Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:16

Rəsmən, varlılar da kasıblar qədər yeyir...


İllüstrasiya
İllüstrasiya

►Ekspert: «Gəlir bərabərsizliyini görmək üçün qonşuna bax»

Rəsmi statistikaya inansaq, Azərbaycanda kasıblarla zənginlər arasında gəlir fərqi 2,4 dəfədir.

Ekspertlər buna şübhə ilə yanaşır. Onların fikrincə, əslində gəlir qrupları üzrə 1-ci və 10-cu pillədə dayananların arasında dərin uçurum var.

Kasıb da təxminən varlı qədər xərcləyir

Bu günlərdə Dövlət Statistika Komitəsi (DSK) əhalinin gəlirləri və istehlak xərcləri desilləri (ev təsərrüfatlarının sayına görə, 10 bərabər 10 faizlik qrup) üzrə 2015-ci ilə dair məlumatları açıqlayıb.

Bu məlumata görə, birinci qrupa daxil olan ailələrdə adambaşına aylıq xərcləmələr 163 manat 30 qəpik, onuncu qrupda qərarlaşan ailələrdə isə 395 manat 70 qəpik düşüb.

Hesablamalara görə. formal olaraq «kasıb» adlandırılan birinci qrupdakı ailələr gəlirlərinin 54 faizini, «zənginlər» isə 28,6 faizini ərzağa xərcləyirlər. Birincilər istirahətə büdcələrinin 3,3, 10-cular isə 24,9 faizini yönəldirlər.

Sağlamlığa çəkilən xərclər arasında 4 dəfə fərq var: birinci 10-luğa düşən ailələr səhiyyəyə ayda adambaşına 6,1 manat, 10-cular isə 24,7 manat sərf edirlər. Kasıbları zənginlərə yaxınlaşdıran siqaretdir.

Rəsmi məlumata görə, birinci qrup ailələrdə aylıq siqaret xərci adambaşına 2 manat 10 qəpik, 10-cu qrup ailələrdə isə 2 manat 80 qəpikdir.

Buna da bax: Prezidentin göstərişi, 2159-cu il və kakao qoxusu...

Kasıb varlı qədər ət yeyirmiş

Karikatura
Karikatura

Yenə həmin rəsmi hesablamalara görə, kasıbla zənginin süfrəsini qətiyyən bir-birindən ayırmaq olmur.

Yəni, məsələn, kasıb ildə adambaşı 136,1 kiloqram çörək və çörək məhsulları yeyir, varlı da təxminən bir o qədər – 140,1 kq. Kasıbın qazanında 32 kq ət qaynayır, varlının – 36 kq. Yaxud, kasıb 75,5 kq meyvə və giləmeyvə yeyir, varlı ondan 4,6 kq çox. Balıq bir ildə kasıb ailələrinə adambaşı 6,7 kq düşür, varlılar isə bundan 1,2 kq çox .

Başqa ərzaq məhsullarında da oxşar vəziyyətdir. Süd, süd məhsulları (268 - 279,1 kq), qənd, qənnadı məhsulları (28,6 - 32 kq), yumurta (155,2 - 161 ədəd), kartof (70,6 - 72,5 kq) . Belə çıxır ki, kasıbla varlının təminatında fərq ya yoxdur, ya da çox azdır.

Ekspert: «Gəlir bərabərsizliyini görmək üçün qonşuna bax»

Azərbaycanda əhalinin sosial durumunu təhlil edən iqtisadçı ekspert Rövşən Ağayev yazır:

«Təsəvvür edin ki, ölkədə bir tərəfdə sərvətinin dəyəri milyardlarla ölçülən onlarla, milyonlarla ölçülən yüzlərlə ailə təsərrüfatı var. O biri tərəfdə gündəlik çörək pulu uğrunda mübarizə aparan on minlərlə ailə. Aşağı və yuxarı əhali qruplarının sərvətlərinin dəyəri arasında fərqin 100 dəfələrlə ölçüldüyü ölkədə gəlir bərabərsiziliyinin cəmi 2 dəfə olmasına inanmamaq üçün ekspertliyə belə ehtiyac yoxdur».

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

Zənginlər qapı açmır

Məsələnin ciddiliyini nəzərə alaraq Azadlıq Radiosu şübhə doğuran məqamlarla bağlı sualları DSK-ya ünvanlayıb.

Komitədən deyiblər ki, həm gəlirlər, həm də xərclər barədə məlumatlarda nə mütləq yoxsulların, nə də həddən artıq zənginlərin barəsində məlumatlar öz əksini tapır. Səbəb kimi kasıbların özləri haqda məlumat verməkdən çəkinməsi, zənginlərin isə qapısına yaxın düşməyin mümkün olmaması göstərilir.

Belə çıxır ki, ailələrin gəlir və xərcləri haqda hətta rəsmi məlumatlar belə səhih deyil. Ən azından, ölkədə yoxsullar və varlılar arasında gəlir bərabərsizliyini əks etdirmir.

Hədəf - zənginlərin «hasarından o taya keçmək»

Komitədən Azadlıq Radiosuna onu da deyiblər ki, hazırda Azərbaycan Sahibkarlar Konfederasiyası və İqtisadiyyat Nazirliyi ilə birgə zənginlərin «hasarından o taya keçməyin» yolları axtarılır. İlkin mərhələdə nəzərdə tutulur ki, 20 zəngin ailənin anonim siyahısı əsasında təhqiqat aparılsın.

DSK-ya qapı açmayana cəza kəsilə bilər

Yaxın illərdə ev təsərrüfatlarının təhqiqatının daha da təkmilləşdirilməsi məqsədilə hüquqi-normativ sənədlərdə dəyişikliklərin olacağını da gözləmək olar.

Beynəlxalq qurumların tövsiyyəsi odur ki, müayinə olunası ev təsərrüfatlarının siyahısına salınan, lakin məlumat verməkdən imtina edən, yaxud yanlış məlumat verən aillələrə qarşı inzibati qaydada tədbir görülsün.

0,5 faiz ailəyə görə, hamıya qiymət qoyulur

Ev təsərrüfatlarının müayinəsinə 2015-ci ildən başlayaraq 10200 ailə və ya 41 min şəxs cəlb olunur. Tədqiq olunan ailələrin 30,2 faizi iri şəhərlərdə, 22,7 faizi rayon mərkəzlərində, 47,1 faizi isə kənddə yaşayır.

Metodologiyaya görə, ölkədə həyat səviyyəsinin ölçülməsi əhalinin müxtəlif qrup və təbəqələrini təmsil edən ev təsərrüfatlarının 0,5 faizinin öyrənilməsi əsasında aparılır.

Karikatura
Karikatura

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG