Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:55

1993-cü il avqustun 31-də Qubadlı rayonunu Ermənistan Silahlı Qüvvələri işğal edib.

Bu şəhər Azərbaycanın cənub-qərbində yerləşir. Qubadlının sahəsi 826 kv.km-dir.

Rəsmi məlumata görə, Qubadlının işğalı nəticəsində 95 yaşayış məntəqəsi talan edilib və yandırılıb.

Rayonun 50 minədək əhalisi respublikanın 47 bölgəsində məcburi köçkün həyatı yaşayır.

İşğala qədər Qubadlıda üzüm emalı, yağ-pendir zavodları, quşçuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərib.

Bundan başqa, rayonda 21 orta, 15 səkkizillik, 15 ibtidai, 2 texniki-peşə, 2 musiqi məktəbi, 7 məktəbəqədər müəssisə olub.

Qubadlıda 111 mədəni-maarif və 25 məişət, 33 səhiyyə müəssisəsi, 125 ticarət, 96 iaşə, 21 rabitə obyekti işləyib.

İşğal zamanı Qubadlıdan minlərlə ton taxıl, tütün məhsulu, on minlərlə iri və xırdabuynuzlu mal-qara, yüzlərlə kənd təsərrüfatı texnikası, avtomaşınlar aparılıb.

Təcavüz nəticəsində Qubadlının qədim mədəniyyət abidələri tar-mar edilib.

Qarabağ savaşı zamanı Qubadlı rayonu 238 qurban verib, 146 nəfər əlil olub.

APA-nın xəbərinə görə, onlardan Əliyar Əliyev, Vasili Əliyev, Aslan Atakişiyev, Ələkbər Məmmədov, Kərəm Mirzəyev, Aqil Məmmədov, Bəylər Ağayev, Kazımağa Kərimov, Səfa Axundov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslər cərəyan edirdi. Həmin işğallardan təqribən 3 ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında 709 saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik Sürət Hüseynov isə Heydər Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə edilənə qədər Qubadlıdan başqa, Dağlıq Qarabağ və ona bitişik daha 6 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG