Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

Aviaşirkət 5 yaşlı uşaqları səhv salaraq, yanlış şəhərlərə göndərib


Foto illüstrasiya

Foto illüstrasiya

Nyu-Yorklu qadın danışır ki, o xəbəri öyrənəndə göz yaşlarını saxlaya bilməyib. Çünki aviaşirkət onun 5 yaşlı oğlunu digər həmyaşıdı ilə səhv salaraq, başqa şəhərə göndərib.

Maribel Martinez Nyu-Yorkda dərc olunan «Daily News» qəzetinə deyir ki, «JetBlue» şirkətinin ştatlı əməkdaşları ona oğlunun yerinə başqa uşağı təqdim edəndə şoka düşüb. Hadisə avqustun 17-də Kennedi aeroportunda olub.

«HƏYƏCANLANDIM Kİ, ONU OĞURLAYIBLAR»

O, «JetBlue» əməkdaşlarına «Bu, mənim uşağım deyil» dediyini yada salır: «Mən əməlli-başlı təşvişə düşmüşdüm».

Martinez-in vəkili Sanford Rubenstein-in sözlərinə görə, həmin uşaq Bostona uçmalı imiş. Ancaq onun əvəzinə Martinez-in oğlu Andy oraya göndərilib. Andy-nin harada olmasının aydınlaşdırılması və sağ-salamat evə qaytarılması üçün aviaşirkətə bir neçə saat vaxt tələb olunub.

«Mən həyəcanlandım ki, onu oğurlayıblar»,- Martinez söyləyir. «Fikirləşirdim ki, onu bir də heç vaxt görə bilməyəcəm. Onun sağ olub-olmadığını da bilmirdim. Hələ də yadıma düşəndə ağlamaqdan özümü saxlaya bilmirəm».

«UŞAQLAR MÜŞAYİƏTSİZ MİNDİRİLİBLƏR»

Hər iki 5 yaşlı oğlan təyyarəyə Dominikan Respublikasında müşayiətsiz olaraq miniblər. Martinez-in sözlərinə görə, onun oğlunun qolunda üstündə adı yazılmış bilərzik var idi. Amma problem ondaydı ki, səhvən gələn digər oğlan Andy-nin pasportunu daşıyırdı.

Aviaşirkətdən bildiriblər ki, Nyu-Yorka gəlmiş həmin uşaq sağ-salamat Bostona qaytarılıb. «JetBlue» yaranmış qarışıqlığın necə baş verdiyini araşdırır.

«İki eyniyaşlı uşaq ailə nəzarəti olmadan Dominikan Respublikasından biri Nyu-Yorka Kennedi hava limanına, digəri Bostona aparılmalı idi. Ancaq balacalar səhv istiqamətdə yola salınıb. Səhvin baş verdiyini öyrənən kimi bizim Kennedi hava limanındakı və Bostondakı heyətimiz uşaqların tapılması və lazım olan istiqamətə göndərilməsi üçün çevik addımlar atdılar», - aviaşirkətin bəyanatında belə deyilir.

«JetBlue» uşaqların bütün bu müddət ərzində aviaşirkətin ekipaj üzvlərinin müşahidəsi və nəzarəti altında olduqlarını bildirir. «Amma biz bu vəziyyətin onların ailələri üçün narahatlıq yaratdığını da başa düşürük», - deyə üzrxahlıq edilir.

AVİAŞİRKƏTƏ UŞAĞI MÜŞAYİƏT ETMƏLƏRİ ÜÇÜN 100 DOLLAR ÖDƏYİBMİŞ

Martinez iyulun 28-də ailəvi istirahət etmək üçün oğlu ilə bərabər Dominikana uçub. Bir həftə sonra o, Andy-ni qohumları ilə qoyaraq Manhettenə, evinə qayıdıb. Əks istiqamətə bilet alarkən o, uşağı «JetBlue» aviaşirkətinin əməkdaşlarının müşayiət etməsi üçün əlavə 100 dollar ödəyib.

«UŞAQ MƏNƏ DEDİ Kİ...»

Maribel Martinez qəzetə müsahibəsində deyib ki, Andy-ni Bostonda tapmaq üçün aviaşirkətə üç saatdan artıq vaxt lazım olub: «Onlar bizi telefonla danışdıranda uşaq «Ana, məni başqa təyyarəyə mindirdilər» söylədi».

Aviaşirkət elə həmin gün Andy-ni Kennedi hava limanına gətirib. «JetBlue» Martinez-ə Andy-nin qayıdış bileti üçün ödədiyi 475 dolları geri qaytarıb. Şirkət ailə üçün daha bir jest edib, ailəyə gələcək uçuşlar üçün 2100 dollar kredit verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG