Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:43

Müxalifətçilərin çörək imtahanı


Qrossmeyster Sergei Karyakin
Qrossmeyster Sergei Karyakin

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadası, həbs edilən müxalifətçilərin ailə vəziyyəti, manatın ucuzlaşması və ölkə vətəndaşlarının müalicə üçün xaricə getmələrinin səbəbləri bu gün medianın əsas mövzularıdır.

ZƏKA SAHİBLƏRİNİN YARIŞI BAŞLAYIR

«Azərbaycan» qəzetində «Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir» sərlövhəli məqalədə Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasından bəhs edilir.

Müəllif yazıya dövlət başçısı İlham Əliyevin Olimpiada iştirakçılarına ünvanladığı məktubdan sitatla başlayır: «Son illərdə şahmat üzrə dünya və Avropa miqyaslı yüksək statusa malik yarışların ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrində də baş tutması Azərbaycanın dünyanın şahmat mərkəzlərindən birinə çevrilməsi yolunda atılmış mühüm addımdır. İnanıram ki, bu Şahmat Olimpiadası da ölkəmizdə bu intellektual oyunun təbliğinə öz layiqli töhfəsini verəcək. Ümidvaram ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu qədim oyunun tarixinə yeni uğurlu səhifələr yazacaq, ölkələr arasında sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək».

Yazıda qeyd edilir ki, bu olimpiadaya dünyanın 176 ölkəsindən 181 kişi və 142 qadın komandası qatılacaq.

Müəllif Olimpiadaya dünya mətbuatının marağının da çox böyük olduğunu qeyd edir. Yazıda vurğulanır ki, bu yarışları işıqlandırmaq məqsədi ilə 248 jurnalist qeydə alınıb, bundan 150-si yerli media nümayəndələridir.
Müəllif bildirir ki, Azərbaycanı bu yarışlarda 3 qadın, 3 kişi olmaqla 6 komanda təmsil edəcək. Ölkələrin komandalarında dünyanın aparıcı şahmatçıları yarışacaqlar: «42-ci Ümumdünya Şahmat Olimpiadasının reytinq-favoritində orta reytinqi 2700-dən çox olan kollektivlər - Azərbaycan, Rusiya, ABŞ və Çin komandaları yer alıb. Şahmat üzrə dünya çempionu Magnus Carlsen Norveç komandasında yarışacaq».

Yazıda bildirilir ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu «Şah Oğlan»dır.

Fuad Əhmədli
Fuad Əhmədli

AİLƏYƏ YEGANƏ ÇÖRƏK GƏTİRƏN TUTULANDA...

«Azadlıq» qəzetində «Çörəksiz atanın oğlu tutanda...» başlıqlı yazı oxumaq olar.

Yazıda AXCP fəalı Fuad Əhmədlinin «gülençi» ittihamı ilə həbsindən və onun ailəsinin üzləşdiyi problemlərdən bəhs edilir. F.Əhmədlinin atası Zəfər Əhmədov evlərindən Fethullah Gülen-in kitablarının tapılması barədə hüquq-mühafizə orqanlarının açıqlamalarını əsassız adlandırıb: «Oğlum heç vaxt dindar olmayıb, hətta onu içki içdiyi üçün danlamışam»,- deyə ata qeyd edib.

Z.Əhmədov bildirib ki, avqustun 18-dən həbsdə olan oğluna göndərilən geyimləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qəbul etməyib: «Göndərdiyimiz geyimi DTX-da qəbul eləmirlər. O, həmçinin dərmansız da qalıb. Orada hər gecə ağrıları olur. Ona ümumiyyətlə qapalı, havasız yerdə qalmaq olmaz. Pnevmotoraksdan (Plevra boşluğuna havanın toplanması. Pnevmotoraks – spontan, yəni öz-özünə və travmalar nəticəsində tibbi müdaxilələrlə meydana çıxa bilər-R) əməliyyat olunub. Çox uzun müddət müalicə alıb. Bu şəraitdə qalmağı onun üçün ölümə bərabərdir».

Z.Əhmədli qəzetə deyib ki, «Azerfon» şirkətinin Zənglər mərkəzində operator işləyən oğlunun məxfi məlumatlara çıxışı olmayıb və o, onunla birlikdə həbs olunan üç nəfəri tanımır: «Vəkilin dediyinə görə, Fuad ona deyib ki, bir nəfər ondan filan zəngin haradan gəldiyini bilmək istəyib. O da mesajla yazıb ki, (onun öz telefonunda da qalıb, həmin qohumumun telefonunda da yəqin ki, qalır - Z.Ə.) məndə belə bir məlumat olmur, mən onu sənə necə verə bilərəm?!».

Z.Əhmədli oğlunun həbsi ilə həm də maddi çətinliyə düşdüklərini bildirir. Onun bildirməsinə görə, ailə F.Əhmədlinin gəliri ilə dolanırmış: «Ailə Fuadın zəhmət haqqının hesabına dolanırdı. Gördüyünüz evi Fuadın maaşının hesabına tikmişəm. Fuadın böyük köməyi olub və sonda böyük bir kredit borcu əmələ gəlib. O vaxtdan da mən işləmirəm, işsizəm. Ancaq Fuadın maaşı hesabına biz o kredit borcların vermişik, ailə onun hesabına dolanıb. Təsəvvür edin ki, ailənin yeganə çörəkgətirənidir. Biz çörəkgətirəndən də məhrum olduq, lap buraxsalar da, yəqin ki, yenə işə bərpa etməyəcəklər».

Həkim
Həkim

HƏYATIMIZI YERLİ HƏKİMLƏRƏ ETİBAR EDƏKMİ?

«Novoye Vremya» qəzetində «Səhiyyə Nazirliyi əqrəbləri dəyişdirir» sərlövhəli yazıda ölkə səhiyyəsinin vəziyyəti dəyərləndirilir.

Müəllif bildirir ki, yaxın vaxtlarda «ASAN-xidmət»də tibbi müayinələr təşkil edilməlidir. Yazıda qeyd edilir ki, bunun müsbət tərəfi var: «Sevindirici hal odur ki, rəsmi ödənişlərdən əlavə, heç kəs rüşvət tələb etməyəcək».

Müəllif həkimlərin məsuliyyətinə də toxunur. Yazıda deyilir ki, bu yaxınlarda Bakıda artıq dünyasını dəyişmiş yaşlı xanımın xəstə ayağı əvəzinə sağlam ayağının kəsiblər: «Əvvəlcə faktı inkar etmək istədilər, qadının kəsilən ayağının da sağlam olmadığını dedilər. Fakta baxmayaraq, cərrahı işdən azad etmək istəmədilər. Amma sonunda, heç olmasa, bu qərar qəbul edildi».

Müəllif yazır ki, ölkədə cərrahiyyə əməliyyatlarının da qiymətləri artıb. Aorta-koronar şuntlama əməliyyatı üçün 8-9 min manat tələb edilir. Müəllif ölkə əhalisinin 90 faizinin belə məbləği ödəmək gücündə olmadığını vurğulayır.
Yazıda ölkə vətəndaşlarının müalicə üçün İrana, Türkiyəyə, Avropaya getmələri Azərbaycan səhiyyəsinin anormallığının nəticəsi adlandırılır.

Manat
Manat

MANAT NƏDƏN UCUZLAŞIR?

«Bizim Yol» qəzetində «Manatın ucuzlaşmasının üç əsas səbəbi» sərlövhəli yazıya yer verilib.

Yazıda İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun milli valyutanın sürətlə dəyərdən düşməsinin səbəbləri ilə bağlı fikirləri açıqlanıb.

Q.İbadoğlu yenidən valyuta bazarlarında gərginlik olduğunu diqqət mərkəzinə çəkib: «Bir neçə gündür ki, valyuta satışının əsas dövriyyəsi «qara bazar»larda müşahidə olunur. Rəsmi və qeyri-rəsmi məzənnələr arasında fərq 10 faizə yaxınlaşır».

İqtisadçıya görə, ölkədə yaşanan dollar qıtlığının başlıca səbəbini milli iqtisadiyyatda, xüsusilə də qeyri-neft ixracatında yaranmış acınacaqlı durumda axtarmaq lazımdır. Onun fikrincə, ölkədən xaricə kapital axını isə Mərkəzi Bankın mövcud situasiyaya adekvat olmayan siyasətinin nəticəsidir.

Ekspert bu məlumatlara da diqqət yetirməyi tövsiyə edir: «Gömrük məlumatına görə, bu ilin 6 ayında ümumi ixracat gəlirləri 3 milyard 821 min 500 dolar olub. Ondan qeyri-neft ixracının payına 584 milyon 500 min dollar düşür. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz azdır. Beləliklə, son 6 ayda ümumi ixracdan adambaşına 402 dollar, qeyri-neft bölməsinin ixracında isə 61.5 dollar düşüb».

Q.İbadoğlu deyir ki, bu ilin ilk 6 ayında ölkəyə idxal malları gətirmək üçün 4 milyard, hər ay 666 milyon dollarlıq valyuta xərclənib. Odur ki, ixracatdan əldə edilən gəlirlər heç idxalı maliyyələşdirməyə belə yetərli deyil. Ekspert vurğulayır ki, bundan başqa, dövlətin, şirkətlərin, bankların borc öhdəliklərini, vətəndaşların cari ehtiyaclarını ödəməyə də əlavə valyuta qazanılmalıdır: «Valyutanı qazanmaq üçün rəqabətə dözümlü, yüksək texnologiyalı, innovativ mal və xidmət istehsal etmək lazımdır. İqtisadiyyatın modernləşdirilməsi üçün ölkəyə xarici sərmayələr gəlməli və əlverişli investisiya mühiti formalaşdırılmalıdır». Ekspertə görə, hələ ki, ölkədə belə mühit yoxdur.

Qubad İbadoğlu hökuməti vaxt itirmədən islahatlara başlamağa dəvət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG