Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

-

Tanınmış Azərbaycan şairi Salam Sarvanın bu günlərdə 50 yaşı tamam oldu. O 80-90-larda yazmağa başladığı çox məşhur sevgi şeirləri ilə tanınır. Salam Sarvanın sosial şəbəkədəki fəaliyyəti isə daim müzakirə mövzusu olur. Salam Sarvan özünün 50 illik yubileyində Oxu Zalına şairlik yolundan, yazı adamının ictimai mövqeyindən danışır.

– Salam bəy, bu günlərdə 50 yaşınız tamam oldu. 50-ci yaş gününüzü necə qeyd etdiniz?

– Qeyd etmədim. Heç ikinəfərlik məclis də olmadı. Çox yaxın dostum Ceyhun Nağı mənim doğum günümdə ölüb. O vaxtdan ad günlərini qeyd etmirəm. 50 illik yubileydə bəlkə də bu kompleksdən çıxmaq olardı, amma bir az həvəsim çatmadı, bir az da imkanım. Ümumən, təntənəyə meyilli deyiləm.

– İnsanın yaşa dolması onun yaradıcılığına necə təsir göstərir?

– Püxtələşmək mətn redaktəsi kimi sonsuz prosesdir. Proses hələ də gedir.

– 50 illik həyatınızda nədən razısınız, nəyi əksik biliriniz?

– 50 yaş ömür olaraq balaca rəqəm deyil. Amma hər halda bədən temperaturunun 40, təzyiqin 180, şəkərin 300-ü kimi təhlükəli rəqəm də deyil. Ömür hələ qabaqdadı, bundan sonra 10 il də yaşamaq arzum var. Onunçün də keçmişə baxmaq istəmirəm. Keçmişə görməmiş kimi baxmaqdansa, gözünü qaçırmaq daha yaxşıdı. Nə idisə, mənim ömrüm idi, doğma bir ömür. Səhviylə-düzüylə, incitdiklərimlə-incidiklərimlə... Keçmiş olsun.

Yeddi il sərasər işsiz qaldığım vaxtlarda da soruşanlara “evdə iş götürüb işləyirəm” yalanları danışırdım.

– Azərbaycan yazarları adətən dövlətin yazarlara qayğısının olmamasından şikayətlənir, bəs siz 50 yaşınızda dövlətdən gözlədiyiniz diqqəti, qayğını alırsınızmı?

– Bir şair olaraq dövlətdən heç bir şəxsi umacağım olmayıb. Həyat adamı kimi isə şəxsi anlamda şikayətlənmək ağır gəlir mənə. Kompleksim var. Hətta yeddi il sərasər işsiz qaldığım vaxtlarda da soruşanlara “evdə iş götürüb işləyirəm” yalanları danışırdım.

– Sizin barənizdə Azərbaycanın yeni dövründə ən yaxşı sevgi şairi deyirlər, özünüzü şeirdə bir zirvə fəth etmiş kimi görürsünüzmü?

– Şeirdə zirvə nədir? Vallahi, bilmirəm. Mən indiyədək oxuduqlarımdan xeyli imzalar sadalaya, həmin imzalardan xeyli sitatlar gətirə bilərəm. Amma həmişə çalışıram ki, “dərs danışan şagird” olmayım, “dərs deyən müəllim” də olmayım. Çalışıram ki, ağrılarını həkimə tibbi dillə deyil, öz balaca budkasının işlək leksikonuyla ifadə edən pinəçi kimi danışım. Ümumən, oxuduqlarımız danışmaqçün istifadəyə yararsızdır. Oxuduqlarımız içə salmaqçündür. Şeirdə tanıdığım bircə dəyər var, o da talantdır. Təkcə Azərbaycanda deyil, bütün dünyada nəsil dəyişmələri üzrə talantların sayı az olur. Özümlə bağlı gerçəklik bu ki, bilmirəm, nə baş verib, kim hansı dərəni mənimsəyib, kim hansı dağı tutub. Mən bu 30 ildə yalnız başımı yuxarı qaldırıb şeir yazmaqla məşğul olmuşam.

Buna da bax: "Salam Sarvan. Gənc şairlərə 11 məsləhət"

– Sosial şəbəkədə fəaliyyətiniz böyük kütlə tərəfindən izlənilir və tez-tez yazdıqlarınız saytlara çıxır, müzakirəyə səbəb olur. Sizcə sosial şəbəkə şairə, yazara nə verir?

–Sosial şəbəkələrdə bizim varlığımızın məqsədi, deyəsən, ikibaşlıdır. Biz məsələn Feysbukdan həm nəsə almaqçün ordayıq, həm də nəsə verməkçün. Nəyi vermək istəyirik? Hər halda, bizə elə gəlir ki, hansısa məsələyə yanaşmamızla, bəlkə də, kimlərinsə fikirlərinin durulmasına yardımçı ola bilərik. Amma təcrübədən məlum ki, qəribə iddiadır, bu mənadakəs heç kəsin kitabını oxumur. Nəyi almaq istəyirik? İnsanın yazmaq ehtirası nə vaxtsa tükənə bilər, amma oxunmaq ehtirası heç vaxt bitmir. Hətta yazmayan adamlarda da oxunmaq istəyi var. Ancaq bu baxımdan da sosial şəbəkələrin əhəmiyyətini şişirtmək düz olmazdı. Kütləvi oxunmaq üçün, həm də keyfiyyətli oxunmaq üçün sosial şəbəkələr olmadığı vaxtlar daha maraqlıydı. Məsələn, 80-ci illərdə bircə dəfə “Gənclik” jurnalında üç şeirimin çıxmasıyla Azərbaycanın, az qala, yarısı oxuya bilmişdi məni.

– Bəlkə ordan uzaq olmaq daha çox sakitlik qazandırar insana?

Şair Salam Sarvan.

Şair Salam Sarvan.

– Biz o sakitliyi istəyirikmi? Sakit dayana bilirikmi? Daim qaynayan içlə necə sakitliyə çəkilmək olar. Sən düşünürsən, düşüncəni dilə gətirmək istəyirsən, cəmiyyətdəki baxışlarla konfliktə girisən... Adamlardan qaçmaq mümkünmü? Sən adamları görməmək üçün avtobusdan imtina edib şəxsi maşın ala bilərsən, siqaret almağa evdəki uşağı göndərə bilərsən. Amma adamların obrazları onsuz da həmişə səninlədir, sənin düşüncə qatlarındadır. Düşüncəni cəmiyyətdən yayındırmaq mümkün deyil axı. Düşüncə tənhalığı mümkün deyil.

– Bu günlərdə Yeni Azərbaycan Partiyasına üzv olmaq niyyətiniz haqda yazmışdınız, doğurdanmı, belə bir niyyətiniz var? Bu niyyətiniz hardan doğdu?

– Əvvala, mən hissi, emosiyası olan yazı adamıyam. Hər hərəkəti, hər fikri daşlamış diplomatik dildə ifadə etməyi bacarmıram. Yəni indiyədək əzbərlənmiş şablonlarla demək istəmirəm ki, dövlətçiliyə xidmət eləmək istəyirəm və sair... İçimdən məni bu qərara gətirən hissi açıq deyirəm. Necə ki, "Qafqaz.info" saytına bu barədə danışmışdım. Ki, mən ayrı-ayrı vaxtlarda YAP hökümətinin fəaliyyətindəki problemlər barədə tənqidi yazılar yazmışam. Amma buna rəğmən bu hökumət bircə dəfə də olsun mənə “gözün üstdə qaşın var” deməyib. Amma cəmiyyətimiz yanlış anladığı bir statusuma görə, az qala, məni asacaqdı...

Buna da bax: "Salam Sarvan: “Mənim bu xalqa borcum-zadım yoxdur”"

– Və acığa düşüb YAP-a qoşulmaq qərarına gəldiniz?

– Yox, məsələ bu qədər bəsit deyil. İndiyədək də buna oxşar hallar olub. Məsələn, hansısa klassik şairimiz haqda dediyimiz bir cümləyə görə, ya hansısa bir mental özəlliyimiz haqda bir tənqidi fikrə görə sərt münasibətlə çox rastlaşmışıq. Sadəcə, sonuncu fakt məni ciddi düşünməyə vadar etdi. Məlum oldu ki, mən indiyə qədər şair-cəmiyyət, şair-hakimiyyət, hakimiyyət-cəmiyyət məsələlərinə münasibətdə xeyli obyektiv şərtləri, xeyli reallıqları, xeyli incəlikləri nəzərə almamışam.

– Açıqlaya bilərsizmi?

– Əvvala gəlin, məsələyə şəxsi mənafedən baxaq. Çün insan, hər şeydən qabaq eqodan, şəxsi maraqdan çıxış etməli olur. Elə içində olduğumuz kapitalizmin də əsas düsturu budur ki, şəxsi mənafelər birləşərək ictimai mənafe yaradırlar. Mən söz adamıyam, özümü düşüncə adamı sayıram. Təbii,

Mən görürəm ki, hakimiyyətə simpatiyasını gizlətməyən mətbu orqanlarda düşüncənin rəngarəngliyi baxımından istənilən fikri demək olur.

süni şəkildə iqtidar-müxalifət, iqtidar-cəmiyyət uçurumları yaradılmasına həmişə pis baxmışam. Əslində, cəmiyyət bütövdür – iqtidarıyla, müxalifətiylə, bitərəfiylə. Adətən, ölkədə yaşam fəlsəfəsi həmişə eyni olur. Amma əgər hakimiyyətlə cəmiyyət arasında uçurum yaradırıqsa, mən bir söz adamı olaraq bu uçurumun azad sözə daha dözümlü tərəfində olmağı üstün tuturam. Azad söz təkcə hakimiyyətin addımları haqda sərbəst danışmaq azadlığı deyil, cəmiyyət təkcə siyasi polemikalar üzərində dayanmır. İfadə azadlığı düşüncənin hər sahəsinə aid arxayın danışa bilmək imkanıdır. Mən görürəm ki, hakimiyyətə simpatiyasını gizlətməyən mətbu orqanlarda düşüncənin rəngarəngliyi baxımından istənilən fikri demək olur. Hətta müəyyən korrektəylə siyasi mövzularda da. Amma məsələn, rəhbəri dindar olan saytlarda, rəhbəri dini kəsimin dəstəyini uman partiyaların mətbuatında dini polemika mümkün deyil. Məsələn, rəhbərinin hansısa ədəbi klassikə rəğbəti olan saytlarda ədəbi polemikaya yol verməzlər. Məsələn, rəhbərinin xalqın dəstəyi uğrunda suyu üfürə-üfürə mübarizə apardığı mətbuatda mental dəyərlər haqda solaxay fikirlər gedə bilməz. Rəhbəri Qərb Fondları ilə dostluq edən, onlardan qrant alan mətbuat orqanlarında Amerika haqda tənqid, demək olar ki, mümkün deyil.

Mən “sosial təbəqə” olaraq yazar tayfasına məxsusam. Şəxsi mənafedən baxanda YAP hakimiyyəti yazarlara nə pislik edib ki? Mərhum Heydər Əliyevin yazarlara, sənət adamlarına doğma münasibətini yaxşı görmüşük. O hətta müxalifətdə olan bir hörmətli şairimizə də ev vermişdi. Prezident İlham Əliyevin

Kiminsə Konstitusiyadan xəbəri yoxdur, mən bu Konstitusiya islahatlarının strategiyasının indiki reallığımızda düz olduğunu düşünürəm.

iki talantlı şairimizi İran zindanından çıxarması ona asanmı başa gəlmişdi? Ya da ölüm ayağındakı bir talantlı şairimizin xilasına Prezidentin şəxsən müdaxiləsinə nə deyək? Yazıçılar Birliyinin saxlanılmasına hər il xeyli vəsait ayrılır. Hər il 50-dən çox yazıçıya təqaüdlər verilir və bunun müqabilində heç kəsin qarşısında siyasi öhdəlik qoyulmur. Bu, dəqiqdi. Deməli, biz yazar olaraq məntiqlə şəxsi mənafe baxımından bu hakimiyyətdən razı olmalıydıq axı. Üzümüzə xoş baxana xoş baxmalıydıq axı. Onun yanında olmalıydıq axı. Bəs niyə bunu etməmişik? Çünki şəxsi mənafedən baxmamışıq məsələyə. Bu ölkədə hansısa həmvətənimizin hansısa ağrısı varsa, ən azı, qəlbən həmin adamın yanında olmuşuq. Bəs “ağrısı olan həmin adam” özü kimdir? O adam ölkənin strateji yönünün incəliklərini vecinə almayan adamdır. O adam bu gün maaşı artırılanda höküməti sevən, sabah işıq pulu artırılanda höküməti söyən adamdır. Yanaşmalarda xeyli fərqlər var: tutalım, mən dünyəviliyi sevirəm, kimsə sevmir. Kiminsə Konstitusiyadan xəbəri yoxdur, mən bu Konstitusiya islahatlarının strategiyasının indiki reallığımızda düz olduğunu düşünürəm. Kimsə ideal demokratiya istəyir, mən ideal demokratiyanın bir Şərq ölkəsində arzuolunmaz fəsadlar verəcəyinə əminəm. Kimsə bu hakimiyyəti özünün siyasi rəqibi sanır, YAP-a hakimiyyət uğrunda mübarizə müstəvisindən yanaşır, mənsə bu siyasi rəqabət meydanında yoxam. Kimsə prezident seçkilərində bir müxalifət namizədinin “hakimiyyətə gəlsəm, maaşları üç dəfə artıracam” pafosunun dalınca canla-başla getməyə, amma başqa bir müxalifət qurumunun “bu, real deyil” analizinə görə ona düşmən kəsilməyə hazırdır, mənsə yox. Yəni mən bütün halların hamısında hakimiyyətə qarşı hamının sözçüsü ola bilmərəm. Adam isə tələb edir ki, sən mənim şairimsənsə, mənim bütün arzularımın tərənnümçüsü olmalısan. Bu, absurddur. Mən öz sözümü deməyə başlamalıyam, mənim öz həqiqətim var. Bundan sonra mən ancaq öz həqiqətimi ifadə edəcəm.

Üstəlik, adam şairi divara dirəyir ki, mənim yaşayışımla bağlı ictimai mövqe bildirməlisən. Adam deyir ki, mən siyasətçiyəmsə, sən də siyasətçi olmalısan. Və bunu təkidlə, hətta hədə intonasiyasında deyir. Az qala, deyir ki, şeir də yazma, ancaq siyasi bəyanatlar yaz. Az qala, deyir ki, bizim ölkənin sənətə ehtiyacı yoxdur, burda teatra, filormaniyayaya lüzum yox, biz Əfqanıstan qurmalıyıq burda, burda rəssamın fırçası nizəyə, şairin qələmi oxa çevrilməlidir. Adam həyətyanı sahəsindən bir kvadratmetr kəsilən zaman onun bu çəpər davasında iştirak etmədiyinə görə sənin bütün yaradıcılığının üstündən rahatca xətt çəkə bilir. Adam heç vaxt sənin yaradıcı həyat tərzindən gələn ağrılarının yanında deyil, amma istəyir ki, sən onun məişət ağrılarının, məişət arzularının yanında olasan, ancaq onun düşündüyünü deyəsən. Bəs mənə ən yaxşı halda nə etmək qalır? Pisə pis, yaxşıya yaxşı demək? Adam bunu da qəbul eləmir axı, öz siyasi dünagörüşünün xəncərinin küt tiyəsiylə meydanı iki yerə bölüb deyir ki, cızın üstdə dayanmaq olmaz.

Məncə, səhvimiz ordadır ki, biz bütün nəzərlərimizi təkcə hakimiyyətin üzərinə cəmləmişik, belə bir pozada dayanmışıq ki, sanki bütün zərərləri təkcə ondan gözləyirik. Bu halda toplumun dünya görüşündən gələsi təhlükələr nəzarətsiz qalıb. Bir dönüb arada səni daim güdən təfəkkürün arxanca hansı oxu hansı yaya qoyduğuna da baxmaq lazımdı. Özünü bu təfəkkürdən qorumaq lazımdı. Rafiq Tağını bir xurafatçı bıçaqlamışdı, amma buna qədər axı onu o qatilin əlinə cəmiyyətin düşüncə tərzi vermişdi. Bu dediklərim məsələnin şəxsi tərəfləridir. Mənim YAP-la bağlı qərarımı şərtləndirən ictimai motivin izahatı isə çox geniş söhbətdir, bu barədə ayrıca yazı yazacam.

– Amma deyəsən, bu niyyətiniz də tənqidə tuş gəldi...

Rüstəm İbrahimbəyov şəxsi umacağa görə YAP-dan küsüb başqa quruma keçəndə onu qəhrəman sayırıq, amma mən öz quruca həqiqətimlə YAP-a keçəndə “satqın” oluram.

– Mənə deyənlər var ki, sən YAP-a keçib “xalq şairi” olacaqsan, vəzifə alacaqsan, amma bil ki, biz hakimiyyətə gələndən sonra bizim düşmənimiz olacaqsan. Bunlar mənim boynuma “xalq şairi” adı umacağını, vəzifə iddiasını rahatca qoya bilirlər. Bu tərəfdən mənim haqqımda çox asanlıqla belə hökm çıxarırlar – prokuror da özləridi, şahid də, hakim də – o tərəfdən isə hakimləri saxta qərarlar çıxarmaqda ittiham edirlər. Bax, budur siyasi mədəniyyətimizin, tolerantlığımızın reallığı. Bu nə düşüncədi? Mənim şəxsi ideoloji seçimim haqda belə intonasiyada danışmaq ixtiyarını hardan alırlar bunlar?

Rüstəm İbrahimbəyov şəxsi umacağa görə YAP-dan küsüb başqa quruma keçəndə onu qəhrəman sayırıq, amma mən öz quruca həqiqətimlə YAP-a keçəndə “satqın” oluram. Məgər mən hakimiyyətlə düşməndim ki, səngərimi dəyişirəm?! Məgər YAP xalqın düşmənidir ki, ora keçmək satqınlıq hesab olunsun?! Yox, əgər belə hesab ediriksə, bu, çox təhlükəli yanaşmadı. Mən gəncliyimdə Ana Vətən Partiyasının sədrinin birinci müavini olmuşam.

Rüstəm İbrahimbəyov kitabının təqdimatında.

Rüstəm İbrahimbəyov kitabının təqdimatında.

Partiyadan, partiyanın sədrindən şəxsimə həmişə hörmət görmüşəm, hətta partiya qəlibində azad düşüncələrimə sayğı görmüşəm. Seçkilərin birində Heydər Əliyevin vəkili olmuşam. Səmimi danışaq, ən azı, orta səviyyədə bir iş problemi yox idi mənimçün. Ancaq fəal siyasətdə davam eləmək məni yaradıcılıqdan ayrı sala bilərdi. Təcrübədən bilirəm, hətta xırda dərəcəli məmur məşğuliyyətiylə şeir bir arada ola bilmir. Ona görə o vaxt da yaradıcılıqla məşğul olmaq yolunu seçdim. Yəni mənim YAP-a üzv olmaq niyyətimdə təmənna axtarmaq insafdan olmaz. Mən ədəbiyyat adamıyam, indiki halada YAP-a qəbul eləsələr, yenə yardıcılığımla məşğul olacam. Mən orada siravi bir üzv kimi olmaq istəyirəm.

– Sizcə insanların yazarın həyatına, qərarlarına birbaşa müdaxilə etməyi, onu ictimai məsələlərə münasibətsizlikdə qınamaları nə qədər düzgündür? Ümumiyyətlə bu sizi yaradıcılıqdan soyutmur ki?

– Mən başa düşürəm, tarixən yazı adamına, düşüncə adamına qarşı umacaq olub. Zatən biz bacardıqca bu səmimi umacağa adekvat olmağa çalışmışıq. Amma bu oxucu umacağı hikkəyə çevriləndə anlamaq olmur. Çünki, o təkcə sənin məişətini öz umacağına tabe elətdirməklə kifayətlənmir. Həm də sənin düşüncələrinin onunkuna oxşamasını istəyir. Paradoks da burdadır: bu tərəfdən səndən məhz düşüncə adamı olduğuna görə umurlar, o biri tərəfdən isə həmin düşüncənin məhz onlarınkına oxşamasını istəyirlər. Necə başa düşək?

– Sizcə 50-ci ilinizin şeiri hansıdır?

– Məncə, o şeiri bundan sonra yazacam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG