Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:37

14 nəfərlik ailə üçün 'çıxış yolu yoxdur'


İllüstrasiya
İllüstrasiya

►"Getməyə yeri olmayan bu boyda ailəni necə çölə tökəcəklər, heç cür ağlıma sığışdıra bilmirəm."

“Bizdən əvvəl həmin evdə bir ailə 3-4 il yaşayıb. Sonra köçüb Rusiyaya gediblər, ev boşalıb. 1998-ci ildə icra hakimiyyəti bizi həmin evə yerləşdirdi ki, küçədə qalmayaq. Yaşamağa yararsız bir yer idi. Özümüz illərlə tikib düzəltdik. 18 ildə bircə dəfə də gəlib deyən olmadı ki, “bu ev başqasınındır”. Keçən il bir də gördük məhkəmədən bildiriş gəlib”.

Xızının Tıxlı kəndində 14 nəfərlik bir ailə küçədə qalmaq təhlükəsi ilə üzləşib.

“BİZİ ARXAYIN EDİBLƏR”

Oğul Ramin Rzayev AzadlıqRadiosuna danışır ki, 1998-ci ildə yaşadıqları ərazini sel basıb evlərini dağıdandan sonra rayon icra hakimiyyətinin o vaxtkı başçısı ailəni Xızı rayon Kommunal Müəssisələri Kombinatının ərazisindəki 20 sot torpağın üzərindəki bir evə yerləşdirib.

Ramin Rzayevin sözlərinə görə, evin nə qapısı, nə də pəncərəsi olub. Yaşamağa heç bir şəraiti olmayan evin ərazisini içərisində qala-qala genişləndiriblər. Ötən müddət ərzində ailənin başçısı Sədaqət Rzayeva evin və torpağın sənədləşdirilməsindən ötrü yerli icra hakimiyyətinə gedib gəlsə də, hər dəfə ona “içərisində yaşayırsan, ev sənindir, nə vaxtsa sənəd işi də düzələr” deyiblər:

“O vaxtdan bu tərəfə azı 7-8 başçı dəyişib. Hər dəfə anam quruma müraciət edəndə deyiblər ki, “narahat olmayın, heç kəs sizi o evdən və torpaqdan çıxara bilməz”. Kommunal xidmətlər anamın adına idi, bildirişlər də onun adına gəlirdi. 18 ildir ki, evin bütün kommunal xərclərini ödəyirik. İcra hakimiyyəti rəsmi qurum olduğundan ağlımıza da gəlmədi ki, bizi sadəcə arxayın edirlər. Ağlasığmazdır ki, o boyda icra hakimiyyəti bir vətəndaşı başqa bir vətəndaşın əmlakına, həm də özündən xəbərsiz yerləşdirə...”

SƏKSƏKƏ İÇİNDƏ

Rzayevlər ailəsinin sakit həyatı Rusiyadan qayıdan və mülkün sahibi olduğunu iddia edən Xankişi Əliyevin məhkəməyə müraciətindən sonra pozulub. O, Xızı rayon Məhkəməsində 14 üzvü olan ailənin torpaqdan və yaşayış yerindən çıxarılmasına dair iddia qaldırıb. İddiaçı məhkəməyə torpağa dair mülkiyyətçi sənədlərini təqdim edib.

Xankişi Əliyev torpaq və yaşayış sahəsinin zəbt olunduğunu iddia edib. Məhkəmə də onun sənədini əsas tutaraq iddiasını təmin edib. Rzayevlərin Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etdikləri şikayət təmin olunmayıb. İndi Rzayevlər hər an icra məmurlarının gələcəyi səksəkəsi ilə yaşayırlar.

Buna da bax: 'Hər işim qanunidirsə, 'şirinliyi' niyə verməliyəm?'

“AİLƏ ÖZÜ DÜŞÜNMƏLİDİR”

Ramin Rzayev:

“Evdə körpələr, yaşlı, xəstə insanlar var. Getməyə yeri olmayan bu boyda ailəni necə çölə tökəcəklər, heç cür ağlıma sığışdıra bilmirəm. Dəfələrlə icra hakimiyyətinə getmişik, indi əvvəlki kimi danışmırlar. Deyirlər, “adamın əlində sənədi var, çıxmalısız”. Deyirik, “axı, indiyə kimi niyə demirdiz ki, sizi başqasının əmlakına yerləşdirmişik? Biz də işimizi bilərdik, ən azı, bu qədər xərc çəkib tikib düzəltməzdik. O xərci gedib başqa yerdə torpaq alıb tikərdik””.

Xızı rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, Rzayevlər ailəsinin mübahisəli mənzilə yerləşdirilməsi 18 il əvvəl baş verdiyindən məsələdən təfərrüatı ilə xəbərdar deyillər. Çünki bu illər ərzində qurum rəhbərliyində bir neçə dəfə dəyişiklik olub. Hazırkı rəhbərliksə o vaxtkı rəhbərliyin ailəyə nə vəd etməsinə görə məsuliyyət daşımır. Hazırda icra hakimiyyətinin mənzil fondunda boş mənzil olmadığından qurum ailənin mənzillə təmin olunmasına köməklik edə bilmir. İndiki durumda yalnız mülkiyyətçi ilə danışıqlar aparıb ailənin qarşıdan gələn qışı həmin ünvanda keçirməsini xahiş etmək olar. Gerisini isə ailə özü düşünməlidir.

ÇIXIŞ YOLU YOXDUR

Hüquqşünas Vaqif Alıyev də Rzayevlərə çıxış yolu qalmadığını bildirir: ​

“Mülkün sahibi varsa, yüz il də keçsə, mülk sahibinin iddia qaldırmaq hüququ var. Burada günah icra hakimiyyətində olub ki, sahibi olan əmlaka kənar ailə yerləşdirib. Rzayevlər icra hakimiyyətini məhkəməyə verə, əmlak üzərində sərf etdikləri xərci qurumdan tələb edə bilər”.

Ramin Rzayevsə “icra məmurları bizi evdən çıxarmağa gələrlərsə, ailəlikcə canımıza qəsd edəcəyik, bu, bizim son yolumuzdur”, deyir.

XS
SM
MD
LG