Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:40

Nil timsahı Bakı zooparkında bir ləyən suya möhtac qalıb - fotolar


►Prezidentin qızı Bakıda pələngin “yaşayışını yaxşılaşdırıb”

Ancaq keçilər tısbağalarla bir yerdə yaşayır, ayılar, canavarlar qəfəslərində vurnuxurlar

“Çirklidirlər, yerləri də darısqaldır, istidə narahatdırlar, görəsən, ac-susuz deyillər ki?” Bakı Zooparkına gələnlərin ağlında buna bənzər fikirlər dolaşır.

170 növdə 1200-dən çox heyvan, quş, sürünən və balıq 4 hektarlıq əraziyə sığınıb. Bakı Zooloji Parkında ilk gözə dəyən bu darısqallıq, buruna gələn kəskin iydir.

Buna da bax: Prezidentin qızı və Bakıdakı şir

Ləyən boyda suya möhtac Nil timsahı

Darısqallıqdanmı, ya mehribançılıqdanmı, keçilər “evlərini” dovşanlarla və tısbağalarla paylaşıb. “Ailə” – erkək və dişi şir istidən bir-birindən kənar durub. Ayılar, canavarlar, çaqqallar, tülkülər gözlə görünəcək dar qəfəslərində vurnuxurlar.

Az qala, hər qəfəsə “heyvanları yemləməyin, hirsləndirməyin” lövhəsi vurulub. Ziyarətçilərsə öz işindədir, əllərinə düşəni onlara verir. Keçilər, balaca çəpişlər, onlara uzadılan kökləri yeyir,ayılar atılan “pop-korn” dənəciklərini, qəndi tuta bilmədiklərindən qəzəblə böyürürlər.

Bakı zooparkından görüntülər
Gözlə

No media source currently available

0:00 0:00:24 0:00

Dəvələrin yeri əvvəlki illərə baxanda genişləndirilib. Ancaq onlar da diqqətləri üstlərində görüb gərginləşir, ağır bədənləriylə ora-bura qaçışırlar. Marallar, ceyranlar bir yerdədir. Ziyarətçilərin çoxunun diqqətini buynuzları kəsilmiş maral cəlb edir. Bir-birlərindən “görəsən, maralın buynuzlarını niyə kəsiblər” soruşurlar. Meymunlar əllərini düşəni gəvələyir, Hindistan tirəndazının yuvasının qarşısına doğranmış qarpız-xiyar qalıqları qoyulub.

Buna da bax: Leyla Əliyeva fillərin müdafiəsi üçün əsərlərini satışa çıxarıb- [Video]

Nil timsahı ləyən boyda suyun kənarında küskün-küskün uzanıb. Piton isə başını şüşəyə söykəyib donuq-donuq baxır.

Yeri nisbətən geniş leopard bir az məmnun görünür. Pələngin də qəfəsi böyüdülüb. “Pələngin yaşayış şəraitinin yaxşılaşdırılmasının” müəllifi ölkə prezidentinin qızı Leyla Əliyeva imiş. Bu barədə qəfəsin üstünə lövhə vurulub. Dar qəfəsə yaraşmayan qartallar, daha bir neçə heyvan və... qurtardı.

Bakı heyvanxanasından reportaj
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

“Yazıq heyvanlar əziyyət çəkir”

Ziyarətçilərdən Etibar Əliyev deyir ki, burda dəyişikliyin olub-olmadığını görmək üçün bir neçə aydan bir yolunu zooparkdan salır:

“Ancaq xüsusi bir dəyişiklik görmürəm. Yaz-qış burdan iy gəlir, yazıq heyvanlar dar yerdə əziyyət çəkir”.

Digər ziyarətçilər də zooparkın ərazisinin kiçik, heyvanların baxımsız olmasından gileylənir:

Bakı zooparkından səslər
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00
Direct-ə keçid

– Görürsən, ayının tükləri tökülüb, ətrafı da çirklidir.

– Burda heyvan azdır, fil, zürafə yoxdur.

– Dəvələr, bir də ceyranlar təmiz görünür. Başqaları çirklidir.

– Su qablarında su azdır, yerləri də çirkli. İydən də baş çatlayır.

İndiki zoopark 10-15 heyvana yarayır

Bakı zooparkının darısqallığı həmişə heyvansevərlərin diqqət mərkəzində olub. Heyvanları Müdafiə Cəmiyyətinin sədri Azər Qarayev deyir ki, zooparkdakı hazırkı şərait heyvanları incitməkdən başqa bir şey deyil:

Azər Qarayev: O ərazi qətiyyən zoopark üçün yararlı deyil
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00
Direct-ə keçid

“İndiki ərazidə orta hesabla 10-15 heyvan saxlanıla bilər. Bu ərazi heç bir halda zooparka yararlı deyil. Ora mütləq dəyişdirilməlidir”.

Maralın qısqanclığı

Zooparkın direktoru Azər Hüseynov AzadlıqRadiosuna deyir ki, onlar neçə illərdir zooparkın ərazisinin genişləndirməsinə görə əllərindən gələni edirlər. Durum ortadadır. Direktor heyvanların artımı, sağlamlığı haqında isə bunları danışır:

Azər Hüseynov AzadlıqRadiosuna deyir ki, onlar neçə illərdir zooparkın ərazisinin genişləndirməsinə görə əllərindən gələni edirlər
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00
Direct-ə keçid

“Başqa zooparklardan heyvan almaq olar. Ancaq o qədər vəsait olmadığından bizdə artan heyvanları verib, əvəzinə yeni heyvanlar gətiririk. Mübadilə yoluyla yaquar, meymunlar gətirmişik. Maralın buynuzunun kəsilməsinə gəldikdə,bu, maralların cütləşmə dövrü ilə bağlıdır. Bu maral o biri erkək maralları vurub öldürə bilər. Səbəbi yalnız budur. İyunun 5-də şirimizin balası dünyaya gəlib. Ananın südü olmadığından, əməkdaşlarımızdan biri onu evdə zoopark şəraitində saxlayır. Ona Almaniyadan xüsusi quru süd almışıq. İyunun 3-də dəvəmizin balası doğulub. Mart-aprel aylarında kenqurunun iki balası doğulmuşdu. Ən yaşlı heyvanımız isə yaşı 30-dan yuxarı ayımızdır. Bəzi adamlar, məsələn, dəvələr yununu tökən zaman deyirlər ki, “qoturdur”. Ancaq həmin adamlar bilmir ki, dəvə yununu dəyişir, müəyyən heyvanlar var ki, tüklərini tökür, bunlar xəstəlik deyil”.

Direktor zooparkdakı kəskin iyi həm heyvanların özünəməxsus qoxusu, həm də yer azlığından qəfəslərin bir-birinə yaxınlığıyla izah edir. Azər Hüseynov heyvanların yerlərinin genişləndirilməsindən ötrü bəzi layihələrinin də olduğunu bildirir.

55 hektarlıq zooparkın taleyi necə oldu?

2008-ci ildə prezident İlham Əliyev yeni Zooloji Parkın salınmasıyla bağlı sərəncam imzalamışdı. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov 2011-ci ildə yeni zooparkın Ceyranbatan ərazisində, 55 hektar ərazidə salınacağını bildirmişdi. Həmin vaxt zooparkın layihəsinin hazır olduğu, qərar qəbul olunan kimi tikintiyə başlanılacağı bildirilirdi. Layihəyə görə, yeni heyvanat parkının sakinləri daha xoşbəxt yaşayacaqdılar – qəfəs sistemi olmayacaqdı, heyvanlar yarımsərbəst şəkildə saxlanılacaqdı. Rəsmilər burada 224 növdə 1518 heyvan olacağını bildirirdilər. O zaman yeni zooparkın 2016-cı ildə tamamlanacağı haqda da söhbətlər gəzirdi. Bir neçə aya 2016-cı il bitir, heyvanat parkından isə bir xəbər yoxdur. Bakı Zooparkının direktoru Azər Hüseynov ümumiyyətlə, bu barədə bilgisi olmadığını deyir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın da cavabı qısadır:

İradə İbrahimova: “Yeni Zooloji Parkın layihəsi tam hazırdır və aidiyyatı qurumlara təhvil verilib”
Gözlə

No media source currently available

0:00 0:00:06 0:00
Direct-ə keçid

“Yeni Zooloji Parkın layihəsi tam hazırdır və aidiyyatı qurumlara təhvil verilib”.

Bakı Zooparkındakı heyvanların isə, indilik, dar yuvalarına qısılmaqdan, gərginliklə vurnuxmaqdan başqa əllərindən bir şey gəlmir.

Onların Moskvadakı “dostları” 21 hektarlıq, Kiyevdə 20 hektarlıq, Ermənistanda 12 hektarlıq, Gürcüstanda isə 10 hektarlıq ərazidə yaşayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG