Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:22

Ölkədə korrupsiyaya qarşı mübarizə, Rusiya televiziyalarının Azərbaycan müxalifətinə qarşı kampaniyası, bankların valyuta satışını dayandırması və ipoteka ilə mənzil alanların üzləşdiyi çətinliklər bu gün medianın əsas mövzularıdır.

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ

«Azərbaycan» qəzetində «Dövlət idarəçiliyinin təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazıda, əsasən, Azərbaycanda korrupsiyaya qarşı mübarizədən bəhs edir. Yazıda qeyd edilir ki, hər bir islahatın uğuru onun aktuallığından, miqyasından, ən başlıcası, vətəndaşların hüquq və azadlıqlarını yüksək səviyyədə əks etdirməsindən asılıdır.

Müəllifə görə, son illər məhkəmə-hüquq və ədliyyə sistemindəki islahatlar vətəndaşların hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edir. Yazıda İlham Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu 13 illik dövr belə dəyərləndirir: «Ötən 13 ildə hüquqa və ədalətə söykənən sivil cəmiyyət quruculuğu prosesi uğurla davam etdirilərək korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişlənib. Korrupsiyaya qarşı mübarizədə ardıcıl və praktiki tədbirlər həyata keçirilir».

Daha sonra yazıda Azərbaycanın korrupsiyaya ilə mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulduğu qeyd edilir.

Son 13 ildə korrupsiyaya ilə mübarizə sahəsində görülən işlərə geniş şəkildə toxunduqdan sonra da müəllif yazır: «Prezident İlham Əliyev müasir dünyada mövcud siyasi-iqtisadi vəziyyəti, qlobal maraqlar sistemini nəzərə almaqla, ölkəmizin davamlı inkişafı, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərini inamla həyata keçirir. Dövlət başçısının təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, şəffaflığın, azad rəqabətin təmin olunması, monopoliyanın aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, daha çevik idarəetmənin təmin edilməsi məqsədilə ardıcıl hüquqi və institusional islahatlar uğurla davam edir».

Cəmil Həsənli

Cəmil Həsənli

ÖZÜNÜİFŞA KAMPANİYASI

«Azadlıq» qəzetində «Gülen kampaniyasında rəsmi Bakı özünü ifşa etdi» sərlövhəli məqalə oxumaq olar.

Müəllif Milli Şuranın sədri, professor Cəmil Həsənli bu yazı ilə Rusiyanın «Vesti» proqramında Azərbaycanda «gülençi» çevriliş barədə yayılan geniş verilişə bir növ cavab verir. C.Həsənli Rusiya rəsmi dairələrinə yaxın bir televiziyasının ciddi-cəhdlə AXCP-ni Türkiyədə dövlət çevrilişində ittiham edilən Fethullah Gülen-ə bağlamasını təəccüblə qarşılayır: «Şübhəsiz ki, bu məlumat, onun hazırlanması və təqdimat mexanizmi bir vaxtlar Sovet İttifaqında mövcud olmuş Soyuq müharibə texnologiyasını xatırladır. Həmin vaxt qonşu dövlətləri, həmin ölkələrdə fəaliyyət göstərən ayrı-ayrı hərəkatları çökdürmək üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Sovet Xarici İşlər Nazirliyi və digər hökumət qurumlarının mətbəxində hazırlanmış təhdidedici materiallar ya jurnalistlərin adından, ya da gizli adlarla dövriyyəyə buraxılırdı. Son illər Rusiyada bu ənənə yenidən bərpa olunur. Gülen məsələsində Azərbaycan hökumətinin Rusiya ilə əməkdaşlığı göz qabağındadır».

C.Həsənli verilişdə jurnalist Andrei Grigoryev-in Azərbaycanda çevriliş olacağı və islam dövlətinin yaradılacağı təhlükəsindən, bunu guya AXCP-nin edəcəyindən danışmasını dünya ictimaiyyətini aldatmaq adlandırır. Müəllif iddia edir ki, süjetdə təhlükə mənbəyi kimi göstərilən Gülen məktəblərinə, Qafqaz Universitetinə elə Azərbaycanın indiki hökuməti dönəmində yaşıl işıq yandırılıb: «Hakimiyyətin isə Rusiya ilə işbirliyinə girib bir vaxtlar Azərbaycana müstəqillik qazandırmış Xalq Cəbhəsini Moskvanın dəstəyi ilə çökdürmək niyyəti ortadadır. Məhz Rusiyanın informasiya dəstəyi (bizə məlum olmayan digər dəstəyin olması da istisna edilmir) ilə rəsmi Bakı zaman-zaman Türkiyənin haqq işinə dəstək verən, məşum 15 iyul axşamı xalqın iradəsi ilə seçilmiş Erdoğan hökumətinə dərhal öz sayğısını ifadə edən Xalq Cəbhəsindən, onun lideri Əli Kərimlidən canını qurtarmaq istəyir. Çətin ki, mümkün olsun. Çünki hökumət bədnam Gülen kampaniyasında həm siyasi, həm milli, həm mənəvi, həm də əxlaqi baxımdan özünü ifşa etdi».

