Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:06

İnsanları uğurlarına görə sevirik...


Belarusda evsiz insan
Belarusda evsiz insan

-

Əhməd İsmayılov

QORQUDU XATIRLAYARKƏN (hekayə)

Sərt külək əsdikcə yerdə yığılıb qalmış xəzəlləri sürüyüb aparırdı. Sinoptiklər havanın daha da soyuyacağını, tezliklə qar yağa biləcəyini xəbər vermişdilər. Mən isə heç nə vecimə deyilmiş kimi, uzun müddətdir gəlmədiyim parkdakı skamyada otururam. Parkda məndən başqa demək olar ki, heç kim yoxdur. Sadəcə o tərəfdə zibil qabını eşələyən yaşlı bir kişi var. O da öz hayında, çörək axtarmaqla məşğuldur.

Bu parka düz beş il olar gəlmirdim. Hər şey də Qorqudla mübahisəmizin üzündən. Qorqud ucaboylu, alicənab üz cizgiləri, amiranə səsi olan bir kişi idi. Normaldan bir az uzun bığları, səliqəylə daranmış ağ saçları Qorqudu daha çox zavod müdürünə, ya da notarius məmuruna bənzədirdi. Ancaq o evsiz-eşiksiz, kimi-kimsəsi olmayan bir səfil idi. Üst-başından görünür ki, geyimi elə də təzə deyil, amma paltarlarını bacardıqca təmiz saxlamağa çalışmışdı. Həmişə eyni yerdə oturar, balaca uşaqlara gülümsəyərdi. Bu parka gəlib-getdikcə necəsə Qorqudla dostlaşmışdıq. Haradasa hər gün sırf onunla söhbət etmək üçün bura gəlirdim. Mən dərdlərimi danışmağa adam axtarırdım, o isə mükəmməl bir dinləyici idi, dinləməkdən yorulmaz, nəzakətlə cavablar verərdi. Ara-sıra o da özü haqda danışardı. Amma keçmişindən elə danışırdı ki, deyərdin əsrin əvvəllərindən çıxıb gəlmiş milyonçu Musa Nağıyevdir. Mən də bəzən danışanda dilimdən yalan çıxır, amma mənim yalanlarım onunkularla müqaisədə qarışqadır. O bir vaxtlar sahib olduğu böyük "navastroykalarında", ticarət mərkəzlərindən danışar, milyonçu vaxtlarında yaşadığı həyatı təsvir edərdi. Elə mübahisəmiz də bu əsnada başlamışdı. Sözün düzü elə qanlı-bıçaqlı deyilik. Sadəcə mən onu necə lazımdısa acılamışdım ki "O qədər var-dövlətin sahibi, nə qədər çalışsa birdən-birə belə kasıblayıb küçələrə düşə bilməzdi". O da sakitcə uşaq kimi başını aşağı dikib qulaq asmış, gözündən bir-iki damla yaş tökülmüşdü. Ondan sonra nə bu parka gəlmiş, nə də Qorqudu görmüşdüm. Bəzən ona dediyim sözlərə görə peşmanlıq duysam da indi fikirləşirəm lap yerində demişəm, necəsə bütün bacarıqsız, həyatda bir baltaya sap olmamış adamlar öz keçmişlərindən eyni cür danışar, böyük var-dövlət və imkanlarını anlada-anlada bitirə bilməzlər.

Buna da bax: "Bizdə siyasi məhbus yoxdur" - hekayə

Fikirlər aləmimdən ayrılanda yaşlı evsizin mənə tərəf gəldiyini gördüm. Əynindəki palto adamın diqqətini çəkirdi. Bir az köhnəlsə belə yaxşı saxlanmışdı. Hansısa qonşu verib bəlkə. Buralarda elə varlı adamlar çox olur. Yəqin pul istəyəcəkdi. Ya da öz varlı-hallı keçmişindən danışacaqdı. Yeriyərkən axsayırdı. Yaxınlaşdıqca gözünün birinin də kor olduğunu sezdim. Onsuz da bir yaraşıq olmayan sifətində gözünün də kor olması adamın ürəyini bulandırırdı. Yaxına gəlib əlini uzadıb:

-Qardaşoğlu, sən Allah. Gör nə verə bilirsən, ver.

Əlimi cibimə atmışdım ki, ağlıma gəldi deyə soruşdum:

-Dayı burda, küçədə bir evsiz qalırdı. Sizin yaşlarda olardı. Adı da ki,

-Qorqudu deyirsən? -deyə soruşdu.

-Hə, Qorqud. Haradadı indi o? Heç görünüb eləmir

-Onun ailəsi varmış. Gəlib apardılar?

-Ailəsi?- necə yəni ailəsi? - Qeyri-iradi marağımı çəkdi.

-Hə, ailəsi. Özü də imkanlı adammış. Lüks maşınları vardı. İki-üç il qabaq aparmışdılar. Hamımıza əl tutmuşdu...

-Necə yəni imkanlı, maşınları var nə deməkdi? Tez kişinin sözünü kəsib:

-Mən onu hardan tapa bilərəm?-deyə sual verdim

-Hə mən də onu deyəcəkdim. Bizə də əl tutmuş qalmağa yer ayırmışdı. Keçən ay öldü. Ondan sonra hamımızı atdılar çölə

***

Bundan 5 il öncə mənim 17 yaşım vardı. Qorqud da ki, sağdı. Mən hər gün gəlib parkda oturardım, o da yanımda oturar söhbət edərdik. Qorqudu səliqəli, nəzakətli adam idi, geyimi, üz ifadələrindən, danışıq tərzindən onun keçmişdə necə bir həyat yaşadığını başa düşməliydim. Amma ondakı düşüncəmə görə evsiz və heç nəsiz adam elə uğursuzun biridir, əks halda küçələrdə olmazdı.

Buna da bax: "Mən Həsənin qatiliydim"

Qorqudla dalaşdığımız gün demək olar ki, bütün dostlarımla tərsləşmişdim, sevgilimə də ağzıma gələni deyib aranı kəsmişdim. Qısası bir yeniyetmənin düşə biləcəyi ən pis haldaydım. Bir az əsəbi, bir az qəmli parka gəlmişdim. O da həmişəki kimi gəlib yanımda oturub söhbətləşməyimi gözləyirdi.

-Necəsən, qardaşoğlu

-Sağol, Qorqud. Yaxşılıqdı. Sən necəsən? - adı ilə xitab etməmi özü istəmişdi.

-Mən də belə də. Bu köpəkuşaqları qoyur ki, bir az dincini alasan? Bayaq biri gəlib yanıma ki, sənin qaldığım barakanı sökdürəcəyik. Deyirəm "niyə?", deyir yolda gələndə uşaqlar qorxur.

Bir az istehzayla soruşuram:
-Sən nə dedin?

-Nə deyəcəm? Dedim, ala biz də imkanlı olmuşuq da bizim də pulumuz olub. Amma kasıblara əl tutmuşuq. Dedim mənim nələrim olub, nələrim. Sənin maşınından bahalısını sürmüşəm, pulum səninkindən on qat çox olub.

O gün artıq yalan eşidəcək halımda deyildim. Cin vurdu təpəçə. Ayağa durub qışqırıram. Kiminsə eşidib-eşitməməyi vecimə də deyil. Sadəcə Qorquda ağzımdan köpük saça-saça qışqırıram

-Ə, yekə kişisən. Heç olmasa bığından saqqalından utan. Ölüb yerə girmirsən yalan danışdıqca...

Mən danışıram. Qorqudsa başını aşağı salıb sadəcə qulaq asır. Gözündən axan yaş damcılarını görürəm. Vecimə deyil. Hiss eləyirəm ki, hamı bizə (daha doğrusu mənə) baxır. Vecimə deyil

Sözümü qurtarandan sonra gedirəm. Qorqudun qəlbini qırıb-qırmamağım vecimə belə deyil. Çünki o yalançıdır. Həm də ki, kimdi axı o? Heç kim. Kimə lazımdı ki? O sadəcə parazitdi. Lazımsız məxluq

****

Gənc yazıçı Əhməd İsmayılov.
Gənc yazıçı Əhməd İsmayılov.

Bayaq pul istəyən kişi indi gedir. Deyəsən cibimdəki ən iri pulu verdim ona. Nolsun ki? Sevinir. Mən isə bədbəxt olmuşam. Getməzdən əvvəl Qorqudun qəbrinin yerini dedi. Dedi ki, orda qəşəng bir məqbərə tikiblər. Qəbir ziyarətinə getməyə belə üzüm yoxdu. Bütün dünya gözümdə toranlaşır. Sanki kor oluram...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG