Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:55

İrana 400 milyonluq girovpulu söhbəti necə yarandı


Dollar
Dollar

«Birincisi, onu bilmək lazımdır ki, Obama administrasiyası üç amerikalı məhbusun buraxılmasından ötrü 400 milyon dolları girovpulu kimi ödəməyib. Bu əhvalatı tənqidçilər İran nüvə sazişini gözdən salmaqdan ötrü uydurublar. Elə bir sazişi ki, İranı nüvə silahı hazırlamağa doğru aparan proqramı dayandırmış oldu».

Bunu «The New York Times» qəzeti redaksiya məqaləsində yazır.

Qəzetin yazdığına görə, administrasiya həmin ödənişi ona görə yubadıb ki, birdən İran üç məhbusu buraxmağa dair vədini yerinə yetirməz. Onlar «The Washington Post» qəzetinin jurnalisti, bir veteran dəniz piyadaçısı və xristian keşiş idi. «Bu, kapitulyasiya deyil, praqmatik diplomatiya idi», - məqalədə vurğulanır.

İRANA BORCPULU

Hər şey belə başlayıb. «The Wall Street Journal» yazıb ki, Birləşmiş Ştatlar İrana 400 milyon dollar nağd pulu məhbuslar buraxılandan sonra verib. «Amma əslində hadisə bu cür olub: Prezident Obama yanvarda 400 milyon dollarlıq ödəniş və amerikalıların buraxılması barədə eyni vaxtda açıqlama verib. Həmin gün nüvə sazişinin də icrası başlanmışdı. Bu məbləğ başqa bir danışığın bir hissəsiydi, ABŞ-ın 1979-cu il İslam İnqilabından bəri İrana borcu vardı. O zaman Vaşinqton İranın ABŞ-dakı pullarını dondurdu. Tehranın ödənişini etdiyi, şah devriləndən sonra ABŞ-ın ona vermədiyi hərbi avadanlığın pulu da oraya daxil idi. 1981-ci ildə tərəflər məsələnin Haaqa məhkəməsində baxılmasına razılaşıb».

Qəzetin yazdığına görə, nüvə sazişi üzrə danışıqlar başlayanda, bu məsələ də gündəmə gəlib. Administrasiya Haaqa məhkəməsində uduzacağını anlayıb. Axı 400 milyon dollardan savayı, İran milyardlar dollar faiz də istəyirdi.

400 MİLYON DOLLAR +1.7 MİLYARDLIQ FAİZ

Həm də ABŞ İrana hüquqi müstəvidə uduzacaq yeganə ölkə deyildi. Bu ayın əvvəlində İsveçrə Ali Məhkəməsi qərar çıxarıb ki, İsrail İrana 1.1 milyard dollar üstəgəl faiz ödəməlidir. Tərəflərin mübahisəsi 1960-cı illərdə çəkilmiş neft kəməri üstündəydi. ABŞ isə İrana 400 milyon dollar üstəgəl 1.7 milyard dollarlıq faiz ödəməyə razılaşıb və bu da İranın tələb etdiyindən qat-qat azdır. «Bu, İranın puluydu, ya danışıqlar, ya da arbitraj yoluyla İran onu geri alacaqdı», - qəzet yazır.

«Administrasiyanın səhvi ondadır ki, məhbusların necə buraxılması barədə daha artıq şəffaf ola bilərdi. Administrasiya pulu versəydi, məhbuslar isə evlərinə dönməsəydilər, tənqidçilər onda nə deyəcəkdilər? İranı suçlamağa çox səbəb var, Suriya prezidenti Bashar al-Assad-ın qəddar vətəndaş müharibəsinə dəstəyindən tutmuş, «Hizbullah» qruplaşmasına yardımına, İsrailə nifrətinə, insan haqları pozuntularına qədər. Amma tarix xeyli sayda başqa nümunələrlə doludur – Amerika prezidentləri ölkənin milli maraqları naminə etibar etmədikləri hökumətlərlə işləyiblər. Bu da onlardan biridir», - «The New York Times» yazır.

XS
SM
MD
LG