Dollar

Dollar

BANKLAR DOLLAR SATMIR

«Novoye Vremya» qəzetində dərc edilən «Valyuta hara yoxa çıxıb?» sərlövhəli məqalədə ölkədə dollar qıtlığından bəhs olunur.

Müəllifə görə, bu durumun yaranmasına səbəb ölkənin maliyyə sistemindəki qarmaqarışıqlıqdır. Yazıda hətta bir az da irəli gedərək, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti tənqid edilir. Müəllif yazır ki, bu yaxınlarda Palata bir neçə bankın manatla kredit verməməsinə təəccübünü ifadə edib. Banklar isə, öz növbələrində, manatla kredit verməmələrini Palatanın qərarları ilə əsaslandırıblar: «Bu, sağ əlin nə etdiyini sol əlin bilməməsinə bənzəyir. Bu, yeganə hadisə deyil ki, Palata bank sistemində nə baş verdiyindən sonda xəbər tutur. Mahiyyətinə görə isə, bu qurum bu proseslərə nəzarət etməlidir».

Məqalədə qeyd edilir ki, kommersiya bankları valyuta satışını dayandırıb və bununla bağlı xalqa hər hansı şəkildə izah verilmir. Müəllif avqustun 30-u hərracda 29 banka 50 milyon dollar satıldığını, amma tələbatın bundan bir neçə dəfə çox olduğunu vurğulayır.

Yazıda ehtimal edilir ki, banklar valyutanı əldə edir, amma satışa çıxarmırlar. Müəllifə görə, səbəb ikidir. Ya kimlərsə süni olaraq nağd dollar qıtlığı yaradır, ya da kommersiya banklarına məhdud həcmdə valyuta verilir.

Müəllif yazır ki, ölkədə qeyri-neft sektoru ona olan ümidləri doğrultmur, bu sahədə inkişaf getmir, ixrac imkanları məhduddur.

Tikinti

Tikinti

PUL DA GEDƏ BİLƏR, EV DƏ...

«Bizim Yol» qəzetində «İpoteka alan pulunu da, evini də itirir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Nazirlər Kabinetinin qərarı ilə Bakının 9 rayonunda 5 il müddətinə köhnə binaların sökülməsi nəzərdə tutulur. Onların yerində tikiləcək binalarda sakinlərə mənzillər verilməlidir.

Ancaq yazıda bir maraqlı məqama toxunulur. Müəllif bildirir ki, söküləcək binalardan ipoteka ilə mənzil alan ailələr var.

Bakı sakinlərindən biri qəzetə deyib ki, həmin evlərdən 7 il öncə ipoteka ilə mənzil alıb. Üstəlik, 10 min manat da ilkin ödəniş edib: «7 ilə 30 min ödəmişəm, əsas borcdan cəmi 5 min manat silinib, 50 min manata yaxın məbləği isə 25 illik ipoteka ilə bankdan almışam».

Sakinin bildirdiyinə görə, artıq ev aldığı ərazidə binaların sökülməsinə başlanılıb. Onun dediyinə görə, yaşadığı bina da söküləcək.
Veriləcək kompensasiya ilə isə banka olan borcunu qaytaracaq. Ona 7-8, uzaq başı 10 min manat pul qalacaq. Həmin pula isə yeni ev ala bilməyəcək.

İpoteka məsələləri üzrə mütəxəssis Rafael Hacıyev də məsələnin bu tərəfini problem sayır. Ancaq o, problemi başqa formada izah edir.

Ekspertin fikrincə, ipoteka predmeti məhv olarsa, 3 iş günü ərzində kredit bağlanmalıdır. R.Hacıyev deyir, dəfələrlə icra hakimiyyəti ilə danışıqlar aparılıb ki, sahibkar mənzilin dəyərini ödəsin və kredit bağlanandan sonra artıq qalan hissə əmlakın sahibinə verilsin: «Ancaq bu, praktik olaraq mümkün olmadı və bildirildi ki, pul yox, yeni tikiləcək binada mənzil veriləcək».

Ekspertlərdən Əkrəm Həsənov isə düşünür ki, müştəri ödədiyi pullarla bağlı hesablanmanın yenidən aparılmasını tələb edə bilər: «Çünki Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, faizlər vətəndaşdan ildə bir dəfə tutulmalıdır. Buna görə də, vətəndaş yenidən hesablanmanı tələb edərək, qalan borcunu müəyyənləşdirə bilər».

Kompensasiyaların az olması haqda fikirlərə gəlincə, ekspertə görə, bir neçə il öncə ölkədə evlərin qiyməti həddindən artıq şişirdilmişdi. Hazırda isə xeyli ucuzlaşma var və buna görə ev söküləndə, yüksək kompensasiya verilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG