Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:30

Azərbaycana siyasi islam təhlükəsi varmı?


Pakistanda siyasi islam partiyası - Camaat İslami partiyasının tərəfdarlıarı
Pakistanda siyasi islam partiyası - Camaat İslami partiyasının tərəfdarlıarı

Azərbaycana siyasi islam təhlükəsi varmı? Təkcə gülənçilər yox, ümumiyyətlə siyasi məqsəd qoyan islamçılar təhlükəsi Azərbaycanda ciddidirmi?

Siyasi şərhçi Altay Göyüşov deyir ki, Azərbaycanda siyasi islam olsa da sekulyarizmi üstələyə bilmir:

Altay Göyüşov
Altay Göyüşov

“Azərbaycan müsəlman ölkəsidir və SSRİ dağılandan sonra yenidən o islamlaşma prosesi sürətlə gedir. Bu şəraitdə sözsüz ki, bütün müsəlman ölkələrində olduğu kimi siyasi islam təhlükəsi mövcuddur.

Sadəcə olaraq bunun Azərbaycanda səviyyəsi heç vaxt sekulyarizmin əsaslarına təhlükə törədəcək səviyyəyə çatmayıb.

İkinci məsələ ondan ibarətdir ki, siyasi islamın müxtəlif formaları var. Bir forması məsələn o radikal təşkilatlardır. Bu hətta balaca olanda da çox böyük təhlükələr yarada bilər. Buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Zaman zaman da bilirsiz ki, bizdə o İŞİD-ə qoşulanlar, Suriyaya getmək istəyənlər barədə ölçülər götürülüb.

İkinci forması var ki, bunun məqsədi tamam başqadır. Bunun məqsədi həmin o radikal metodlarla deyil, daha çox siyasi həyatın verdiyi metodlardan istifadə edib hakimiyyətə gəlməkdir. Demokratik metodlarla hakimiyyətə gəldikdən sonra gələcəkdə sekulyar idarəçiliyi şəriət idarəçiliyinə dəyişdirməkdir. Amma bunun özünün də Azərbaycanda potensialı kifayət qədər zəifdir.

Zəifliyin səbəbi odur ki, Azərbaycanda sekulyarlığın əsasları güclüdür. İkincisi isə Azərbaycan İran kimi, Türkiyə kimi dini məzhəb baxımdan monolit deyil. Onun şiəsi var, sünnisi var. Bu məzhəblər bir-birindən sözsüz ki, fərqlənir. Bu məzhəblərin özünün arasında ciddi rəqabət var və hər hansı birinin xalq arasında böyük dayağa malik olması prosesi sual altındadır”.

DAHA BÖYÜK TƏHLÜKƏ

Digər siyasi şərhçi Zərdüşt Əlizadə isə deyir ki, Azərbaycanda siyasi islam təhlükəsindən daha böyük təhlükələr mövcuddur:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Əvvəlcə ondan başlayın ki, Azərbaycana olan təhlükələri təsnif edin. Təsnif edin, təsvir edin, müqayisə edin. Onda görərsiz ki, siyasi islam təhlükəsi əhəmiyyətinə görə bəlkə də 5-6-cı yerdədir. Ən böyük təhlükə Azərbaycanda siyasi sistemin səmərəsizliyidir. Millətin, dövlətin qarşısında duran müşküllərin həllində acizliyidir. Dövlət acizdir. Həm Qarabağ, həm iqtisadi inkişaf, həm mənəvi- fiziki sağlamlıq, maddi rifah problemini həll etməyə hakim zümrə, dövlət, siyasi sinif acizdir. Bu ən böyük təhlükədir.

Bu o deməkdir ki, SSRİ-nin süqutuna gətirmiş bütün amillər Azərbaycan Respublikasında işləyir. Yəni elə bir an yarana bilər ki, bu dövlət, bu ölkə siyasi xəritədən silinə bilər. Bu bir faktdır. Heç bir alim bunu inkar edə bilməz. SSRİ-də hansı illət, hansı xəstəlik, hansı qüsurlar vardı, hamısı Azərbaycanda var. Bu siyasi təhlükələrin fonunda əlbəttə ki, siyasi islam da var. Siyasi islam hakimiyyət uğrunda mübarizənin qiyafəsidir.

Zərdüçt Əlizadə: Aciz hakimiyyət daha böyük təhlükədir
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00
Direct-ə keçid

Adətən siyasi hakimiyyət uğrunda mübarizə aparan qüvvələr açıq-aşkar demir ki, mən hakimiyyət istəyirəm. Mən hakimiyyəti ona görə istəyirəm ki, vəzifəmdən sui-istifadə edib, özümü, ailəmi varlandırım. Belə bir açıq etiraf yoxdur. Əslində deyirlər mən gəlirəm milləti xilas etməyə, Azərbaycanı Avropaya inteqrasiya etməyə, Qarabağı qaytarmağa, ictimai ədaləti bərpa etməyə, islami dəyərləri bərpa etməyə. Bu cür müxtəlif şüarlar altında müxtəlif qruplar siyasi hakimiyyət uğrunda mübarizə aparırlar ki, vəzifəyə gələndən sonra ciblərini doldursunlar.

Siyasi islam şüarı qaldıran adamlar da indi nə Məhəmməd peyğəmbəri, nə Qurani Kərimi fikirləşirlər. Onlar yalnız onu fikirləşirlər ki, bir gün bunlar gələcəklər hakimiyyətə. Vəssalam”.

ÇÜNKİ NƏ LİDER VAR, NƏ PARTİYA

Siyasi şərhçi Hikmət Hacızadə isə bildirir ki, ümumiyyətlə Azərbaycanda siyasi islam təhlükəsi mövcud deyil. Radikal islam təhlükəsi var, siyasi islam isə yoxdur:

Hikmət Hacızadə
Hikmət Hacızadə

“Mən hələ ki, belə bir təhlükə görmürəm. Çünki nə bir nüfuzlu islam siyasi partiyası var, nə bir islam lideri , siyasətçi var, nə də bir Xomeyni kimi islam avtoritetləri var. Yoxdur. Ölkə miqyasında belə bir qüvvə yoxdur. Ona görə mən bu qənaətə gəlməmişəm ki, burda siyasi islam təhlükəsi olsun.

O ki qaldı gülənçilərə, onlar bu günə qədər ümumiyyətlə hər halda Azərbaycanda siyasətə qarışmırdılar. Yəni açıq siyasətdən söhbət gedir. Bir var gizli, pərdəarxası siyasət, Madrid siyasəti, Madrid sirrləri belə deyirlər ona. Biri də var, açıq çıxasan danışasan, mitinq edəsən,qəzet buraxasan, öz ideyalarını təbliğ edəsən. Bunlar yoxdur. Olmayıb.

Bəlkə altdan-altdan işləyirlər, kimisə cəlb edirlər, gəncləri cəlb edirlər, amma bunlar çox az sayda olan bir şeydir. Ümumiyyətlə bu gülənçilərin taktikası başqadır. Onlar siyasətlə getmirlər. Onlar sistemin içinə öz adamlarını göndərib, sistemi içindən dəyişmək taktikasını seçmişdilər.

Onlar adətən yüksək və orta təbəqədən savadlı adamlar arasında gizlincə öz ideyalarını yayırdılar. Və sonra çalışırdılar hökumətdə vacib strukturlara yerləşsin. Burda o da yoxdur. Nə gülənçilərdən, nə o birisilərdən mən hələ ki siyasi islam təhlükəsi görmürəm. Ekstremist islamın təhlükəsi var. Radikal islamın təhlükəsi var. Radikal islam var. Siyasi islam görmürəm”.

XS
SM
MD
LG