Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:53

“Manat nə vaxta qədər ucuzlaşa bilər?”


Azerbaijan -- manat
Azerbaijan -- manat

“Manat nə vaxta qədər ucuzlaşa bilər?”

“Azadlıq” qəzeti bu suala iqtisadçı Qubad İbadoğlunun təhlilində cavab axtarıb.

Qubad İbadoğlu maliyyə bazarında baş verənləri statistik rəqəmlərin müqayisəsində təhlil edərək bildirir ki, valyuta bazarında gərginlik artıb. “Bunu şərtləndirən amillər sırasına bankların sürətlə bağlanmasından sonra bu sistemə olan etibarın, hər gün dəyərini itirdiyinə görə manata olan inamın azalmasıdır”, iqtisadçı bildirir.

​O sadaladığı amillərə mövsümə görə aqrar sektordan əldə edilən qazancın dollar çevrilməsini, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq xaricdə təhsil haqlarının ödənilməsi, yay məzuniyyətləri zamanı xaricə gedənlərin sayının atmasını da əlavə edir. Ekspert hesab edir ki, valyuta bazarını gərgin saxlayan səbəblərdən biri də kommersiya banklarının valyuta ilə əməliyyatları üzrə manipulyasiyaları, son dövrlər ölkədən kapitalın çıxarılmasının sürətlənməsidir.

Onun fikrincə, Mərkəzi Bank artıq 3 iqtiqamətdən birini seçməlidir: hazırkı ssenari üzrə manatın məzənnəsini kiçik, lakin artan templərlə,fasiləli kəskin devalvasiya və ya manatın çevik və üzən məzənnə siyasəti ilə azad bazarın öhdəsinə buraxmaq: “Bu üç yolun hamısı manatın dəyərini itirməsinə aparır. Hər 3 yolun sonu manatın gerçək məzənnəsinin formalaşmasında bitir. Birinci yol uzun, ikinci yol orta, üçüncü yol isə qısadır. Seçim hüququ da AMB-dədir, qərar qəbul etmə səlahiyyəti isə yenicə yaradılmış Maliyyə Sabitliyi Şurasındadır”

Bir gün Novxanı çimərliyində

Dəniz mövsümünün bitməsinə sayılı günlər qalsa da, “Yeni Müsavat”ın müxbirləri sahil qırağında istirahətin dəyərini müşahidə etməyə çalışıb. Reportaj müəlliflərin girişi pullu olan çimərlikdə istirahət etmək istəyiblər: “Çimərlik Masazır yolu ilə Novxanıya düşəndə qarşınıza çıxan ilk çimərlikdir. İri ərazisi hasarlanıb, az qala labirinti xatırladır. İçəri girdinsə, ordan çıxmaq və digər çimərliyin – onların arasında pulsuz olan da var - ərazisinə keçmən mümkünsüzdür. Bunun üçün hasarlanmış yerdən yenidən çıxmalısan. Çimərliyin qapısında isə şlaqbaum var. Bir nəfərin giriş haqqı- 10 AZN-dir. 6 yaşından kiçik uşaqlara ödəniş tələb olunmur. Qeyd edim ki, bu 10 AZN-lik məbləğə hovuzlardan və dənizin kənarındakı masa və şezlonqlardan pulsuz istifadə daxildir. İçəridə restoran da var, çayxana da, qiymətləri “ceyran belində”.

Yazı müəllifi yazır ki, bəzi ailələr pullu çimərlikdən istifadə yolunu tapıblar, ailənin başçıları dənizdən əraziyə keçir, uşaqlar isə pullu girişdən: “Uşaqların hovuzdan istifafəsi üçün o pulu ödəyirik, uşaqlar hovuzda, biz ər-arvad dənizdə çimirik”, ailənin xanımı “Yeni Müsavat”a bildirib.

“Bizimlə söhbətində narazılıq edən Bakı sakini Tariel Əliyev dedi ki, bu qiymətlər Azərbaycan reallığına uyğun gəlmir: “Bu qədər pul verib içəri gir, üstəgəl, yeməyi də burdan al. Çayı 6 manata verirlər. Heç 4 nəfərə çatmır. İki çaynik çay alanda 12 manat verirsən. Yemək də onun kimi. Mən bir axşam yeməyi üçün keçən dəfə burda 87 manat xərc çəkdim. Yeməkləri də yaxşı deyildi. Girişdə verdiyim pulu demirəm, hələ. Belə bahaçılıqla buranı kimin üçün nəzərdə tutublar? Çubuqda kartofu 2 manata satırlar uşaqlara. Kartofun kilosu 60 qəpikdi, eee. Bir çubuqda isə 6-7 nazik dilim kartof olur. Yaxşı, bunun adı soyğunçuluq deyil, nədir?”, qəzet yazır.

“Azad qadın, güclü dövlət”

“Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi,böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlayıb”.Bu fikirlər “Bizim yol” qəzetinin deputat Cavanşir Feyziyevin ölkənin birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti ilə bağlı dərc etdiyi məqalədə öz əksini tapıb.

Müəllifin fikrincə,Mehriban Əliyeva bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət arealını əhatə edir: “Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda, beynəlxalq sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual sahələri də əhatə edir”.

Deputat ölkənin birinci xanımını Azərbaycan qadınının yeni siması kimi xarakterizə edir: “Mehriban Əliyeva qadının ailədə rolu haqqında belə deyir: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq, analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Bu yanaşma ilə, o Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə amilinin nə qədər önəmli olduğunu diqqətə çatdırır”, yazı müəllifi məqaləsində vurğulayır.

“Azərbaycanda qadın idmançı tapmaq çətindir”

“Kanoeçimiz Valentin Demyanenkonun Rio Olimpiadasının çempionu olmamasının səbəbi bəxtsizlikdir”. Bunu Azərbaycan Milli Avarçəkmə Federasiyasınınvitse-prezidenti, “Kür” Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov deyib.

“Report” yazır ki, Natiq Abbasov bu günə kimi avarçəkmədə Azərbaycanda Demyanenko kimi güclü idmançı görməyib: “Heç kim onun nəticələrinə yaxın dura bilmir. London olimpiadasından öncə reytinqdə birinci idi. Olimpiadanın qalibi olmalı idi. Hamı onu gələcək olimpiya çempionu kimi təqdim edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış ehtiyatsızlıqdan zədə aldı”.

Natiq Abbasov deyib ki, Olimpiadada gümüş medal qazanan Valentin Demyanenko 2007-ci ildən Azərbaycan yığmasınınüzvüdür, kanoe yarışlarında Azərbaycanı təmsil edir: “4 qat dünya, 3 qat Avropa çempionudu. Bir neçə dəfə dünya kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London olimpiadası və Bakı 2015 Avropa Oyunlarında da təmsil edib. Avropa Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail oldu”.

Natiq Abbasov Azərbaycanda yetişən gənc idmançılardan da söz açıb:

“Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına ümidimiz var. Hazırda gəncdirlər, potensilları var. Eləcə də bəzi legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdirlər”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG