Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:25

Türkiyə jurnalistləri xaricdən sığınacaq istəyir


Can Dündar
Can Dündar

«Newsweek» dərgisində Alev Scott Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra xarici ölkələrə üz tutan jurnalistlərdən yazır. Hökumət 131 media orqanını qapadıb. Onlar ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-lə əlaqələri olmaqda şübhəli bilinir.

«Cumhuriyet» qəzetinin redaktorluğundan avqustun 16-da istefa vermiş Can Dündar Avropadakı yeni evindən müəllifə danışıb. Jurnalist qaldığı şəhərin adını açıqlamır. Ona mayda 6 illik həbs cəzası kəsilmişdi, dövlət sirrini yaymaqda təqsirli bilinirdi. Sonra hökmdən apellyasiya şikayəti verildi. O, xaricə səfərə çıxanda, vəkilləri ona tövsiyə edib ki, ölkəyə qayıtmasın.

ÇEVRİLİŞLƏ POLİS DÖVLƏTİNİN NƏ FƏRQİ VAR?

Dündar deyir ki, Türkiyədə məhkəmələr daha müstəqil deyil və prezident Recep Tayyip Erdoğan-ın alətinə çevrilib. «Mən əlavə ittihamlarla həbs olunacaq jurnalistlərin siyahısının başında gəlirəm. Hətta ölüm cəzası da kəsilə bilər».

Qeyd edək ki, 15 iyul çevriliş cəhdindən sonra Erdoğan ölüm cəzasının yenidən tətbiqinə dəstəyini bildirib.

Buna da bax-Gülen tərəfdarlarının yuxusuz gecələri

Çevriliş cəhdindən sonra dövlətə məxsus «TRT World» televiziyasında çalışan bir neçə xarici jurnalist istefa verib. Anonim qalmaq istəyən biri deyir: «Ona görə çıxdım ki, daha Türkiyə barədə obyektiv nəsə yazmaq mümkün olmayacaqdı». Amma «TRT World»dan «Newsweek»ə bildiriblər ki, «son hadisələri tam şəffaflığıyla dünyaya çatdırmaqda davam edirlər».

Türkiyədə əhalinin böyük hissəsi çevriliş cəhdinin alınmamasından məmnundur. Amma hökumətin tənqidçiləri ehtiyatlanırlar ki, Erdoğan bundan narazıları sıxışdırmaq məqsədilə yararlanacaq. Dündar deyir ki, Erdoğan hərbi müdaxilədən hakimiyyətini gücləndirməyə bəhanə kimi istifadə etdi: «Hərbi çevrilişlə polis dövlətinin fərqi nədir? Bizim üçün hər ikisi təxminən eynidir».

R.T.Erdoğan və Joe Biden
R.T.Erdoğan və Joe Biden

BIDEN ERDOĞAN-A MƏSLƏHƏT VERSİN

«Bu həftə vitse-prezident Joe Biden Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğan-la görüşəcək. Biden-ə maksimum səbir gərəkəcək, inandırma bacarığına əl atmalı olacaq. 15 iyul çevriliş cəhdindən sonra nəhəng kütlə demokratiyanı müdafiə məqsədilə küçələrə çıxıb. Cənab Erdoğan bundan sonra düşmən elan etdiyi şəxslərə qarşı təzyiq kampaniyasına başlayıb. Cənab Biden Türkiyə prezidentinə sərt məsləhət verməlidir». Bunu «The Washington Post» qəzeti redaksiya məqaləsində yazır.

Yazıda vurğulanır ki, cənab Biden bir daha Erdoğan-ı iki ölkənin vacib maraqları paylaşmasından əmin etməlidir. Türkiyə NATO-nun üzvüdür, hər iki ölkə «İslam Dövləti» (İŞİD) qruplaşmasıyla savaşır və s.

Buna da bax-'Gülençi' hesab olundun, paxlavan da müsadirə olunacaq...

«Amma Erdoğan, ola bilsin, Biden-in bundan sonra deməli olduqlarını eşitmək istəməsin. 240-dan çox adamın həlak olduğu çevriliş cəhdini Erdoğan-ın avtoritarizmə meyllənməsindən narazı zabitlər və digərlərinin koalisiyası həyata keçirib. Küçələrə əhalinin axını isə yırtılmaqda olan demokratiyaya xalqın inamının hələ də qalmasının göstəricisidir. Lakin o vaxtdan Erdoğan-ın hərəkətləri demokratiyaya və hüququn aliliyinə ciddi ziyan vurub», - qəzet yazır.

GƏLƏCƏK QARANLIQ GÖRÜNÜR

Çevriliş cəhdinə görə ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i suçlayan hakimiyyət gülençilərə hücuma keçib. Gülen-ə bağlı 4 min 200-dən artıq şirkət və müəssisə qapadılıb, 40 min nəfər saxlanıb, 80 minə yaxın insan işdən çıxarılıb. Erdoğan ABŞ-dan Gülen-in ekstradisiyasını tələb edir.

«Cənab Biden ev sahibinə açıq deməlidir ki, çevriliş cəhdinin arxasında Birləşmiş Ştatlar dayanmır və Gülen-i də əcinnə ovuna qurban verən deyil. Erdoğan bunu eşitmək istəməyəcək, amma ona xatırlatmaq lazımdır ki, hüququn aliliyinin məhvi Türkiyənin gələcəyini kölgələyir. Cənab Erdoğan indi kütlə içində həzz ala bilər, amma çevriliş cəhdindən mediaya, akademiklərə, digər müstəqil səslərə təzyiqlərdən ötrü bəhanə kimi istifadə uzunmüddətli perspektivdə milləti gücləndirməyəcək».

XS
SM
MD
LG