Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:51

«DEYİRLƏR 3-4 GÜN DƏ OLMAYACAQ»

«Avqustun 27-dən işıqsız qalmışıq. Deyirlər, hələ üç-dörd gün də olmayacaq». Tovuz rayonu Aşağı-Quşçu sakini Esmira Əyyubova AzadlıqRadiosuna belə deyir.

Qovlar şəhər sakini Vaqif Əhmədov da eyni problemdən şikayətçidir: «Qovlarda yardımçı stansiya yanıb. Neçə gündür düzəltməyə çalışırlar. Dünən axşam elektriki vurdular, amma alınmadı. Hələ qaranlıqdayıq».

«YAĞIMIZ, ƏTİMİZ XARAB OLDU»

Vaqif Əhmədovun sözlərinə görə, elektrik enerjisinin olmaması narazılıq yaradıb: «Camaatın soyuducusu yanıb. Neçə gündür elektrik yoxdur, kimin nə ərzağı vardı, xarab oldu. Elə bizim soyuducuda 5-6 kilo ətimiz, cücəmiz, yağımız, ağartı məhsulumuz vardı, hamısı zay oldu. Yayda harada saxlayasan əti, yağı? Nə qədər ziyana düşdük. Suyu motorla vururuq, işıq yoxdur deyə, onda da problem var. Ona görə camaat narazıdır. Nə Qovlarda, nə də kəndlərdə işıq var».

Nəzakət Hüseynova isə deyir ki, axşamları şam işığında otururlar, yuyunmağa su qızdırmalı olurlar.

«ÜÇ GÜNDÜR YATMIRIQ»

Tovuz rayon icra başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Mahir Həsənov avqustun 30-da axşam saatlarında kəndlərə enerji verilişinin bərpa olunacağını bildirir: «Qovlar şəhərində yardımçı stansiya yanmışdı. O da beş-altı kəndi əhatə edir. Bu gün kəndlərimizdə elektriklə bağlı problem qalmaqdadır. Amma iş gedir. İşıq təsərrüfatı, ümumiyyətlə, sıradan çıxıb. Üç gündür nə icra aparatı, nə də enerjiyə cavabdeh olanlar yatırlar».

M.Həsənov qasırğanın rayona böyük ziyan vurduğunu söyləyir. O, bəzi kəndlərdə dam örtüklərinın sıradan çıxdığını, xüsusən də rayonun ən böyük kəndi olan Aşağı-Quşçuda üzüm bağlarına ciddi zərər dəydiyini bildirir.

Komissiya sədri bu gündən - avqustun 30-dan rayonun əvvəlki halına qayıda biləcəyini deyir. Sakinlərsə o qədər də ümidli deyillər.

Avqustun 27-də bəzi bölgələrdə güclü qasırğa olub. Nəticədə təsərrüfatlara böyük ziyan dəydiyi bildirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG