Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:29

-

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəman avqustun 26-da Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında vəkili Fariz Namazlı ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna vəkil məlumat verib.

E.Qəhrəman vəkilinə deyib ki, təcridxanada olduğu bir həftə ərzində Ombudsman Aparatının nümayəndəsi iki dəfə həkimlə birlikdə ona baş çəkib. Birinci görüşdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona verilən işgəncələrdən bir saata yaxın danışıb. Amma Ombudsman Aparatının nümayəndəsi mətbuata açıqlamasında heç bir işgəncənin olmadığını bildirib. E.Qəhrəmanın digər vəkili Nemət Kərimli isə bunu təkzib edib. Bundan sonra avqustun 25-də Ombudsman Aparatının nümayəndəsi yenidən Elgizlə görüşüb.

Buna da bax: Ombudsman Aparatı 'işgəncə yoxdur' deyir, vəkil razılaşmır

DUBİNKA YERLƏRİ AĞRIYIRMIŞ

"Elgizin dediyinə görə, Ombudsman Aparatının nümayəndəsi ikinci görüşdə ona üzərində heç bir işgəncə izi qalmadığını bildirib və soruşub ki, “niyə vəkilə işgəncəyə məruz qaldığını demisən?” Elgiz də cavab verib ki, xəsarət izi qalmasa da, ona işgəncə verilib, təhqir olunub, qeyri-insani rəftara məruz qalıb. Bunun üçün mütləq bədəndə xəsarət izinin olması vacib deyil", – Fariz Namazlı AzadlıqRadiosuna deyir.

Vəkil deyir ki, Elgizin qarın hissəsində hələ də qızartılar var, Ombudsman nümayəndəsi ilə birlikdə gələn həkimə ilk görüşdə həmin qızartıları göstərib: "Həkim isə deyib ki, bu qızartılar natəmizlikdən yaranıb, yəni onun xəsarət nəticəsində yaranmasını inkar edib. Elgizin ayağında da qızartılar vardı. Həkim deyib ki, “bu, işgəncə izi deyil”. Başına dubinka ilə vurulması nəticəsində ağrılar vardı, həkim buna ümumiyyətlə, baxmayıb".

Müdafiəçi onu da qeyd edib ki, E.Qəhrəmanın təcridxanada saxlanma şəraitindən şikayəti yoxdur. Hələlik ailə üzvlərilə görüşə bilməsə də, həftədə 2 dəfə telefonla əlaqə saxlayır: "Görüşlə bağlı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edib. Avqustun 28-də görüşə icazə verilib-verilməməsi müəyyən olunacaq".

Buna da bax: 'Azərbaycanda yeni repressiyalar başlayıb' - HRW

OMBUDSMAN APARATI XƏSARƏT OLMADIĞINI DEYİRDİ

Ombudsman Aparatının avqustun 22-də yaydığı məlumatda bildirilirdi ki, Milli Preventiv Qrupun (MPQ) üzvləri təcridxanada E.Qəhrəmanı müayinə edib, üzərində xəsarət müşahidə olunmayıb: "Yekunda tərtib olunmuş aktda özü də bunu imzası ilə təsdiqləyib. Tibbi kitabçasına baxış zamanı onun Bakı istintaq təcridxanasında ilkin tibbi müayinədən keçirildiyi və müayinə zamanı bütün bədən səthində xəsarət izi aşkar edilmədiyi məlum olub".

E.Qəhrəman avqustun 12-də saxlanılıb və yeri bir neçə gün bilinməyib. Avqustun 15-də bəlli olub ki, Nərimanov Rayon Məhkəməsi avqustun 13-də onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qərarı verib. NİDA-çı gənc CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsilə ittiham olunur.

E.Qəhrəman vəkili ilə görüşəndən sonra bu ittihamın ona heç bir aidiyyəti olmadığını, işgəncəyə məruz qaldığını bildirib.

NİDA Vətəndaş Hərəkatı da E.Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə həbs edilməsi barədə bəyanat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG