Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 01:59

-

İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyət göstəriciləri normadadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) avqustun 24-də yayılan məlumatında belə deyilir.

Nazirlik açıqlamasında suyun keyfiyyəti ilə bağlı narahatlığa gərək olmadığını ifadə edir.

Açıqlamada bildirilir ki, nazirliyin mütəxəssisləri Girdimançayda suyun keyfiyyətini monitorinq edib. Monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb, laboratoriyada analiz edilib.

“Analizin nəticələrinə görə, çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib. Suyun keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb”, açıqlamada bildirilir.

Nazirliyin mütəxəssislərinin rəyinə görə, Girdimançayda müşahidə olunan qoxu, eləcə də suyun rənginin dəyişməsi mövsümlə əlaqədardır.

“Hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına şərait yaradıb. Bu suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq”, nazirliyin açıqlamasında qeyd edilib.

Yerli media bir neçə gün idi ki, Girdmançayda təhlükəli durumun yaranmasından bəhs edirdi. “Yeni Müsavat” qəzetində dərc edilən yazıda qeyd edilirdi ki, bu çayın suyu naməlum səbəb üzündən yaşıl rəngə boyanıb. Suyun dadının, rənginin dəyişməsinə, ondan qeyri-adi qoxu gəlməsinə səbəb kimi çaya çirkli maddələrin axıdılması göstərilirdi.

Son günlər həmçinin, İsmayıllı rayonunun Gəraybəyli kəndində 15-ə yaxın insanda mədə-bağırsaq probleminin yarandığı, vətəndaşların işləmə-qusma üzündən həkimlərə müraciət etdiyi bildirilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG