Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:18

Bakıdakı tikintilər neçə bala davam gətirər?


«Şahdəniz-2» platformasının özül-dayaq bloklarının dənizə yola salınması
«Şahdəniz-2» platformasının özül-dayaq bloklarının dənizə yola salınması

İqtisadiyyatın inkişafı, tikintilərin zəlzələyə davamlılığı, işsizlik problemi bugünkü medianın aparıcı mövzusudur.

İQTİSADİYYATIN İNKİŞAF NÜMUNƏSİ

«Azərbaycan» qəzetində «Azərbaycanın gördüyü böyük işlər möhkəm bünövrəyə əsaslanır» sərlövhəli məqalə yer alır.

Yazı bu günlərdə «Şahdəniz-2» platformasının özül-dayaq bloklarının dənizə yola salınmasına həsr edilib. Müəllif bu faktı Azərbaycanın iqtisadi inkişaf yolunda atdığı daha bir uğurlu addım kimi dəyərləndirir. Müəllifə görə, dayaq bloklarının Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınması da təsadüfi deyil: «O zavoddan ki, keçən əsrin 70-80-ci illərində onun məhz Azərbaycanda tikilməsi ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliyi və mübarizəsi ilə gerçəkləşmişdi», - müəllif qeyd edir.

Yazıda dayaq bloklarının dənizə yola salınmasını həm də Avropanın dərinliklərinə uzanacaq qaz kəmərinin çəkilişi ilə bağlı işlərin möhkəm özüllər üstündə durması kimi dəyərləndirilir. Müəllif yazır ki, blokların quraşdırılması prosesində əməyi olanların 90 faizi Azərbaycan vətəndaşıdır: «Vaxtilə xarici şirkətlərlə birgə həyata keçirilən layihələrdə az sayda yerli sakinlər çalışırdı. Azərbaycan dövləti həmin layihələrdə işləyənlərin əksəriyyətinin yerli vətəndaşların olmasını qarşıya məqsəd qoymuşdu ki, indi bu, artıq reallığa çevrilib».

Tikinti
Tikinti

«XRUŞŞOVKA»LAR ZƏLZƏLƏYƏ DAHA DAVAMLIDIR

«Exo» qəzetində «Bakıdakı tikintilər neçə bala davam gətirər?» sərlövhəli məqaləni oxumaq olar.

Müstəqil Arxitektorlar Birliyinin sədri Zemfira Budaqova qəzetə bildirib ki, hansı binaların zəlzələ vaxtı dağıla biləcəyini indidən söyləmək mümkünsüzdür. Ancaq o qeyd edir ki, bəzi binalar risk zonasında yerləşir: «Söhbət metronun «Sahil2 stansiyası üzərində tikilən binadan gedir, bu bütün arxitektura normalarına zidd, metropoliten üzərindəki boşluqda tikilib». Ekspertə görə, qatarların daimi hərəkətindən irəli gələrək onsuz da davamsız olan binanın özülləri yerindən oynayıb.

Ekspertə görə, bu mənada daha bir bina risk zonasındadır: «Bu, Bakının simvolu olan «Flame Towers» binasıdır. Belə bir binanın sürüşmə zonasında tikilməsi düşünülməmiş addımdır».

Ekspertə görə, sovet dönəmində tikilən binalar 7-8 bal zəlzələyə hesablanaraq inşa edilib. Amma son illərdə qlobal istilikdən irəli gələrək buzlaqların əriməsi ilə qrunt suları əhəmiyyətli dərəcədə artıb. Bu isə bünövrələri zəiflədir, odur ki, köhnə binaların 8 bal zəlzələyə davam gətirməsi inandırıcı deyil.

Zemfira Budaqovanın fikrincə, XX əsrin 60-cı illərində tikilmiş «xruşşovka» tipli binalar daha davamlıdır. O,yeni tikintilərin 9-10 bal zəlzələyə hesablanaraq tikildiklərini deyir, amma bunun nə qədər gerçək olmasını sual altına alır.

Respublika Seysmoloji Mərkəzinin rəhbəri Qurban Yetirmişli də təsdiq edir ki, hündürmərtəbəli binaların tikintisində etibarlı konstruksiyalardan istifadə olunur.

Bakıda əmək yarmarkası
Bakıda əmək yarmarkası

İŞSİZLİK HARAYI: MƏNƏ KÖMƏK EDİN!

«Bizim Yol» qəzeti «Bakıda gənc aclıqdan huşunu itirib yıxıldı» sərlövhəli məqaləni təqdim edir.

Yazıda deyilir ki, himayəsində azyaşlı qızı və əlil anası olan İlkin Ağazadə paytaxta iş axtarmağa gəlibmiş. O, ictimaiyyətdən kömək istəyir: «Yaşamaq üçün mənə təcili iş lazımdır».

İ.Ağazadə probleminin ictimailəşməsini və iş tapmaqda kömək istədiyini bildirib. Bərbər peşəsinə yiyələnən İlkin bir ildir ailəlidir və bir övladı var. İş axtarmaq üçün müxtəlif təşkilatlara müraciət etsə də, bu müddət ərzində ona daimi işi təklif olunmayıb: «Müraciət etdiyim hər yerdən «gedin, biz sizinlə əlaqə saxlayacağıq» deyiblər. Mən bərbərəm, amma dekorasiya işlərini də bacarıram. Hotellərə müraciət etmişəm. Bu istiqamətdə hotellərdə və şadlıq saraylarında müəyyən işlər görmüşəm. Yəni təcrübəm var. Amma daimi işim yoxdur»,-deyə İ.Ağazadə bildirir.

Məhkəmə
Məhkəmə

MƏHKƏMƏYƏ KİM GETSİN: BANKMI, VƏTƏNDAŞMI?

«Yeni Müsavat» qəzeti yazır ki, banklarla kredit borcu olan vətəndaşlar arasında çəkişmələr davam edir. Borcluların bir qismi krediti ödəməkdən imtina edib, bir qismi isə ödəməkdə çətinlik çəkir. Bu səbəbdən də ölkə üzrə problemli kreditlərin həcmi artaraq, rekord həddə-1.5 milyard manata çatıb.

Qəzet araşdırıb ki, borcunu ödəməkdə çətinlik çəkən vətəndaş kredit müqaviləsinin dayandırılması üçün məhkəməyə necə müraciət edə bilər? Bunun üçün hansı prosedurlardan keçməlidirlər? Bankların vətəndaşları məhkəməyə verməsi, yoxsa vətəndaşın bu addımı atması problemin həllində daha effektivdir?

Bu sualları cavablandıran hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, bankların ilk olaraq məhkəməyə müraciət etməsi vətəndaş üçün daha uğurlu variantdır: «Əlbəttə, istənilən vətəndaş hesab etsə ki, banka borcunu tam bağlayıb, lakin bank heç bir əsas olmadan ondan əlavə ödənişlər etməsini tələb edir, vətəndaş məhkəmədə banka qarşı iddia qaldıra bilər. İddia predmeti də bağlanmış kredit müqaviləsinə xitam verilməsi olacaq».

Əkrəm Həsənov deyir ki, vətəndaş banka müraciət etdiyi təqdirdə müəyyən qədər məhkəmə xərci yaranacaq, yəni dövlət rüsumları ödənilməlidir, vəkilə ehtiyac yarana bilər: «Buna görə də məsləhət görərdim ki, vətəndaşlar məhkəməyə özləri müraciət etməsinlər. Yaxşı olar ki, onları bank məhkəməyə versin».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG