Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:36

Mədəniyyət bayağılaşması fırıldaqçılıq və korrupsiyaya meydan verir


Mario Vargas Llosa Nobel mükafatını alarkən.

Mario Vargas Llosa Nobel mükafatını alarkən.

-

Onun evinin girişində Manolo Valdes-in (ispan heykəltaraşı) heykəli var. Diqqətlə baxanda görünür ki, kiçik heykəlcik Duardo Chillida-ya məxsusdur. Birdən Mario Vargas Llosa-nın mənə tərəf gəldiyini görürəm. Onun üzünə baxanda elə bilirsən xoşbəxtliyin, ağılın, haqq-ədalətin olduğu bir dünyadan çıxıb gəlib.

Yazıçı elə bu günlərdə ildə bir dəfə mühazirə dediyi Prinston univerisitetindən qayıdıb. Llosa yaradıcılıq yoluna jurnalist kimi başlayıb və hələ də bu peşəyə sadiqdir. Məhz jurnalistika onun yaradıcı həyatına can verən mühit olub. Yeri gəlmişkən onun yeni əsəri “Ciddi qəhrəman” da jurnalist fəaliyyətinin nəticəsində ortaya çıxıb. Həmçinin o son 40 ildə İspaniya və Latın Amerikasındakı siyasi və ədəbi debatlarda iştirakını da jurnalistikaya borcludur. Liberal dünya görüşünün üzündən o bəzən axına qarşı da getməyə məcbur olub. Beləliklə Llosa "El Mundo" qəzetinə müsahibə verib.

- Siz artıq 50 ilə yaxındır ki, jurnalistikadan bir gün də ayrı düşməmisiniz. Deyəsən bu sizin ilk peşəniz olub.

- İlk dəfə jurnalistikayla 15 yaşımda yay tətilindəykən məşğul olmağa başlamışam. O vaxt atam “United Press”-ə bağlı olan “International New Service” adlı bir şirkətin rəhbəri idi. Bu şirkət Limada “La Cronica” qəzetini çıxardırdı. Günlərin bir günü atama dedim ki, ola bilsin jurnalist olmağa qərar verdim, nəsə ədəbiyyata bağlı olan bir peşə axtarıram və bu sözümdən sonra atam mənə yayda staj keçməyim üçün yer gəzməyə başladı. Bir də gördüm “La Cronica”nın redaksiyasındayam. Burda peşəmin ən dəyərli təcrübəsini toplamışam. Gündəlik həyat və hadisələr haqda yaza-yaza Limanı özüm üçün yenidən kəşf etmişəm. O gündən bu günə qəzetlərdə idman bölməsindən başqa bütün bölmələrdə işləyərək heç jurnalistikanın daşını atmamışam. Sonralar Limada “Panamerican Radio”da işlədim, bunun arxasıyca da altı il Parisdə, fransız televiziyasında çalışdım.

Buna da bax: "Mario Vargas Llosa'nın Nobel nitqi"

- Jurnalistika sizə yazıçılığın sərhəddlərini genişləndirməkdə kömək olubmu?

Mən masa arxasında asudəcə oturmağı sevirəm, jurnalistika da elə budur.

- Əlbəttə. Ədəbiyyat baxımdan bu ən dəyərli təcrübə idi. Yazdıqlarımın yarısından çoxu jurnalist fəaliyyətim zamanı gördüklərimdir. İnanın bu sənətin köməyilə o qədər insan görmüşəm, o qədər əhvalatlar eşitmişəm ki... Peşəm mənə yazıçı kimi istifadə etdiyim ən zəngin mənbələrə yol tapmağa yardımçı olub. Mən masa arxasında asudəcə oturmağı sevirəm, jurnalistika da elə budur. Sən gözlərinin önündəcə yaşanıb gedən müasir tarixi seyr edirsən. Qəzetləri oxumağı sevirəm. Müasir həyatı böyük maraqla izləyirəm, onun köməyilə öz içimə qapılıb qalmaqdan xilas oluram.

- Bu yolla həm də ictimai müzakirələrdə iştirak edirsiniz.

- Tamamilə doğrudur. Artıq illərdir müşahidələrimi, həyata baxışımı, tənqidlərimi ifadə etdiyim analitik məqalələr yazıram.

- Bir yandan da mövcud olan qəlibləşmiş düşüncələrə qarşı çıxırsınız.

- Hə belə görünür. Ancaq bu məni elə də narahat etmir. Ola bilsin gənclik illərimdə, düşüncələrimi ifadə edərkən rəqiblərimin əlinə girəvə verməmək üçün danışığıma maksimum diqqət edirdim. Amma müəyyən yaşa çatandan sonra bundan imtina etdim və indi sözümü deyərkən daha açıqfikirli olmağa çalışıram.

- Bu günki mürəkkəb məqamı jurnalistika yaxşı əks elətdirirmi?

- Məncə, qəzetlərin müəyyən qismi üzərlərinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gələ bilir, ancaq dərd orasındadır media orqanı varlığını sürdürmək üçün həmişə məşhurların həyatı haqda dedi-qodu, qalmaqallı əhvalatlar və bu cür “sarı mediya” məhsullarına ehtiyac duyur.

Buna da bax: "Yer üzündə zorakılığın birinci mənbəyi hər zaman din olub"

- Ancaq qəzet və kitabların çap variantları da oxucularını tamam itirib...

Əgər kitabların kağız versiyası satışdan yığışsa, onda planşetləri də televizorların taleyi gözləyir, yəqin ki, biz daha cazibadar vasitələrə keçəcəyik.

- Nə olsun ki, əvəzində qəzetlərin elektron versiyalarını oxuyanların sayı artıb. Kitabların kağız formatı isə elekton kitabların öhdəsindən gələ bilmədiyi funskiyanı yerinə yetirir. Kitabla elektron versiyasını yarışdırmaq lazım deyil. Əgər kitabların kağız versiyası satışdan yığışsa, onda planşetləri də televizorların taleyi gözləyir, yəqin ki, biz daha cazibadar vasitələrə keçəcəyik, amma daha bəsit ədəbiyyat oxumağa başlayacağıq. Bax onda təkcə intellkual zövqdən deyil, həm də tənqidi təfəkkürdən məhrum olacağıq. Sırf əyləncəyə xidmət edən sənət (mənim buna heç bir etirazım yoxdur) tənqidi təfəkkürü inkişaf etdirmir və cəmiyyətə problematik bir obyekt kimi baxmağa imkan vermir. Bu bir növ təsiri ötüb keçən tiryək kimidir.

- Sizcə, bu dəqiqə İspaniyanın qarşısında hansı kəskin problemlər dayanır?

- Birinci sırada millətçilik və bunun ardınca işsizlik. Özü də ilk növbədə bütün İspaniyaya və Kataloniyaya təhdid olan kataloniya millətçiliyi. Digər tərəfdən bask millətçiliyi nə qədər kəskin olsa da onu kataloniya millətçili ilə müqaisə etməzdim.

- Bəs bu mövzuda ziyalılıarın ağzına su alıb oturması nəzərə çarpmırmı?

Sartre Parisdə bir qrup solçu elm adamları ilə görüşür.

Sartre Parisdə bir qrup solçu elm adamları ilə görüşür.

- Bəzən ziyalılar sussa yaxşıdır. Soyuq müharibə illərində Stalin-in, Mao-nun müdafiəsinə qalxmış ziyalıları göz önünə gətirmək bəs edər... Özü də söhbət hansısa dağ kəndinin sakinindən deyil, antikommunistləri it adlandıran, Sovet İttifaqında söz azadlığının tam olduğunu iddia edən Sartre-dən gedir. Hələ Moravia ya da Elio Vittorini-ni demirəm. Onlar hamısı dövrlərinin ən ağıllı və mədəni adamları idilər, di gəl ki, demokratiya və azadlığı boğan, dünyanın ən pis rejimlərini müdafiə edirdilər. Bunun da bir əvəzi vardı ki, ödədilər.

- İndiki dövrün narahatlıq doğuran daha bir xarakterik tərəfi mədəniyyətin bayağılaşmasıdır. Siz bunu sonuncu “Hər kəsin öz rolunu oynadığı cəmiyyət” adlı oçerkinizdə qabardıbsınız.

- Elədir ki var. Bu da müasir cəmiyyətin böhran səbəblərindən biridir. Mədəniyyət ancaq əyləncəyə xidmət edəndə tənqidi ruhunu tamamilə itirir. Onda “kimsə oğurlayırsa, hamı oğurlaya bilər” kimi bir həyasız prinsip üzə çıxır. Bu prinsip vətəndaşdan həyati məsələlərdə fəallıq gözləyən demokratik sistemi məhvə aprır, vətəndaş həyatının daha yaxşı olmasına can atmamağa başlayır. Ən dəhşətlisi odur ki, mədəniyyət bayağılaşdıqca cəmiyyət fırıldaqçıları, korrupsionerləri qınamamağa başlayır, onlara meydan verir. Nə qınamamaq, hələ bəzən onları zamanın nəbzini tutmuş, qoçaq adamlar da hesab edirlər. Və bu normaya çevrilir. Vətəndaşın mənəvi dəyərlər sistemi, əxlaq hissi və estetik dünya görüşü tamam süquta uğrasa, biz əlimizdə qalanlarla kifayətlənməli olacağıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG