Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

'Bələdiyyə sahibkarlıq fəaliyyətimə mane olur'


Bələdiyyə. Foto arxiv
Bələdiyyə. Foto arxiv

«Qardaşım Qarabağ döyüşlərində həlak olub. Ondan sonra ailəyə mən baxıram. Dolanışığın çətinliyi üzündən zibillik ərazini abadlaşdırıb kiçik bir kafe açmışam. Bu obyektdən gələn xırda gəlirlə əlil, qoca, körpə uşaqların olduğu bir neçə ailə dolanır. Gəl ki, bələdiyyə sədri imkan vermir. Yeri hərraca çıxarıb kafeni dağıdır».

«YERİNİ BAŞQASINA SATMAQ İSTƏYİR»

Quba rayon sakini Laçın Novruzov AzadlıqRadiosunun «Qaynar xətt»inə 2-ci Nügədi bələdiyyəsindən şikayətçi düşüb. Deməsinə görə, bir müddətdir ki, bələdiyyə sədri Mübariz Qələmiyevin göstərişi ilə Laçın Novruzovun işlətdiyi kafenin gah işığı kəsilir, gah da yolu bağlanır. Bələdiyyə sədri onun və ailəsinin yeganə gəlir yeri olan kiçik kafeni bağlatdıraraq yerini başqasına satmaq istəyir: «Qubadakı suvarma sistemində işləyirəm. Elə kafe də həmin ərazidə yerləşir. Gəlib maraqlana bilərsiniz, yeganə yerdir ki, adamlara şərait yaradıram, burada kasıb, imkansız ailələrə pulsuz nahar da təşkil edirlər. Bələdiyyə sədri adamları öyrədir, kafeyə gələnlərin qarşısını kəsir, bura gəlməmələrini tapşırtdırır. Bizdən tələb edir ki, ərazini tərk edək».

Laçın Novruzov deyir, bələdiyyə sədri başqa imkansız sakinlərə də «sataşır», meyvə bağlarını əllərindən alaraq torpaqları hərraca çıxarır.

«MƏHKƏMƏNİN QƏTNAMƏSİ VAR»

2-ci Nügədi bələdiyyəsi ilə əlaqə yaratmaq mümkün olmasa da, Qubanın icra hakimiyyəti məsələyə aydınlıq gətirib. Qurumdan «Qaynar xətt»ə bildirilib ki, Laçın Novruzov ərazini zəbt edib. Bələdiyyə də onu məhkəməyə verib. Məhkəmə ərazinin bələdiyyə torpağı olduğunu nəzərə alaraq, boşaldılıb bələdiyyəyə qaytarılması barədə qətnamə çıxarıb.

Laçın Novruzovsa deyilənlərlə razılaşmır. O, müharibədə həlak olanın ailəsi kimi həmin ərazidə elə icra hakimiyyətinin razılığı ilə kiçik sahibkarlıq fəaliyyəti göstərdiyini bildirir. «Əgər söküləcəkdisə, sahibkarlıq fəaliyyətinə maneələr yaradılacaqdısa, niyə bu qədər xərc çəkib buraları abadlaşdırıb iaşə obyekti açmalıydım?», - deyə sual edir.

İcra hakimiyyəti vətəndaşa məhkəmə qərarından yuxarı instansiya məhkəmələrinə şikayət vermək hüququ olduğunu xatırladır.

Qurum meyvə bağlarının sakinlərin əllərindən alınması ilə bağlı deyilənlərə də münasibət bildirib. Qeyd edib ki, həmin torpaqlar vətəndaşlar tərəfindən zəbt olunmuş bələdiyyə torpaqlarıdır.

XS
SM
MD
LG