Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 20:57

Tərtərdə quruculuq işləri, tələbə təhsili kreditlərinin dayandırılması, əhalinin pullarını evlərdə saxlaması, siqaretin bahalaşması və inflyasiya bu gün medianın aparıcı mövzusudur.

CƏBHƏ BÖLGƏSİNƏ DÖVLƏT QAYĞISI

«Azərbaycan» qəzetində dərc olunan «Cəbhə bölgəsinə dövlət qayğısı uğurlu nəticələr verir» başlıqlı məqalədə prezident İlham Əliyevin himayəsi ilə təmas xəttində böyük quruculuq işlərinin aparılmasından bəhs edilir.

Məqalədə aprel döyüşlərinə də toxunulur. Həmin döyüşlərdən sonra dövlət başçısı İ.Əliyevin və xanımı Mehriban Əliyevanın bu rayona səfəri xatırladılır: «Prezident-xalq birliyinin təntənəsinə çevrilən bu görüşün yaratdığı xoş təəssürat, hələ də, ictimai yerlərdə, xeyir-şər məclislərində camaatın söhbətlərinin baş mövzusu olaraq qalır».

Müəllif bildirir ki, həmin döyüşlərdə rayona ciddi ziyan dəyib. Bu ziyanı aradan qaldırmaq üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrılıb. Yazıda bu döyüşlərdə Tərtər rayonunun 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 uşaq bağçasına, qaz, su, elektrik təsərrüfatına ciddi ziyan vurulduğu, 3 nəfər mülki şəxsin öldüyü nəzərə çatdırılır.

Məqalədə vurğulanır ki, Tərtər əhalisi həm Qarabağ uğrunda döyüşlərdə, həm də rayondakı quruculuq işlərində fədakarlıq göstərirlər: «Tərtərlilər döyüşlərdə gerçək qəhrəmanlıq nümunəsi göstərdikləri kimi, əmək meydanında da xariqələr yaradır. Doğma yurdun hər qarışını cənnətə döndərmək üçün əsl fədakarlıq göstərirlər. Təbii ki, çəkilən zəhmət, axıdılan alın təri hədər getmir. Tərtər onu canından artıq sevən övladlarının odlu ürəyindən su içərək, hər gün daha da gözəlləşir, göz oxşayan, könül açan abad bir diyara çevrilir. Bölgə üçün böyük sosial əhəmiyyətə malik Tərtər şəhərinin və ətraf 11 kəndin su və kanalizasiya sisteminin qurulması dövlətin qayğısı ilə uğurla davam etdirilir. Bu məqsədlə 110 kilometr su xəttinin çəkilməsi, elə o qədər də kanalizasiya sisteminin qurulması nəzərdə tutulur».

Müəllif yazır ki, daş üstə daş qoyulduqca, yeni fidanlar salındıqca, Tərtər simasını dəyişib daha da gözəlləşir: «100 yerlik yeni uşaq bağçası, orijinal bir layihə əsasında inşa edilmiş şahmat məktəbi, rayon kənd təsərrüfatı idarəsi üçün yeni inzibati bina, Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yeni qərargahı gözəlliklər diyarının hüsnünə yeni naxışlar vurur».

Bakı Dövlət Universiteti

Bakı Dövlət Universiteti

TƏLƏBƏ TƏHSİL HAQQINI NECƏ ÖDƏSİN?

Fins.az saytında «Tələbələr üçün təhsil krediti dayandırıldı» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazır ki, yeni dərs ilinin başlanması tələbələr üçün yeni qayğılar gətirir. Yazıda qeyd edilir ki, xüsusilə ödənişli əsaslarla I kursa qəbul olunan tələbələrin bir çoxuna təhsil haqqını köçürmək böyük çətinliklər yaradır. Müəllif bildirir ki, tələbələrin bu məbləği sentyabrda ödəmələri şərtdir. Amma gəlirləri azalan və ya işsizlikdən əziyyət çəkən ailələrin həmin məbləğləri ödəmələri xeyli çətinləşib: «Əvvəlki illərdə aztəminatlı ailələr övladlarının təhsilini davam etdirməsi üçün banklardakı istehlak və ya tələbə kreditlərindən istifadə edirdilər. Son günlərdə bankların kreditləşməni dayandırması onların vəziyyətini çətinləşdirib».

Fins.az-ın araşdırmasına görə, indi banklarda tələbələr üçün nəzərdə tutulan bütün məhsulların satışı dayandırılıb.

«Turanbank»dan bildirdilər ki, tələbə kreditlərinin verilməsi dayandırılıb. Məhsulun satışının nə zaman bərpa olunacağı bəlli deyil.

«Ötən ilə qədər kredit verən «Bank of Baku», «AGBank» da bu xidməti tələbələrin üzünə bağlayıb. «Accessbank», «AFB bank», «Atabank», Azərbaycan Beynəlxalq Bankı, «Bank Standart»da isə, ümumiyyətlə, belə bir xidmət olmayıb. Ancaq istehlak kreditlərinin tərkibində tələbələrə də kredit ayrılıb».

Məqalədə qeyd edilir ki, artıq tələbə valideynlərinin banklardan əlləri üzülüb. İndi onlar başqa maliyyə mənbəyi axtarışına çıxıblar.

Pul

Pul

5 MİLYARD 671 MİLYON MANATLIQ «YÜK»

«Exo» qəzetində isə «5 milyard 671 milyon manatlıq «yük»» sərlövhəli məqalə ilə tanış olmaq olar.

Müəllif yazır ki, banklara inamının itməsi üzündən bir çox insanlar pullarını evlərində «ölü yük» olaraq «balışlar» altında saxlayırlar. Artıq ekspertlərin fikrincə, söhbət 5 milyard manatdan çox istifadəsiz qalan puldan gedir.

Qəzetə danışan ekspertlər bildiriblər ki, bu, çox yüksək məbləğdir və onun fəaliyyətsizliyi ölkə iqtisadiyyatına ziyan vurur: «Bunun ən sadə yolu pulları banka qoymaqdır. Amma bank sektorunda qeyri-sabit şəraitdə bunu vətəndaşlara tövsiyə etmək də doğru olmazdı»,-deyə ekspertlər qeyd ediblər.

Ekspertlərin fikrincə, indi əhali olan-qalan pulunu dollara çevirib evində saxlamağı ən düzgün yol sayır.

Ekspert Seyfəl Əliyev düşünür ki, bu vəsaitləri daşınmaz əmlaka qoymaq olar. Amma o biri tərəfdən daşınmaz əmlakın da qiyməti düşməkdədir. Odur ki, ekspert daha rasional çıxış yolu kimi təmirli mənzil alaraq, onu icarəyə verməyi məqbul sayır.

Ekspertlərdən Nəriman Ağayev isə pulun hətta qızıla qoyulmasını da o qədər doğru saymır. Onun fikrincə, əhali əldə olan pulu daim öz qiymətini qoruyan almaz-brilyanta qoysa, daha yaxşıdır.

Siqaret

Siqaret

DUZLU XİYAR TÖVSİYƏSİ

«Novoye Vremya» qəzetində isə «Sürətli inflyasiyanı necə dayandırmaq olar?» sualına cavab axtarılır.

Məqalədə qiymət artımından, inflyasiyadan bəhs edilir.

Müəllif qeyd edir ki, avqustun 29-da ölkədə siqaretlərin qiyməti 20-40 qəpik arasında bahalaşıb.

Məqalədə vurğulanır ki, büdcə sənədlərində inflyasiyanın həddi 3.3 faiz proqnozlaşdırılıb. Ancaq Dövlət Statistika Komitəsinin bu yaxınlarda açıqladığı rəqəmlərdə artıq inflyasiyanın 10 faizi keçdiyi bəlli olur.

Müəllif yazır ki, indi siqaretin bahalaşması manatın dəyər itirməsi ilə izah edilir: «Bu belə davam edərsə, ekspertlərin proqnozlarına görə, ilin sonuna dollar 2 manata bərabər ola bilər. Bu isə inflyasiyanın yeni sıçrayışı, bahalıq, əhalinin sosial-məişət vəziyyətinin pisləşməsi deməkdir. Başqa sözlə inflyasiya prosesinin qarşısı alınmalıdır»,- yazıda oxuyuruq.

Müəllif yazır ki, Nazirlər Kabineti bu prosesin qarşısını almağa acizdir.

Müəllif siqaretin bahalaşması ilə bağlı deputat Vahid Əhmədovun əhaliyə daha az siqaret çəkməyi tövsiyə etməsi ilə də razılaşmır. Yazıda deyilir ki, vaxtilə baş nazir Artur Rasizadə də təzə xiyar baha olduğuna görə xalqa duzlu xiyar almağı tövsiyə etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG