Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:35

-

Ukraynada Müdafiə Nazirliyinin işçisi Dmytro Muravskiy-nin çəkdiyi bir müharibə fotosu (yuxarıdakı foto) ətrafında mübahisə qızışıb.

Fotonun müəllifi sanki hazırda Ukraynada gedən münaqişənin bir çox tərəflərini bir kadra yerləşdirə bilib.

Kadrın mərkəzində yaralı yoldaşlarını daşıyan iki əsgərin torpaq yolla qaçdığını, onların arxasında partlayışın baş verdiyini, onun səmaya buraxdığı tüstünü və yolun kənarındakı dağılmış binanın yanında uşaq arabasını görürük.

İNFORMASİYA MÜHARİBƏSİ

Ancaq bir qrup ukraynalı jurnalist bu fotoşəklin həqiqi olduğuna inanmır. Bu həftə dərc etdirdikləri açıq məktubda onlar fotonun səhnələşdirildiyini iddia edirlər. Onlar bu fotonu nazirliyin Rusiya ilə informasiya müharibəsində atdığı "yöndəmsiz" addım hesab edirlər.

Jurnalistlər istifadəçiləri bu fotonu rus tərəfinin saxta şəkilləri ilə eyni sıraya qoymamağa çağırıblar. “Müharibə həqiqətən gedir... insanlar ölür və bunu sübut edən çoxsaylı fotoqrafik və video dəlillər var," məktubda deyilir.

"Mən yeddi müharibəni çəkmişəm və bu şəklə inanmıram," "Associated Press" agentliyinin Kiyevdə yaşayan fotoqrafı Efrem Lukatsky RFE/RL-ə deyib.

Elə Muravskiy də çəkdiyi fotonu müdafiə edir. O, hətta iftiraçıları məhkəməyə verəcəyi ilə hədələyib.

“GÖZƏL” VƏ QEYRİ-REAL MÜHARİBƏ

Muravskiy şəklin saxta olmadığını sübut etməkdən ötrü avqustun 19-da “Facebook” sosial şəbəkəsində videolar yerləşdirib. Bu videolarda şəkildəki üç əsgərdən ikisi fotonun çəkildiyi andan danışırlar. Özü də bu zaman atılan güllələrdən qorunmaq üçün başlarını aşağı əyirlər.

Əsgərlərdən biri deyir: "Mənim topuğum burxulmuşdu, arxamda isə partlayış vardı. Yoldaşlarım məni bellərinə qoydular və biz qaçdıq".

Şərqi Ukraynada münaqişə zonasında işləyən bir neçə fotoreportyor birləşərək fotonun səhnələşdirildiyini deyir.

“O, müharibəni "gözəl" və qeyri-real edir," sənədli filmlər müəllifi və televiziya aparıcısı Yevhen Stepanenko söyləyir.

TƏNQİD VƏ YA XƏYANƏT

Son zamanlar Ukraynada jurnalistika müharibənin və Krımın Rusiya tərəfindən ilhaqının ciddi təsirinə məruz qalır. Reportyorlar və media azadlığı fəalları ölkədə obyektiv jurnalistikanın millətçiliyin qurbanı olduğunu deyirlər. İşıqlandırılan hər mövzu Ukraynanın tənqidi, yaxud xəyanət kimi yozulur.

Muravskiy-nin çəkdiyi digər fotolar da vaxt, işıq və tərz baxımından qeyri-adidir.

Ancaq şəklin quraşdırılmasından şübhələnənlər bir aspektə söykənirlər: həmin fotodan əvvəl çəkilmiş fotolar yoxdur.

Muravskiy “Facebook” vasitəsilə RFE/RL-ə bildirib ki, fotodan əvvəl çəkilmiş bir neçə görüntünü pozub. Onun kompyuterində saxlanmış şəkillər arasında partlayışdan sonra çəkilmiş görüntülər var, ancaq fotoda əks olunmuş andan əvvəlin təsviri yoxdur. Məsələn, biz həmin o "ayağı burxulmuş" əsgərin qaçmağa çalışdığı anı görmürük. Bu isə ziddiyyəti daha da artırır.

“BÖYÜK DƏRS OLDU”

Muravskiy iddia edir ki, şəkilləri təcrübəsizliyi ucbatından pozub. O da qeyd olunmalıdır ki, belə vəziyyətlərdə fotoqrafların şəkilləri pozması ehtimalı son dərəcə azdır.

“Bundan əvvəl nəşrlərlə işləmədiyimə və bunun bu qədər vacib olduğunu anlamadığıma görə belə etmişəm... Bu, mənə böyük bir dərs olacaq," o deyib.

Muravskiy RFE/RL-ə Ukrayna ordusuna mühəndislik və menecment məsələlərində könüllü müşavirlik etdiyini, fotonun çəkildiyi şəhərə isə cəbhə xəttindəki mövqeləri öyrənməyə getdiyini deyib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi onun çəkdiyi şəkillərdən posterlər və materiallar hazırlayıb. Ordunun materiallarına salınan şəkilləri döyüş vaxtı yox, təlim zamanı çəkdiyini deyir. Nazirlik onun çəkdiyi fotoların bəzilərini öz binasında sərgiləyib.

Muravskiy həmin fotonun quraşdırılması barədə iddialarla bağlı qanuni tədbirlər görəcəyi ilə hədələyib. Deyib ki, bundan sonra yeni ittihamlara yalnız məhkəməylə cavab verəcək və həmin şəxsləri özünün biznes nüfuzuna ziyan vurmaqda ittiham edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG