Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:08

Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...


►Gürcüstanlı işadamı biznes mühitindən danışır

“Kim deyir ki, Gürcüstanın təbii sərvəti yoxdur? Bu ölkənin əsl təbii sərvəti işləyən qanunlarıdır”, bunu qonşu ölkənin orta biznes sinfinin təmsilçisi Xəlil Nuri deyir.

Dünya Bankı bir müddət öncə açıqladığı hesabatında göstərir ki, 2015-ci ildə Gürcüstanın adambaşına düşən gəliri artaraq 4 min 160 dollara çatıb.

Hesabatda göstərilir ki, Gürcüstan qonşu ölkələrlə müqayisədə Ümumi Milli Gəlir reytinqində sıçrayış edib, aşağı orta gəlirli səviyyəsindən yuxarı orta gəlirliyə çevrilib. Qeyd edək ki, yuxarı orta gəlirli iqtisadiyyatlarda adambaşına illik gəlir 4 min 36 – 12 min 475 dollar arasında dəyişir.

Xəlil Nurinin fikrincə, ölkə iqtisadiyyatının inkişafı milli gəlirə təsir edə bilər. O, ölkədəki biznes mühitindən ağızdolusu danışır.

Deyir, vergi, gömrük sahələrində o qədər şəffaflıq var ki, sahibkarın məmura vaxt sərf etməsinə ehtiyac qalmır, əvəzində bütün diqqətini biznesinin inkişafına yönəldir: “Gürcüstanda yaradılmış hüquqi şərait dörd qonşu ölkənin hamısından daha yüksəkdir”, o vurğulayır.

Buna da bax: Türkiyədə və Azərbaycanda istirahət yerlərinin əsas fərqləri (Fotolar)

“Nə gömrük, nə vergi məmurunun üzünü görürük”

Müsahibimiz həm idxalla, həm də istehsalla məşğuldur. Onun sözlərinə görə, idxalla məşğul olan sahibkarın gömrüyə getməsinə ehtiyac yoxdur, internet üzərindən bütün məlumatlarını verir, rüsumunu ödəyir, sifariş verdiyi mal onun iştirakı olmadan sərhəddən birbaşa müəssisənin anbarına gedir:

“Vergi də belədir. Biz vergi məmurlarının üzünü belə görməmişik. Bürokratik əngəl, demək olar ki, yoxdur. Ancaq bəzən cüzi əngəl yarananda elə etiraz edirik ki. Sonra da qonşu ölkələrlə müqayisə edib düşünürəm ki, ordakı biznesmenlər nəyə tab gətirir, biz kiçik bir maneəyə dərhal etiraz edirik”.

6 ildir biznes mühitində olan müsahibimiz qapılarını hər hansı məmurun döydüyünü xatırlamır. Gürcüstanlı sahibkar deyir, dövlət məmurları özbaşına sahibkarın müəssisəsinə baş çəkə bilməz, mütləq buna ciddi əsas olmalıdır. Məsələn, bu əsası biznesmenin ticarət dövriyyəsi ilə ödədiyi vergi arasındakı uyğunsuzluq yarada bilər.

Xəlil Nuri əlavə edir ki, yaradılmış şərait xarici investorları özünə cəlb edir: “Ukraynadan, Küveytdən, Misirdən, İraqdan, elə Rusiyadan da gəlib burda biznes quranlar var. Ərəblər binalar tikib mənzili də xaricilərə satırlar. Bu, həm də ölkəyə əlavə xarici valyutanın daxil olması deməkdir. Burda ən çox iş quranlar isə Azərbaycan və Türkiyə vətəndaşlarıdır”.

“İlk vaxtlar adamlar islahatlardan narazı idi”

Xəlil Nuri Gürcüstanda doğulub böyüyüb, Azərbaycanda ali təhsil alıb, ancaq təhsilini başa vurandan sonra vətəninə qayıdıb:

“Gürcüstanda 2008-ci ildə keçmiş hökumət ciddi iqtisadi islahatlara getdi. İlk vaxtlar bu islahatlar xoş qarşılanmadı, vətəndaşı yordu, gömrük rüsumu, vergi ödəməyə vərdişi olmayan işadamları üçün yeni mühit idi. Sistem oturuşunca islahatlar artıq öz bəhrəsini verməyə başlayır”.

Gürcüstana təbii sərvətlər hesabına böyük valyuta axını gəlmədiyindən ölkə əhalisi zəngin deyil. Xəlil Nuri deyir, buna baxmayaraq, ölkədə sabit iqtisadi artım müşahidə edilir:

“Ölkənin turizm sektoru hər il inkişaf edir. Turist gələndə qalır, yeyir, gəzir və onun bu xərcləri, istər-istəməz, qida, geyim, otel və s. kimi sektorların inkişafına səbəb olur”.

Buna da bax: Batumidə azərbaycanlı turistlərin başına gələnlər

“Gürcüstanda inhisarçı məmurlar yoxdur”

Gürcüstan İslahatlar Assosiasiyasının rəhbəri Beso Namshavadze bildirir ki, ölkənin adambaşına düşən gəliri 2003-cü ildən bəri artım dinamikası üzrə gedir.

Ancaq o, əlavə edir ki, gəlirliliyin artmasının səbəbi təkcə ölkənin iqtisadi göstəricilərinə bağlı deyil, buna əhalinin sayı da təsir edir. Onun sözlərinə görə, 2014-cü ildə əhalinin siyahıyaalınması zamanı üzə çıxıb ki, Gürcüstan vətəndaşlarının sayı 700 min azalıb. İqtisadçı ekspert hesab edir ki, əhali artsaydı, Gürcüstan bu qədər sürətlə Ümumi Milli Gəlir reytinqində yerini dəyişməzdi. Ancaq o, ölkədə qurulan biznes mühitinin işadamlarına müəyyən imkanlar yaratdığını istisna etmir:

“Aşağı vergilərə görə Gürcüstan nəinki regionda, hətta dünyada lider ölkələrdən biridir. 2017-ci ildə Gürcüstan investisiyada mənfəət vergisini götürəcək. Bundan başqa, bizim Avropa Birliyi ilə Azad Ticarət Əməkdaşlığımız var. Tezliklə belə bir əməkdaşlıq Çinlə də olacaq. Təbii ki, bütün bunlar biznes mühitinə müsbət təsir edir”.

Beso Namshavadze Gürcüstan iqtisadiyyatını inhisarçılar və ya məmur-oliqarxların nəzarətində olmayan ölkə kimi xarakterizə edir. Deyir ki, onların əsas problemləri siyasi sabitlik, effektiv büdcə və milli valyutanın sabitliyinə hesablanmış pul siyasətidir. O, mülkiyyət hüquqları, məhkəmə müstəqilliyi ilə bağlı qanunvericiliyin təkmilləşməsini də vacib sayır.

“Bu, artıq siyasi menecmentlik məsələsidir”

Gürcüstan iqtisadiyyatı neft və qaz kimi təbii sərvətlərdən asılı deyil, üstəlik, bu ölkədə illər öncə ciddi siyasi-iqtisadi islahatlar aparılıb. Azərbaycanı Gürcüstanla müqayisə edən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Azər Mehtiyev belə söyləyir.

O, 2005-ci ildən Azərbaycana gələn böyük neft pullarının “Holland sindromunu”, yəni istehsal sektorunun təbii sərvətlərdən asılılığını yaratdığını yada salır:

“2006-2014-cü illərdə Azərbaycanın ixracatının 90 faizi neft olub. Asan qazanılan pul hökuməti iqtisadi islahatlara getməkdən çəkindirdi. Saakashvili isə ölkəsində ciddi islahatlara getməklə bu günkü inkişafın təməlini qoydu”.

Buna da bax: İlham Əliyev: 'Şamaxıdan Balakənə kimi turizm'

Bəs bu gün Azərbaycanda neft gəlirlərinin azalmasından sonra yaranan iqtisadi böhranı, maliyyə bazarındakı durğunluğu “Saakashvili islahatları”nın tətbiqi ilə aradan qaldırmaq olarmı?

Azər Mehdiyev deyir ki, bu düsturu tətbiq etmək yox, ümumiyyətlə, ölkənin bütün sistemində islahatlara getmək lazımdır: “Əgər hakimiyyət vəziyyəti düzəltmək, davamlı iqtisadi inkişaf istəyirsə, ölkə iqtisadiyyatını məmur-oliqarxların cəngindən almalıdır, rəqabətli mühit yaratmalı, insanların hüquq və azadlıqlarına hörmət edən liberal iqtisadiyyat formalaşdırmalıdır. İqtisadi islahatlar ləngidikcə, böhranlı durum dərinləşir və bu sual isə daha çox siyasi menecmentlik məsələdir: hökumət islahatlara getmək istəyir, ya yox”.

Rusiya yerini itirib

Dünya Bankının Ümumi Milli Gəlir hesabatında Azərbaycan, Rusiya və Türkiyənin ötən il adambaşına düşən gəliri əvvəlki illərdə müqayisədə azalıb. Rusiya hətta Ümumi Milli Gəlir reytinqində yerini də itirib, “yuxarı” kateqoriyasından “yuxarı orta gəlirli”yə düşüb.

Azərbaycan reytinq kateqoriyasında yerini itirməsə də, gəlirlilik azalıb. 2014-cü ildə adambaşına düşən gəlir 7 min 600 dollar olsa da, ötən il bu rəqəm 6 min 560 dollara düşüb. Elə Türkiyədə də adambaşına gəlir iki il öncəylə müqayisədə 680 dollar azalıb, amma bu azalma ölkənin reytinqinə təsir göstərməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG