Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:44

Xarici müşahidəçilər türkmən həbsxanalarına girə biləcəkmi?


Angela Merkel və Gurbanguly Berdymukhamedov
Angela Merkel və Gurbanguly Berdymukhamedov

►"Onlarla heç bir əlaqə yoxdur, hətta məktublar da çatmır"

Almaniya Kansleri Angela Merkel Berlində Türkmənistan prezidenti Gurbanguli Berdymukhamedovla birgə mətbuat konfransı keçirib.

"Biz diplomatların Türkmənistandakı həbsxanalara girməsinin arzuolunan olması barədə danışdıq. Prezident söz verdi ki, xarici işlər nazirləri danışacaq, daha sonra xarici diplomatlar bu yerləri ziyarət edərək vəziyyəti dəyərləndirə biləcəklər," Angela Merkel deyib.

Avqustun 25-də "Human Rights Watch" (HRW) hüquq müdafiə təşkilatı Berlinə çağırış edib. Qurum tövsiyə edib ki, Türkmənistan prezidenti ilə siyasi opponentlərin gizli şəkildə həbsə atılmasını, tanınmış jurnalist Saparmamed Nepeskulievin azadlığa buraxılmasını, habelə vətəndaşların ölkədən çıxmasına qoyulan qadağaları müzakirə etsinlər.

“ONLARLA HEÇ BİR ƏLAQƏ YOXDUR”

HRW-un bəyanatında Azadlıq Radiosunun türkmən xidmətinin ştatdankənar müxbiri Saparmamed Nepeskulievin əsassız həbsi və həmin qurumun daha üç müxbirinə təzyiqlərdən dı söz açılır.

Merkel və Berdymukhamedovun birgə mətbuat konfransında iştirak edən AzadlıqRadiosu türkmən xidmətinin direktoru Farukh Yusupov radioya müsahibəsində Türkmənistan həbsxanalarındakı vəziyyətdən danışır:

"Türkmənistan həbsxanalarında siyasi hesab edilən çoxlu məhbus var. Onların taleyi barədə heç nə bəlli deyil. On ildən çoxdur ki, qohumlarını onların yanlarına buraxmırlar. Onlarla heç bir əlaqə yoxdur, hətta məktublar da çatmır. Bir neçə il əvvəl hüquq müdafiə təşkilatlarının gücü ilə "Onları bizə sağ göstərin" hərəkatı təşkil edilmişdi. Hərəkat iştirakçıları hökumətdən həbsdə olan insanlar barədə hər hansı bilgi verilməsini tələb edirlər. Ancaq hələ nəticə yoxdur" (hərəkat 2013-cü ildə başlayıb - red.)

Buna da bax: Prezidentin səfəri ərəfəsində yollar yuyulur- [Fotolar]

SÖHBƏT YÜZLƏRLƏ İNSANDAN GEDİR

Farukh Yusupovun sözlərinə görə, söhbət onlarla, bəlkə hətta yüzlərlə insandan gedir. "Onların çoxu 2002-ci ilin dekabrında keçmiş prezident Saparmurad Niyazova qəsdlə bağlı ittiham olunanlardır", Yusupov deyir.

Türkmən xidmətinin direktoru deyir ki, mətbuat konfransında ona sual vermək imkanı yaradılmayıb. Onun sözlərinə görə, "Reuters" agentliyi müxbirinin respublikada insan hüquqlarıyla bağlı sualı səslənib və Türkmənistan prezidenti onu cavablandırıb. Berdymukhamedov ölkədə Konstitusiya islahatının hazırlandığını və əsas qanuna insan hüquqlarına təminat verən dəyişikliklərin ediləcəyini deyib. Ancaq o, nümunə kimi Ombudsman aparatının yaradılmasını göstərib.

PULSUZ KOMMUNAL XİDMƏTLƏR

"Onun çıxışının kulminasiya anı isə onun tədbir iştirakçılarına verdiyi sual oldu: "Bircə ölkə adı çəkin ki, orada ölkə vətəndaşları qazı, elektriki, soyu və kommunal xidmətləri pulsuz alırlar". Əlbəttə ki, bu, həqiqətə uyğun deyil. Bir çox türkmənistanlılar bu şeyləri, sadəcə olaraq, almırlar. Pulsuz xidmətlər olsa da, onlara çatmır”, Yusupov belə deyir.

Farukh Yusupovun sözlərinə görə, xanım Merkel giriş nitqində xarici diplomatların Türkmənistandakı həbsxanaları ziyarət edə bilməsi məsələsinin müzakirə olunduğunu söyləyib. Ancaq xarici diplomatların həqiqətən də cəza müəssisələrinə buraxılıb-buraxılmayacağı məsələsi açıq qalır. Berdymukhamedov buna cavabında bir söz deməyib.

"Saparmamed Nepeskuliev, təəssüf ki, haqqında heç nə bilmədiyimiz məhbuslardandır. Biz onun hansı müddətə həbs olunduğunu belə bilmirik. Hökumətdən hər hansı məlumat almaq mümkün deyil. Onun ailəsi ilə əlaqəmiz kəsilib, taleyi barədə bizə heç nə məlum deyil. Mən iki dəfə bu sualı prezidentə vermək istədim, amma onun cangüdənləri yolumu kəsdi. Mən bu sualla baş nazirin müavininə müraciət etdim (Berdymukhamedov həm də baş nazirdir), ancaq o, "yorğun olduğunu" əsas gətirərək cavab verməkdən imtina etdi," Yusupov deyib.

QAZ İXRACINI GENİŞLƏNDİRMƏK

Mətbuat konfransında Türkmənistan prezidenti ölkəsinin Avropa Birliyi ölkələrinə qaz ixracını genişləndirmək imkanlarını müzakirə etdiyini deyib. Berdymukhamedovun sözlərinə görə, rəsmi Aşqabad artıq bu məsələ ilə bağlı təkliflərini Avropa Komissiyasına göndərib.

Merkellə Berdymukhamedov sonuncu dəfə 2008-ci ildə görüşmüşdülər. Almaniya Türkmənistanın AB-də "əsas tərəfdaşı" sayılır. 2014-cü ildə iki ölkə arasında ticarət mübadiləsi 466 milyon dollar olub. Türkmənistan Orta Asiyada Qazaxıstan və Özbəkistandan sonra Almaniyanın ən böyük tərəfdaşıdır. Almaniya bu ölkəyə istehsalat avadanlığı ixrac edir.

BMT və ATƏT üzvü olan Türkmənistanda insan hüquqları Konstitusiya və bir neçə təsdiqlənmiş beynəlxalq müqavilə ilə təsbit olunub. "Amnesty International"ın məlumatına görə, 2013-cü ildə Türkmənistan BMT İnsan Hüquqları Şurasının təklifləri ilə razılaşıb. "Sərhədsiz reportyorlar" təşkilatının 2010-cu il üçün hesabatında Türkmənistanın söz azadlığı sahəsində reytinqi 178 ölkə arasında 176-cı idi. Avropa İnsan Hüquqları Məhkəməsi bildirir ki, Avropa Şurası ölkələrinin uzunmüddətli həbs təhlükəsi ilə üzləşən insanları Türkmənistana təhvil verməsi Avropa İnsan Hüquqları Konvensiyasının pozulması deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG