Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Məhkəmədə mərhum dostunun ailəsindən zamanında sələmə verdiyi pulu və faizini tələb edən deputat Rüfət Quliyevin iddiasına baxan hakim dəyişdirilib. Bu barədə Səbail Rayon Məhkəməsinin sədri qərar verib.

Deputatın mərhum dostu Namiq Səfərovun həyat yoldaşı Nuranə Səfərovaya qarşı iddiasına ötən ilin noyabrından bəri Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyev baxırdı. Lakin ötən məhkəmə iclasında cavabdehin vəkili Ceyhun Yusifov adıçəkilən hakimin bu işə obyektiv baxmadığını, deputatın maraqlarını müdafiə etdiyini və prosesi aylardır uzatdığını əsas gətirərək, iddiaya onun sədrliyilə baxılmasına etiraz edib.

Vəkil etirazını əsaslandırarkən qeyd edib ki, Zaur Əliyev qanunsuz olaraq, deputatın istəyilə Nuranə Səfərova və övladlarının əmlakının üzərinə həbs qoyulması barədə qərardad çıxarıb.

Etiraza məhkəmənin sədri baxıb və qərar verib. Avqustun 23-də keçirilən məhkəmə iclasında Zaur Əliyev etirazın təmin edildiyini, işin ondan alınıb hakim Azər Tağıyevin icraatına verildiyini elan edib. Deputatın iddiası üzrə məhkəmə iclası avqustun 30-na təyin olunub.

Xatırladaq ki, deputat Rüfət Quliyev mərhum dostu Namiq Səfərova 2011-ci ildə müqavilə əsasında 8-10 faizlə 81 min 850 dollar borc verdiyini bildirir və məhkəmədə həmin pulu, eləcə də 2015-ci ilin fevralına qədər yığılmış faiz olaraq, 246 min 800 dolları (ümumilikdə 328 min 650 dollar) tələb edir.

Nuranə Səfərova isə həyat yoldaşının kimsəyə borcu olmadığını bildirir və öhdəlik müqaviləsinin də saxta olduğunu düşünür.

Günün bütün mövzuları

XS
SM
MD
LG