Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:35

"Hər bir dinin ölüm qorxusunu ovutmaq üçün metodları var..."


American yazıçısı və psixoloqu.
American yazıçısı və psixoloqu.

-

Amerikan yazıçısı və psixoloqu Irvin Yalomla müsahibə

Kaliforniyada yaşayan və işləyən Irvin Yalom mətbuatda nadir hallarda görünən bir yazıçıdır. Irvin Yalom ailə, sevgi, insan münasibətləri üzərinə bədii-psixoloji kitablar yazan dünyaca məşhur yazıçıdır, özü də yazıçı kitablarının mövzusunu əsasən pasiyentlərinin söhbətlərindən götürür. Yalom isti bir yay günündə BBC-ə müsahibə verib, ədəbiyyat, terapiya, insan qayğıları ilə bağlı danışıb

- İlk sualım yazmaqla bağlıdır. Nəyə görə yazmağın sizin üçün həyati önəm daşıdığını düşünürsünüz?

- Yeniyetmə çağlarımda dayanmadan roman və hekayələr oxuyurdum. Həyatımının hər dövründə ya yazmağa yenicə başladığım, ya ortasına, ya da sonlarına çatdığım bir bədii əsər mütləq var. Ehtimalən lap erkən yaşlarımda insanın bu həyatda görə biləcəyi ən yaxşı işin yazmaq olduğuna qərar vermişəm. Beləliklə yazmaq həyatımın ən böyük məqsədlərindən birinə

Lap erkən yaşlarımda insanın bu həyatda görə biləcəyi ən yaxşı işin yazmaq olduğuna qərar vermişəm.

çevrilib. Yaradıcılığıma öz peşəm, psixatriya sahəsində yazdığım kitablarla başlamışam, zamanla təkcə peşəm haqqında deyil, bədii kitablarım da oxucuların marağını qazandı. Oxucular bəhs etdiyim hər şeydə mütləq bir həyat hekayəsi tapırdılar. Hekayələrin arasındakı quru nəzəri biliklərə birtəhər dözüm gətirirdilər, çünki sonrakı səhifələrdə onları başqa əhvalatlar gözləyirdi. Beləliklə həm psixatr həm də hekayə ustası kimi tanınmağa başladım.

Buna da bax: "İntiharların əsas səbəblərindən biri sosial gərginlikdir"

- Peşənizdə hər zaman quru, darıxdırıcı, nəzəriyyələrlə hərəkət edən bir həkim olmaqdansa, yenilikçi, oxucusuna, xəstəsinə və həm də tələbələrinə qapıları açıq bir psixiatr və yazıçı olmusunuz. Bunun səbəbi nədir?

- Qəliblərlə düşünməyin, ortodoks dünya görüşü ilə hərəkət etməyin bütün insan hisslərinin və arzularının qarışıq aləmini tam qavramağa mane olacağına inanıram. Mən Johns Hopkins univerisitetində Freydizm nəzəriyyəsinə əsaslanan psixoanalitik təhsili almışam. Həmişə insanın indiki həyatının bu nəzəriyyənin sərhəddlərindən kənarda qaldığını görürdüm. Çünki, Freydizm həmişə insanın keçmişi üzərində fokuslanır. Beynimdəki sualların cavabını tapmaq üçün zamanla fəlsəfi biliklərimi artırmağa başladım. Axı, filosoflar bizim qarşılaşdığımız problemlər üzərində 2000 ildir ki, baş sındırırlar. Fəlsəfi baxış, fəlsəfi anlayış mənə çox şey öyrətdi.

- Gəlin yenə də uşaqlığınıza qayıdaq. Washingtonda rus mühacir ailəsində doğulmaq, etnik azlıq olaraq böyümək sizə necə bir kimlik qazandırdı?

Irvin Yalom oxucuları üçün kitabını imzalayır.
Irvin Yalom oxucuları üçün kitabını imzalayır.

- Anamla atamın yəhudi miliyyətindən olmasının üzərimdə böyük təsirləri var. Hələ paytaxt Washingtonda keçən həyatım da adi həyat deyildi. Çox adam bunun fərqində deyil, amma Washington ABŞ-ın cənub bölgəsində yerləşən bir şəhərdir və cənub tərəflər qaralarla ağlar arasında bölünmüşdü. Mən belə bir yerdə yaşamışam. Atamla anamın qaradərililərin yaşadığı məhəllədə kiçik bir mağazası vardı. Bizdən başqa ətrafda bircə ağdərili belə yox idi və mən tamam qaradərililərin mədəniyyəti ilə əhatələnmişdim. Belə bir məhəllədə yaşamağın verdiyi tənhalıq qorxusu vardı. Bəlkə də elə buna görə erkən yaşlarımdan kitabların aləminə sığınmışam.

- Bəs bu sığınma hissi tədricən sizdən əl çəkdimi? Yoxsa hələ də ədəbiyyata sığınacaq yeri kimi baxırsınız?

- Hə, ondan necə lazımdır yaxamı qurtarmışam. Bir aya yaxındır ki, Avropadayam, bütün bu vaxt ərzində hansı kitabları alacağımla bağlı götür-qoy etməklə məşğulam. Bu mənim üçün çox mühümdür, çünki səyahətdən alacağım zövqü orda oxuyacağım kitablar müəyyənləşdirir. Burda indiyədək gördüyüm kitablar Amerikadakılardan kəskin fərqlənir, ingilislərin amerikalılardan daha incə kitab zövqünə sahib olduğunu düşünməyə başlamışam.

- Sizi ən çox hansı yazıçılar təsirləndirdi?

- Böyük, fəlsəfi yazıçılar… Tolstoy, Dostoyevski, Kamyu, Kafka, Servantes məni ən çox özünə çəkən yazıçılardır. Son dövrlər yazdığı bütün kitabları oxuduğum Kunderanı isə xüsusilə bəyənirəm. Paul Auster də xeyli maraqlı yazıçıdır. İçində fəlsəfi məqamlar olan kitabları seçib oxumağa çalışıram. Başdan-başa hansısa qatardakı qadını kimin öldürdüyünü araşdıran bir kitabdansa, daha dərin məsələləri araşdıran kitabları oxumağa üstünlük verirəm. Detektiv kitablar məni heç çəkmir. Bəzən elmi fantastika da marağımı çəkir, çünki elmi fantastika min il sonra həyatımızın necə olacağını düşünməyə kömək edir.

Buna da bax: "Təkamülçü Herbert Spencer yaradılışçılara cavab verir"

- Yenidən yazıçılığınıza qayıdaq… Necə yazırsınız? Kimdən ya da nədən ilhamlanırsınız? Məsəlçün, xəstələrinizi qəbul etdikdən sonra qeydlər götürürsünüzmü? Yoxsa bədahətən yazmağa başlayırsınız?

Xəstələrin şəxsi qovluqları ilə bərabər, söhbətlər zamanı ortaya çıxan maraqlı məqamları “kitab qeydləri” adlı qovluqlarımda da toplayıram.

- Xəstələrimlə görüşdükdən sonra qeydlərimi aparıram. Hələ mən bir çox terapevtlə müqaisədə daha yerli-yataqlı yazmağa çalışıram. Qeydlərimi rahat apara bilmək üçün xəstə qəbulları arasında uzun fasiələlər verirəm və qeydlərimi xüsusi qovluqlarda saxlayıram. Xəstələrin şəxsi qovluqları ilə bərabər, aradabir söhbətlər zamanı ortaya çıxan maraqlı məqamları “kitab qeydləri” adlı qovluqlarımda da toplayıram. Həmin qovluğumda neçə-neçə hekayənin toxumu yatır. Son yayımlanan kitabım “Gift of Therapy” əsasən uzun illər boyu toplanmış qeydlərimdən ibarətdir.

Yazıçı Irvin Yalom.
Yazıçı Irvin Yalom.

- “Şopenhauer müalicəsi və ya kürü” adlı romanınızda nədən bəhs edirsiniz?

- Bir neçə ildir Şopenhauerdən bəhs edən bir kitab üzərində işləyirdim. Bu qrup terapiyasından bəhs edən bir roman idi. Qrup terapiyası mövzusunu çox yaxşı araşdırmışam. Bu mövzuda 25 ildir məşhur olan bir psixatriya kitabım var. Amma indiyədək heç vaxt qrup terapiyası haqda bədii bir əsər yazmamışam. Bu çox çətin bir işdir, çoxlu sayda şəxsi, onların xarakterini eyni zamanda canlı əks etdirmək lazımdır. Həmçinin bu gün unudulmaq üzrə olan böyük filosof Şopenhauerin insanı anlamaq yolunda xidmətlərindən bəhs etmək istərdim. Onu deyim ki, Şopenhauer Niçşe üçün çox vacib bir adam idi. Freyd üçün də eləydi. Freydin bir çox fikrinin arxasında Şopenhauer vardı. Freyd tələbəykən gərgin şəkildə Şopenhaueri oxuyub öyrənirdi. XIX əsrin ortalarında ümumiyyətlə hamı Şopenhaueri oxuyurdu. Bir çox psixoloji problemi qavramaq üçün Şopenhauerin fikirlərini mənimsəmək lazım gəlir. Həmçinin Şopenhauer olduqca qəribə bir şəxsiyyətə sahib idi. O insanlara nifrət edir, onlardan qaçır, qadınları sevmir və kişilərin qadınlardan daha üstün olduğuna inanırdı. Özünü cəmiyyətdən onun qədər təcrid etmiş başqa bir insan tanımıram. Məhz bu səbəblərdən Şopenhauerin şəxsiyyətini tədqiq etmək istədim. Görəsən fəlsəfəmi onun şəxsiyyətini formalaşdırmış, yoxsa omu fəlsəfənin üzünü yeni istiqamətə çevirmişdi? Bax, cavabını axtardığım suallardan bəziləri bunlardır…

- Maraqlıdır, Almaniyada çox tanınırsınız, Amerikada isə Avropadakı qədər populyar deyilsiniz. Bunu nəylə izah edirsiniz? Rəqabətmi çoxdur, yoxsa orda kitab sənayesi çox böyükdür?

- Xeyr, ABŞ-da kifayət qədər tanınıram. Oxucularla tez-tez görüşmürəm, amma görüşlərimə olduqca çox adam gəlir. Yaşlandıqca insanların mənim yaradıcılığım haqda fikirləri, tənqidləri və tövsiyyələri məni daha az maraqlandırmağa başlayıb. Daha çox öz aləmimə qapılmışam, çalışıram yazdıqlarımla yaşayım. Daim yaradıcılıq istedadımı nə qədər ifadə edə bildiyimi sorğulayıram.

Buna da bax: "Yer üzündə zorakılığın birinci mənbəyi hər zaman din olub"

- Doktor İrvin Yalom, xeyli sakit təbiətli insansınız, amma bir yandan da son dövrlər yazdıqlarınızda, müsahibələrinizdə yaşlanmaq və ölüm mövzusundan daha çox bəhs etməyə başlayıbsınız. Ölüm qorxusu sizin üçün güclü bir hissdir?

- Tək mənim üçün deyil hər kəs üçün ölüm güclü bir hissdir. Ölüm qorxusu həyatımız boyu bizdən ayrılmayan bir hissdir. O daim dərimizin altında qaynayıb durur. Bəzən kabus şəklində bayıra çıxır, ya da ölümlə göz-gözə gəldiyimiz anlarda ortaya çıxıb uzun müddət rahatlığımızı əlimizdən alır. Ya da deyək ki, çox yaxın bir adamımızı itirəndə o gəlib boynumuzun ardındaca dayanır. Həyatın hər dövründə mütləq hansısa bir şəkildə onun nəfəsini üzərimizdə hiss edirik. Məsəlçün, uşaqlar ölümün varlığından xəbər tutanda böyük bir narahatçılığa qapılırlar. Yeniyetmə çağında olan gənclər az qala hər gün ölümü düşünür, ona hazırlaşmağı, onu qarşılamağı götür-qoy edirlər. Məhz bu səbəbdən yeniyetmələr arasında intihar edənlərin sayı bu qədər böyükdür. Sonra başımız həyat qayğılarına qarışır, ailənin, uşaqlarımızın fikrini çəkirik, bütün gücümüzü peşəmizə, ailəmizə sərf etdiyimiz üçün ölüm qorxusu müvəqqəti olaraq yerin altına girib, qeybə çəkilir. Uşaqlarımız evi tərk edəndə, 40-50 yaşlarımıza çatanda ölüm qorxusu yenidən ortaya çıxmağa başlayır. Buna orta yaş sindiromu deyirik. Ondan sonra həyatımızın sonuna qədər ölüm qorxusu bizdən ayrılmır.

- Bəs din? Sizin ateist olduğunuzu bilirik, ancaq yaş artıqda kimlər üçünsə dinin önəmi də artır.

Dünyanın hər yerində ümüdsüzlük, ölüm, axirət dünyası ilə bağlı nigarançılıqlarımızı dinin köməyilə ovuduruq.

- Məncə din, ölüm qorxusuyla sıx bağlı olan bir şeydir. Dünyanın hər yerində ümüdsüzlük, ölüm, axirət dünyası ilə bağlı nigarançılıqlarımızı dinin köməyilə ovuduruq. Hər bir dinin ölüm qorxusunu götürmək üçün özünəxas metodları var. Bəzi dinlər bu problem çox uğurla həll edir, bəziləri isə edə bilmir. Amma dini inancları olmadan da ölümü cəsarətlə qarşılaya bilən adamlar görmüşəm. Demək istəyirsiniz insanlar yaşlandıqca daha dindar olurlar? Mənə elə gəlir, insan öz dininə bağlandıqca və qorxuları artıqdca daha dindar olur. Amma şəxsən məndə belə olmayıb.

- Bütün dünya dinin böyük bir siyasi gücə çevrilməsini müşahidə etməkdədir… Sizcə dinin ucbatından dünyanın daha bir qütbləşməyə məruz qalacağı gözlənilirmi?

- Bəli, artıq o qütbləşmənin gərgin formasını görməkdəyik. Elə düşünürəm ki, zaman keçdikcə bu qütbləşmə hamımızı məhv edə bilər. Çünki iki qütbün toqquşması ağlagəlməz böyük bir dağıdıcı qüvvəyə malikdir!.. Ola bilsin bəziləri üçün dinin müalicəvi xassələri var, ancaq ümumilikdə neçə əsrdir gözümüzün önündə onca böyük dəhşətlərə də rəvac verib. Bu gün bir çox yerdə olduğu kimi Amerikada da radikal dindarlığının təsiriylə din böyük önəm qazanıb. Məsəlçün, özünə bomba bağlayıb partlayış törədən kamikadzelərlə bağlı böyük mübahisələr gedir, amma heç kim, özünü partlatmağa görə kamikadzeyə vəd edilən cənnət həzzləri haqda danışmağa cəhd etmir. Məntiqli bir insan üçün bu cür fantastik aləmlərin varlığı ağlasığmazdır. Amma heç kim bu haqda danışıb özünə bağ ağrısı yaratmaq istəmir. Çünki, Amerikadakı xristian radikalizmi dünyanın başqa yerlərindəki qədər şiddətlidir. Dolayısıyla radikal xristianlığın da özünəxas məntiqsiz axirət qavramları var. Müsəlmanların axirət düşüncələrinin puçluğundan danışmaq qorxulu olduğu üçün, xristianlıqda da bu mövzuda susmaq gərəkir. Beləliklə, dinlər bir-biri ilə bu cür əməkdaşlığa girib, insanları qorxu altında saxlayır.

Söhbətləşdi: Ayça Abakan

22 iyun 2004

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG