Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:20

-

Müsavat Partiyasının başqanı Arif Hacılı avqustun 29-da ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.

Görüşdə ABŞ səfirinin müavini Uilyam R.Qill və səfirin siyasi işlər üzrə müşaviri xanım Süzan Çeslinin də iştirak etdiyi bildirilir.

Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycanda ictimai-siyasi vəziyyət, gələn ay keçiriləcək referendumun mahiyyəti və mümkün nəticələri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Mətbuat xidməti qeyd edir ki, görüşdə son dövrlər həyata keçirilən siyasi həbslər, imza toplama prosesində Müsavat Partiyasının üzvlərinə təzyiqlər, “Respublika” təşviqat qrupunun referenduma buraxılmaması, söz və mətbuat azadlığının durumu gözdən keçirilib.

Habelə, ölkədəki sosial-iqtisadi vəziyyət, dünyada və regionda baş verən hadisələrin müzakirə olunduğu qeyd edilir.

Avqustun 27-də Mərkəzi Seçki Komissiyası ( MSK) Müsavat Partiyasının referendum ilə bağlı təsis etdiyi «Respublika» təşviqat qrupunu qeydə almaqdan imtina edib.

MSK qərarını «Respublika» təşviqat qrupunun qeydə alınması üçün etibarlı imzaların sayının tələb ediləndən( 40 min ) az olması ilə əsaslandırıb. MSK-nın gəldiyi qənaətə görə, Müsavat Partiyasının təqdim etdiyi imzalardan 3 min 604-ü etibarsızdır. Etibarsız sayılan imzalar çıxıldıqda, yerdə qalan imzalar qrupun qeydə alınmasına yetməyib.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Günün bütün mövzuları

XS
SM
MD
LG