Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:02

Hasarlanmış dağlar, zəbt olunmuş bulaqlar


Gündüz Ağayevin karikaturası
Gündüz Ağayevin karikaturası

Ölkədə müstəqil siyasət kursu, F.Əmirlinin həbsinə ictimaiyyət nümayəndələrinin münasibəti, vətəndaşların mənzil problemi, turizm məkanlarında qiymət və xidmət bəhsi bugünkü medianın aparıcı mövzusudur.

«...ƏVVƏLCƏ HƏBS EDİRLƏR, SONRA SÜBUT TOPLAYIRLAR»

«Azadlıq» qəzeti «Proseslər işin qondarma olduğunu göstərir» sərlövhəli məqalədə qəzetin yayım direktoru Faiq Əmirlinin «Gülençi şəbəkə»yə aid olması ittihamı ilə həbsinə ictimaiyyətin tanınmış simalarının dəyərləndirmələrini təqdim edir.

Jurnalist Elçin Şıxlı qonşu Türkiyədə gedən proseslərin Azərbaycanın daxili işlərinə mənfi təsir etməsinin əleyhinə olduğunu deyir: «Təbii ki, mətbuat işçisinin belə qondarma ittihamla həbsinin tam əleyhinəyəm. İnsanları öncə həbs edirlər, sonra isə günahkar olduğuna sübut axtarırlar, öncə sübutlar əldə olunmalıdır. Xüsusən də, Fethullah Gülen-in ideologiyasından uzaq şəxsin həbsinin əleyhinəyəm».

Hüquqşünas Əyyub Kərim isə F.Əmirlinin həbsini hüquqi müstəvidən daha çox siyasətlə bağlayır: «Burada hüquqdan kənar münasibət əsas rol oynayıb, ittihamın gülünclüyünü hər kəs bilir. Təəssüf ki, bütün bu həbslərdə hüquq deyil, siyasət özünü göstərir».

Vəkil Əsabəli Mustafayev bu ittihamı keçmiş MTN-nin tikdiyi «torba» adlandırır: «Faiq Əmirlinin də belə maddələrlə ittiham edilməsi gülüncdür. Burda əsas motiv tamamilə başqadır, bu, insanların ictimai, siyasi və yaradıcı fəaliyyətiylə əlaqəlidir. Faiqin ictimai-siyasi fəaliyyətinə görə ona ittiham elan olunub. İndi proseslərin əksinə cərəyan etməsi işin qondarma olduğunu göstərir».

Vəkil Fuad Ağayev də F.Əmirliyə ittihamı düzgün saymır: «Hətta zahiri əlamətlərinə görə də burda məqsədin hüquqdan kənar olduğu görünür».

Heydər və İlham Əliyevlər
Heydər və İlham Əliyevlər

HEYDƏR ƏLİYEV KURSUNUN DAVAMI

«Azərbaycan» qəzetində «Müstəqil dövlət olmaq müstəqil siyasət yürütmək deməkdir» sərlövhəli məqalədə ölkənin əldə etdiyi uğurlardan danışılır.

Müəllif mövcud müstəqil siyasi kursun əsasını keçmiş prezident Heydər Əliyevin qoyduğunu, İlham Əliyevin isə onu davam etdirdiyini deyir və bu mənada İ.Əliyevin rəhbərliyini belə qiymətləndirir: «Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş cənab İlham Əliyev ötən 13 ildə öz siyasətini bu ənənələr çərçivəsində qurur».

Yazıda 2012-2013-cü illərdə ölkənin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi yaddaqalan tarixi hadisələrdən biri sayılır.

Müəllif ölkənin iqtisadi spektrini dünyada baş verən hadisələr fonunda təqdim edir. Yazıda Yaxın və Orta Şərqdə müharibələr getdiyi, amma Azərbaycanın sabit inkişaf etdiyi vurğulanır: «İqtisadi böhrana, siyasi və sosial gərginliklərə baxmayaraq, Azərbaycanda dayanıqlı inkişaf təmin edilib. Qlobal iqtisadi böhranın hələ də davam etdiyi bir şəraitdə Azərbaycanda makroiqtisadi sabitlik mövcuddur».

Yazıda hakimiyyətin yürütdüyü siyasi kurs belə dəyərləndirilir: «Əminliklə qeyd etmək olar ki, xalq tərəfindən dəstəklənən bu siyasi kurs Azərbaycanı daha da qüdrətli dövlətə çevirəcək».

Mənzil
Mənzil

BOŞ MƏNZİLLƏR VƏ MƏNZİLSİZLƏR

«Exo» qəzetində «Boş qalan mənzillərə vergi» sərlövhəli məqaləni oxumaq olar.

Məqalədə bir tərəfdən tikilən mənzillərin adambaşına düşən sahəsinin azlığı, digər tərəfdən tikilən binalarda mənzillərin boş qalmasına baxmayaraq, mənzil bazarında qiymətlərin bahalığı tənqid edilir. Yazıda BMT-nin adambaşına düşən mənzil sahəsinin 30 kv. metr olması barədə mövqeyi xatırladılır. Eyni zamanda bu standartlara Azərbaycanda əməl olunmadığı deyilir. Müəllifə görə, ən yaxşı halda adambaşına düşən sahə 20 kv.metri keçmir.

Mənzil almağa gəlincə, müəllifə görə, bu, hamı və ya əksər əhali üçün əlçatan deyil. Məqalədə hətta böhran nəticəsində mənzillərin ucuzlaşmasının onu aztəminatlı ailələr üçün əlçatan etmədiyi deyilir. «Bu gün Azərbaycan sərt mənzil böhranı ilə əhatələnib, mənzilsizlik insanları ailə qurmaq imkanlarından məhrum edir». Məqalədə deyilir ki, ölkənin illik 33-35 min kv.metr mənzil sahəsinə ehtiyacı var, amma cəmi 17-20 min kv.metr tikilir.

Yazıda göstərilir ki, paytaxt Bakıda mənzillərin 35-40 faizi boşdur. Məqalədə mənzillərin satılması və ya icarəyə verilməsi üçün mənzil vergisinin tətbiqi mümkün sayılır: «Bu təcrübə Azərbaycan üçün də faydalı ola bilər, bizdə də minlərlə kv.metr mənzil sahələri boş qalaraq, imkanlı adamlar üçün investisiya mahiyyəti daşıyır».

Qəzetə şərh verən ekspertlərə görə, boş qalan mənzillərə vergi tətbiqi daşınmaz əmlak bazarına qiymət ucuzluğu gətirə bilər. «Bu zaman mənzilləri təkcə imkanlı şəxslər almayacaq, təklif artaraq qiymətləri aşağı salacaq və əlçatanlıq dairəsini genişləndirəcək», - ekspertlər vurğulayıblar.

Qəbələ
Qəbələ

BAHA QİYMƏT, AŞAĞI XİDMƏT

«Bizim Yol» qəzetindəki «Bakıda dənizi, rayonlarda isə dağları, meşələri hasarlayıblar» sərlövhəli məqalədə turizm məkanlarında qiymət və xidmət səviyyəsi müzakirə edilir. Bu dəfə bu məkanlardakı durumu ekspert rolunda jurnalist və iqtisadçılar dəyərləndirir.

Jurnalist Zaur İbrahimlideyir ki, lüks kateqoriyasında qiymətlər yenə baha olaraq qalır, hətta İspaniya turları daha sərfəli görünür. Qiymətlərdə güzəşt olsa da, xidmət və istirahətin təşkili minimum tələblərə cavab vermir. «Regionlarda qiymətləri yüksək olan istirahət mərkəzləri turist üçün onun marağına səbəb olacaq istirahətin təşkilini həyata keçirə bilmirlər, yalnız voleybol meydançası və hovuz tikməklə iş bitmir». Bu məsələnin həlli üçün müxtəlif əyləncə növləri, səfərlərin təşkili təklif edilir: «Bunlar olmayacaqsa, azərbaycanlılar yenə Gürcüstan və başqa ölkələrə üz tutacaqlar».

İqtisadçı ekspert Nazim Məmmədova görə, turizm məkanlarında infrastruktur, xidmət sektoru kifayət qədər cəlbedici deyil. Ekspert deyir ki, bulaqlar, mineral sular müxtəlif insanlar tərəfindən zəbt olunub: «Hətta yerli camaatın öz ehtiyacları üçün bulaq suyundan istifadəyə icazə almalı olurlar. İqtisadiyyatda olan inhisarlıq bu sahəni də ağuşuna alıb».

N.Məmmədov deyir ki, bu səbəb üzündən Azərbaycandan Gürcüstana ildə 1 milyondan artıq vətəndaş turist kimi gedir: «Sahibkarlara dəstək, infrastruktur yaranmış olsa idi, vətəndaşların turist kimi hər il xarici ölkələrə xərclədiyi milyonları regionlara yönəltmək olardı».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG