Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:52

12 nəfərlik ailə küçədə qalıb


Sökülmüş Sovetski
Sökülmüş Sovetski

►Ailənin çadır qurub yaşamaqdan başqa çarəsi qalmayıb

Müəllimə: “Çadırdan çıxıb məktəbə getməliyəm”

“3 mərtəbəli mülkümüzü başımıza uçurdular, bir anda 12 nəfəri çölə atdılar”.

Küçədə qalan Şəhla Atakişiyeva və ailəsidir. O, özünü “Sovetski” söküntüsünün zərərçəkənlərindən hesab edir.

Deməsinə görə, bu il iyulun 24-də Zərgərpalan küçəsi, dalan 7, ev 2 ünvanında 1905-ci ildə inşa olunmuş və ulu babasından qalan 3 mərtəbəli mülk alqı-satqı edilmədən, məhkəmə qətnaməsi olmadan dağıdılıb.

“QANUNLARIN BİR QƏPİK DƏYƏRİ YOXDURSA...”

Şəhla xanımın baş verənlər barədə AzadlıqRadiosunun “Qaynar xətt”inə yazıb göndərdiyi məktubunun tən yarısını mülkiyyət hüquqları ilə bağlı qanunlardan çıxarışlar tutur.

Amma Konstitusiyadan, Mülki Məcəllədən məktuba köçürdüyü bu çoxsaylı maddələr onun mülkiyyət hüquqlarını əlində saxlamasına kömək edə bilməyib. 3 mərtəbəli rahat ev- eşikdən sonra onu və ailəsini küçə həyatı qarşılayıb. Ev sökülərkən Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyaclarının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” qərarı əsas gətirilib.

Şəhla xanım kompensasiya ilə bağlı tələbini bu il avqustun 11-də Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, Yasamal rayon İcra Hakimiyyətində yaradılmış köçürmə komissiyasına təqdim edib:

“Onlarla söhbətləşərkən tələbin qanunauyğun olduğunu inkar etmirlər. Ancaq cavaba gələndə deyirlər ki, “biz göstərişlə işləyirik”. Əgər bu qanun və fərmanların bir qəpik dəyəri yoxdursa, niyə əziyyət çəkib onları imzalayırlar?”

Şəhla xanıma görə, təklif olunan kompensasiyanın məbləği 3 mərtəbəli mülkə görə çox azdır, həmin məbləğlə yaxın ərazidə mənzil almaq mümkün deyil.

Buna da bax: 'Hər işim qanunidirsə, 'şirinliyi' niyə verməliyəm?'

“BİRCƏ KİBRİT ÇÖPÜ DƏ GÖTÜRƏ BİLMƏYİBLƏR”

Eyni küçənin sakini Səadət Baxşəliyeva da qonşusu kimi getməyə yeri olmadığını deyir. 110 yaşı olan ikimərtəbəli ev sökülsə də, kompensasiya yalnız bir mərtəbəyə görə hesablanıb. Yardımçı sahələrsə, ümumiyyətlə, hesablanmayıb. Evdən bircə kibrit çöpü də götürə bilməyiblər. Ailə üzvləri ağır texnikalar işə düşənədək və mülk tamamilə dağılanadək müqavimət göstəriblər. Səadət xanım nə vaxtsa belə bir duruma düşəcəklərini ağlına da gətirməyib. O, yaşı 100-ü ötmüş binaların abidə kimi qorunub saxlanacağını düşünürmüş:

“Özüm orta məktəbdə müəllimə işləyirəm. Gah sıxdılar, hədələdilər ki, “özünü işdən çıxartdırarıq”, gah dedilər, “oğlunu tutdurarıq”. Yoldaşım hər dəfə qapıya dirənən traktorların qarşısını kəsə-kəsə iki dəfə infarkt keçirtdi. “Sovetski”də evini səssiz-səmirsiz verənlərin çoxu mənim kimi büdcə təşkilatlarında işləyənlərdir. Qorxularından cınqırlarını da çıxartmadılar. Deməli, belə çıxır ki, mən 200 manatlıq işimi itirməmək üçün ikimərtəbəli mülkümü bunlara bağışlamalıyam. Sabah da bu boyda külfətlə küçədə çadır qurub yaşamalıyam. Çadırdan çıxıb məktəbə dərs deməyə getməliyəm. Yəni çadırdan çıxıb işə gedən müəllim... Sizcə, mən bundan sonra şagirdlərimə hansı çiçəklənmədən, inkişafdan danışa bilərəm?”

“HEÇ BİR EVİN ƏŞYASINA TOXUNULMUR”

Yasamal rayon icra hakimiyyəti şikayətləri əsassız sayır. Qurumdan “Qaynar xətt”ə bildirilib ki, sakinlərin kompensasiyanın azlığından gileylənməsi düzgün deyil. Kompensasiyanın məbləğini Nazirlər Kabineti müəyyən edib:

“Mənzil sahiblərinə dəfələrlə xəbərdarlıq olunub, kommunal xətlər kəsilib. Artıq ev sahibi bilirdi ki, əşyalarını yığışdırıb getməlidir. Çox hallarda hətta bizim əməkdaşlar da onlara əşyaların daşınmasında yardım etmək istəyirlər, ancaq imkan vermirlər. Sonra da deyirlər ki, “əşyalarımız dağıdıldı”. Heç bir evin əşyasına toxunulmur. Bu, bir dövlət layihəsidir və söküntü bir neçə ay ərzində başa çatmalıdır”.

Qurum təklif edir ki, narazı vətəndaş məhkəməyə müraciət etsin.

Hüquqşünas Vaqif Alıyev məhkəmə qərarı olmadan, vətəndaşın razılığı alınmadan əmlakının sökülməsini “qanunazidd” adlandırır. “Bu, vətəndaşın mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır”, – hüquqşünas bildirir.

XS
SM
MD
LG