Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Ruhi xəstəxanada çəkilmiş bu film hüquqları boğulan cəmiyyətdən bəhs edir


"Qu quşu yuvası üzərindən uçarkən" filmindən kadr.
"Qu quşu yuvası üzərindən uçarkən" filmindən kadr.

-

“Qu quşu yuvası üzərindən uçarkən” filminin premyerası 1975-ci ilin 19 noyabrında Çikaqoda keçirilən kinofestivalda baş tutub. Çexoslovakiyalı mühacir rejissor Milos Formanın bu əsəri dünya kino tarixində beş əsas nominasiyada Oskar qazanmış ikinci filmdi. Təkcə “Oskar” yox. “Qu quşu yuvası üzərindən uçarkən ” həm də beş “Qızıl Qlobus” qazanmışdı – bu da kino tarixində bir ilk idi. Oxu Zalı bu əfsanəvi film haqda məqaləni təqdim edir.

Tənha qəhrəmanın bir cəmiyyətin azadlığı uğrunda mübarizəsi

"Ququ quşu yuvası üzərindən uçarkən" filmindən bir kadr.
"Ququ quşu yuvası üzərindən uçarkən" filmindən bir kadr.

Ruhi xəstəxanada baş verən faciəvi hadisələrdən danışan “Qu quşu yuvası üzərindən uçarkən” filmi, demək olar ki, əvvəldən axıra qədər Oreqon ştatında yerləşən klinikanın ruhi xəstələr üçün şöbəsində çəkilib. Film ekranlara çıxdığı andan tənqidçilərin müsbət rəylərini və milyonlarla tamaşaçının sevgisini qazanıb, təkcə Amerika prokatında 100 milyon dollardan çox gəlir gətirib.

Rejissorun ustalığını, aktyor oyununu yüksək qiymətləndirən kinotənqidçilər “Qu quşu yuvası üzərindən uçarkən” filmini 70-ci illər Amerika kinematoqrafiyasında “yeni dalğanın” ən vacib hadisələrindən biri adlandırmışdılar.

Buna da bax: "Gənc rejissor az büdcəylə film çəkməyin çətinliyindən danışır"

Filmdə hadisələr 1963-cü ildə baş verir. Dustaq Rendl Patrik Makmerfini (Jack Nicholson) müayinə məqsədilə adi həbsxana kamerasından psixiatrik xəstəxanaya köçürürlər. Makmerfi şöbəyə ayaq basdığı andan baş tibb bacısı, despotik Mildred Retçed (Louise Fletcher) tərəfindən yaradılmış ağır qaydaların içinə düşür. Şöbədə üzləşdiyi sərt münasibət, məhdudiyyətlər, qrup terapiyası seansları zamanı tibb bacısının xəstələrin şəxsi həyatına müdaxiləsi qətiyyən Rendlin xoşuna gəlmir. O, personalla mübahisə eləməyə, dalaşmağa başlayır, şöbədə digər xəstələrlə qumar oynamaq üçün gizli yer tapır, televizorda Dünya Seriyasına baxmaq imkanı qazanmaq üçün xəstələri səsvermə keçirməyə təşviq eləyir. Xəstəxanada hökm sürən “harmoniya”nı pozmaqdan ötrü icazəsiz gəzintiyə çıxır, bir dəstə pasientlə birlikdə balıq tutmağa yollanır. Belə provokativ hərəkətdən sonra konsilium çağıran həkimlər qərar gəlirlər ki, Makmerfi adi simulyantdı, özünü dəliliyə vurub, buna görə də onu cəzasını çəkmək üçün həbsxanaya geri göndərmək lazımdı. Yalnız tibb bacısı Retçed, Rendlın xəstəxanada qalması üçün təkid eləyir. Nəticədə məcburi müalicə almalı olan Makmerfi öyrənir ki, şöbədəki xəstələrin əksəriyyəti orda könüllü qalırlar, tibb bacısının sarsılmaz avtoritetini azaltmaq cəhdləri isə əbəsdi.

Makmerfiyə amansız cəza verilir – ona lobotomiya tətbiq olunur. Hamının lal-kar hesab elədiyi Başçı ləqəbli, cüssəli hindu pasient, Rendli xilas etmək qərarına gəlir və... onu öldürür. Sonra da klinikadan qaçır.

"Qu quşu yuvası üzərindən uçarkən" filmindən bir kadr.
"Qu quşu yuvası üzərindən uçarkən" filmindən bir kadr.

“Qu quşu yuvası üzərindən uçarkən” filmi Ken Kesey-in eyniadlı romanının motivləri əsasında çəkilib. Roman 1962-ci ildə işıq üzü görüb və dərhal ABŞ-da bestseller olub. Amerika beat nəslinin manifestinə çevrilən bu əsər 1975-ci ildə ABŞ-da 20 dəfədən çox təkrar nəşr olunub. Amerikalı aktyor və prodüser Kirk Douglas (“Spartak”) ilk nəşrindən sonra kino və teatrda quruluş verməkdən ötrü əsərin bütün haqlarını 47 min dollar müqabilində satın alıb. Romanın səhnə versiyasını Dale Wasserman yazıb və pyes, 1963-cü ildə Brodveydə “Cort” teatrında səhnəyə qoyulub. Səhnə variantında Makmerfi obrazını Kirk Douglas özü canlandırıb. Lakin tamaşa teatr tənqidçiləri və jurnalistlər tərəfindən soyuq qarşılanıb və cəmi bir neçə ay repertuarda qalıb.

Bir ildən sonra dövlət departamentinin tapşırığı ilə Çexoslovakiyaya yollanan Douglas orda gənc və istedadlı rejissor Milos Formanla tanış olur. Sonralar rejissor istehza ilə xatırlayırdı ki, yaxşı reputasiya sahibi, peşəkar olduğuna, ən əsası isə xidmətləri qarşılığında son dərəcə az qonorar istədiyinə görə onu seçmişdilər.

Buna da bax: "Özünü Kubrick kimi təqdim edən fırıldaqçı 10 il hamını aldadıb"

Çəkilişlərə hazırlaşarkən Milos Forman qərar gəlir ki, hadisələrin inandırıcı alınması üçün film həqiqi psixiatrik xəstəxanada çəkilməlidi. Rejissor və prodüserlər ABŞ ərazisindəki bir neçə klinikanı araşdırırlar və Oreqon ştatındakı Seylem klinikasını seçirlər. Orda həkimlərin bir çoxu Kesey-nin romanını oxumuşdu, çünki yazıçı yaxınlıqda yaşayırdı və şəhərciyin sakinləri onu yaxşı tanıyırdılar.

"Ququ quşu yuvası üzərindən uçarkən" filminin çəkildiyi ABŞ-ın Oregon şəhərindəki psixatrik xəstəxana.
"Ququ quşu yuvası üzərindən uçarkən" filminin çəkildiyi ABŞ-ın Oregon şəhərindəki psixatrik xəstəxana.

İki həftəlik məşqlər zamanı rola hazırlaşan aktyorlar müalicə şöbəsindən çıxmır, pasientlər və həkimlərlə ünsiyyətdə olur, qrup terapiyası seanslarında iştirak edir, hətta yeməklərini də xəstələrlə birlikdə yeyirdilər. Çəkilişlərə hamıdan sonra gələn Jack Nicholson “aktyorlar öz personajlarını o qədər mənisəmişdilər ki, kimin xəstə, kimin aktyor olduğunu ilk baxışda anlaya bilmirdim” deyirdi.

Filmdə süjetin əsas motivi çürümüş idarəetmə sistemi ilə tənha qəhrəmanın açıq konfliktidi. Makmerfi obrazı 60-cı illər tələbə etirazlarının vüsət aldığı dövrdə Amerikanın üsyankar və azadlıqsevər ruhunu ehtiva eləyirdi. Forman individuumla sosiumun, zahiri qaydalarla daxili azadlığın qarşıdurmasının klassik və romantik kolloziyasında yeni anlamlar, yeni çalarlar tapmağa nail olmuşdu. Cəmiyyətin amansız qanunlarına uyğun olaraq ordan qovulmuş, reallıqdan qaçan- eskapist qəhrəman, məhz, psixiatrik xəstəxanada mənəvi rahatlıq, öz azadlığını kənar müdaxilələrdən qoruyacağı sığınacaq tapa bilərdi. Ancaq təəssüf ki, “kollektiv dəlilik” burda da onu izləyir.

Hərçənd baş qəhrəman digər pasientləri kiçikçaplı qiyama sövq eləməyi bacarır, lakin atası haqqında danışan Başçı “onlar onun üzərində işləmişdilər, səninlə də elə olacaq” deyərək Makmerfiyə əbəs yerə xəbərdarlıq etmir.

Filmin faciəvi finalı labüd bir nəticəni əsk etdirir – sistem, tənha qəhrəmanların istənilən müqavimət cəhdini dəf edir.

Filmdən sitatlar:

- Ünsiyyət müalicəvi təsir eləyir. İnsan tənha qalanda yadlıq hissi güclənir..

- Əgər kimsə tək qalmaq istəyirsə, deməli, o xəstədi?

- Siz hər gün ağır, dözülməz həyat sürdüyünüzdən şikayətlənirsiniz, ancaq hər şeyi dəyişmək, burdan qurtulmaq üçün heç nə eləmirsiniz.

- Xilas olmaq üçün sadəcə hərəkətə başlamaq lazımdı.

Mariya Molchanova

Diletant.media

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG