Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

Vəkil Natiq Cəfərli ilə görüşə bilmir


«Vəkili olduğum REAL hərəkatının icra katibi Natiq Cəfərli ilə görüşümə maneçilik törədilir».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

O, sənədlərini Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə göndərdiyini deyir. Amma vəkil kimi problemlə üzləşdiyini bildirir: «Müstəntiq mənə deyir ki, guya sənədlərim prokurorluğa çatmayıb. Halbuki, əlimdə qəbz var ki, sənədlər prokurorluğa çatıb. Bu müdafiə hüququnun ciddi şəkildə pozulmasıdır».

Vəkil deyib ki, N.Cəfərli ilə görüşmək üçün Kürdəxanı təcridxanasına da gedib, amma görüşə icazə verməyiblər.

N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N.Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla N.Cəfərli əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək həbs edilə bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı N.Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG