərin cəzalandırılması ilə nəticələnir. Belə müraciətlərə görə, vəkil rəsmi xəbərdar oluna, habelə vəkillikdən kənarlaşdırıla bilər.

Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından belə müraciətlər əsasında uzaqlaşdırılıblar.

XS
SM
MD
LG