Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

Astarada Baxşıyevlər ailəsi açıq havada gecələyir


Ev
Ev

Astara rayonu ərazisində intensiv yağan yağış Sərək kənd sakini Müsəfər Baxşıyevin evini yararsız hala salıb.

Onun evi ötən əsrin 80-ci illərində gildən tikilib. Evin ağac dirəkləri çürüdüyündən yağışa davam gətirə bilməyib. Əsas divar və tavan çöküb. Döşəmələr dağılıb. Otaqlar yararsız hala düşüb.

«QOHUM MƏNİ NƏ QƏDƏR SAXLAYAR?»

Evin sahibəsi Rəna Baxşıyevin dediyinə görə, hadisə dünən, sentyabrın 4-də səhər saatlarında baş verib: «Səhər idi, yatmışdıq. Gördüm nə isə gəlir üstümüzə. Durdum ayağa, uşağı çağırdım. Onu dartıb çıxartdım bayıra. Gördüm işıq fəsad törədəcək, onu söndürə bildim. Qazı da ayırdım. İndi həyətdə qalmışıq. Deyirlər ki, qohumlarda qalın. Qohum məni nə qədər saxlayar? Üç uşağım var. Biri ali məktəbdə təhsil alır. Onun təhsil haqqını çatdıra bilmirik. Biri məktəblidir, hələ onun üçün kitab-dəftər ala bilməmişəm. Əyin-başı pis gündə. Özüm əməliyyat olunmuşam. Ailədə işləyən təkcə mənəm, xadiməlik edirəm».

«TELEVİZOR, SOYUDUCU, QAB-QACAQ SIRADAN ÇIXIB»

Evdən çıxarılan yorğan-döşək yağışın altında qalıb. Həyətə səpələnmiş ev əşyaları gözə dəyir. Rəna Baxşıyevanın anası Humra Elşadova qızının ailəsinin çıxılmaz vəziyyətə düşdüyünü bildirir: «Ev uçub üstümüzə. Rayon icra hakimiyyətindən, kənd icra nümayəndəliyindən, bələdiyyədən gəlmişdilər. Dedilər 500 manat sizə kömək edə bilərik. Tikinti materialları satan mağazaya tapşıracaqlar ki, bu məbləğdə bizə yardım etsin. O pul nəyə çatar? Televizor, soyuducu, qab-qacaq sıradan çıxıb. Bu nə müsibətdir?».

Humra Elşadova göz yaşlarını silir. Hökumətin onlara dəstək verəcəyinə sübhə ilə yanaşdığını dilə gətirir: «İnamım yoxdur. Amma əl tutmalıdırlar».

Evdən çıxarılan yorğan-döşək.
Evdən çıxarılan yorğan-döşək.

MƏKTƏBLİ SOĞAN YIĞIB, ÖZÜNƏ PALTAR ALACAQ

Rəna Baxşıyevanın atası Cavanşir Kamalovun deməsinə görə, qızının ailəsinin harada qalacağı, hələ də məlum deyil: «Gəldilər, baxdılar və getdilər. Dedilər, palatka verərik, hələlik, versinlər, ailə vəziyyətdən çıxsın. Deyirlər 500 manat dəyərində mağazadan tikinti materialları götürün. Bu, heç taxtaya çatmır. Ailənin bir üzvü, oğlan uşağı, məktəbli Ağdama gedib soğan yığsın ki, özünə məktəb ləvazimatları alsın. 112-yə, Fövqəladə Hallar Nazirliyinə zəng vurmuşuq. Biz deyirik, ev uçub, deyirlər ki, baxarıq. Bu nə nazirlikdir? Tısbağa bundan bərk gedir. Bunlar dərhal tədbir görməli idilər. Hanı? Televiziyalara da bildirmişik. Gələn yoxdur».

QONŞU: «TUTAQ Kİ, MƏN EVİMDƏ 10 GÜN SAXLADIM...»

Baxşıyevlər ailəsinin qonşuları da deyirlər ki, ətrafda yaşayanların hamısı kasıb və işsizdirlər. Onların da imkanları yoxdur ki, qonşularına kömək etsinlər: «Səhər evdə idim, səs gəldi. Elə bildim ağac aşdı. Gördüm ki, qonşumun evi yıxılıb. Qonşuların heç birisinin imkanı yoxdur. Qonşuların əlləri heç yerə çatmır. Çöldə qalıblar. Bu yazıqların evi yoxdur. Yağış yağır. Tutaq ki, mən evimdə 10 gün saxladım. Bir başqası da bu qədər saxladı. Belə olmaz. Bunun ayı var, ili var, üstəlik uşaq var, yeməyi, içməyi var. Dövlət eləməlidir, dövlət baxmalıdır. Dövlət baxsa, yaxşı olar».

Qonşular
Qonşular

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR

Astara rayon İcra Hakimiyyəti aparatının məsul işçisi Xanverdi Şirinov deyir ki, Baxşıyevlər ailəsinə ilkin yardım edilib və bu barədə müvafiq orqanlara məlumat verilib: «Bizdə belə fond yoxdur ki, böyük yardımlar edək. İcra hakimiyyəti başçısının təşəbbüsü ilə ailəyə 500 manat yardım edilib. İmkanları nəzərdən keçirdirik. O ailə özü üçün yeni ev tikir, yarımçıqdır. Orda yaşayış üçün şərait yaratmaq olar. Orda palatka yaramır. Kənd icra nümayəndəsinə, bələdiyyəyə tapşırıqlar verilib. Fövqəladə Hallar Nazirliyinin bölgə nümayəndəliyinə məlumat verilib. Onlar gəlməlidirlər».

Ölkə prezidenti sentyabrın 3-də Masallı, Biləsuvar, Salyan rayonlarında olarkən bir çox obyektlərin açılışını edib. Ölkədə 1 milyon 300 min iş yerin açıldığını dilə gətirib. Salyan şəhərində Şirvan-Muğan magistral su xəttinin açılışında nitq söyləyib. Prezident deyib: «Azərbaycan inamla inkişaf edir. Bütün regionlar inkişaf edir».

XS
SM
MD
LG